Kəsilən ağacların sirri

kesilen-agaclarin-sirri
Oxunma sayı: 2347

Azər Qismət

Əvvəl elə düşündüm ki, masadaklı dörd nəfərin gərgin söhbəti dövrdən, problemlərdəndir. Ya da təşkilat yaradıb Dağlıq Qarabağ münaqişəsində haqlı olduğumuzu dünyaya sübut etməkdir. Sən demə, bu, əməlli-başlı Nikey yığıncağı imiş. Amma üzlərdəki zəhrimardan dolayı heç bir nur işığı görmədim. 

Leonardo da Vinçinin “Sirli axşam” rəsm əsərindəki İsa peyğəmbərlə apostolların ruhu da görünmürdü. Söhbət nə Ponti Pilatdan, nə satqın İudadan, nə də Mariya Maqdalinadan gedirdi. Məsələ bir ağacın başında dolanırdı. Duyulan gərginlik, siqaretlərin tüstüsünün sardığı məclisin əsas qayəsi bir ağacdan imiş.

Deməli, təxminən 40 yaşlı oğlan paytaxtda boş yer görüb. İcra hakimiyyətinə müraciət edib ki, həmin sahəni adına rəsmiləşdirsin, orada tikinti materialları mağazası tiksin. İcra hakimiyyəti əvvəlcə razılaşıb, sonra işlər uzanıb. Ticarətçi quruma yaxınlaşıb səbəbini soruşanda ona deyiblər ki, bir küknar ağacı işləri korlayır. “Məgər, bir ağaca görə sərəncamı gecikdirmək olar?” – deyə oğlan hirslənib. Ona anladıblar ki, ərazi ilə üzbəüz binada bir qadın yaşayır və həmin ağacın kəsilməsinə etirazını bildirir: “Qadınla razılaşsan, sənədləri qaydasına salarıq”. Oğlan 10 min manat təklif  edib. Pıçıldayıblar ki, “əvvəlki vaxt olsaydı, düzüb qoşardıq, indi ağac məsələsinin üstünə yaman düşüblər, apar bu puldan həmin arvada ver ağzını yumsun. Yəqin, pula görə belə edir”. Oğlan həmin qadının ünvanına yollanıb. Məramını deyəndə təqaüdçü qadın hirslənib qapıdan qovub. Oğlan qonşu vasitəsilə qadına 1 000 manat göndərib, razılaşmayıb. Məsləhət görüblər ki, yəqin az olub, üstünə 2 000 manat da qoy. Qadın yenə razılaşmayıb. Ayağını bir başmağa dirəyib ki, ağac yerində qalacaq.  Hələ xəbərdarlıq notası da verib: əgər ağac kəsilsə, məktubu məktub dalınca yazacağam. 

Masada oturanlar ağacı necə kəsməyin yolunu arayırdılar. Saçı düm ağ ağsaqqal kişi məsləhət gördü ki, gecə vaxtı ora yaxınlaşıb ağacı kəsək, qadın heç vaxt sübut edə bilməyəcək. Deyərik ki, ərazidə əvvəldən ağac olmayıb. Alınmadı. Məlum oldu ki, qadın nəvəsinə ərazinin fotolarını çəkdirib. Bu yerdə təqaüdçü qadının arxasınca iyrənc söyüşlər eşidildi. Ofisianta bir çaydan da çay gətirməyi sifariş etdilər, 40 yaşlı ticarətçi gedib şirniyyat aldı ki, şirin şey beyinləri açsın, təzə ideyalar gəlsin. Marçamarçla yeyib qadının qarasınca deyinirdilər. Deyəsən, şirniyyat ideya gətirməyə başladı.

Biri dedi ki, qadının nəvəsi ilə danış, 500 manat ver, fotoları silsin. Başqası nırçıldadı ki, elə qadının nəvəsi özünə oxşayar. Çətin bu işə razılaşsın. Digəri bildirdi ki, pulun qarşılığında razılaşacaq. Nə isə, bu fikirdən daşındılar. İçlərində qalstuk taxan kişi bayaqdan söhbətə qoşulmadığından düşündüm ki, görünür bu söhbətdən iyrənir. Ancaq ağzını yaman pis açdı. Yaxşı deyiblər ki, sakt adam ən qorxuludur. Onun təklifi digərlərinin ağlına batdı. Qalstuk taxan kişi dedi ki, ağacın dibinə benzin tökmək lazımdır. Ağac öz-özünə quruyacaq. Əvvəlcə, bu işi bəyəndilər, hətta stəkanına çay da süzdülər, kürəyinə ərkyana şappıldatdılar. Ancaq ticarətə yenicə başlayan oğlan mızıldadı ki, qadın ağacın qurumağından şübhələnəcək, yaxınlaşanda benzin iyi vuracaq, o dəqiqə biləcək ki, ağacın dibinə nəsə tökülüb. Onda səsi aləmi bürüyəcək. Başqa təkliflər də səsləndi, ancaq ağla batmadı. 

Sonda elə bir təklif verdilər ki, matım-qutum qurudu. Biri təklif etdi ki, bu işi yağışlı və küləkli günə saxlamaq lazımdır. Küləkli gündə ağaca yaxınlaşıb kökündən çıxaraq. Gəlib protokol tərtib edərlər ki, anomal hava şəraiti ağacı kökündən çıxarıb. Qadının da səsi kəsiləcək. Bəlkə də bu təkliflə razılaşardılar, əgər qalstuklu kişinin nə vaxtsa oxuduğu yazı olmasaydı. O dedi ki, küknar ağacı torpağın armaturudur, əksinə, onu sürüşən məkanlarda əkirlər ki, torpağı bərk tutsun. İndi kimə inandırmaq olar ki, küləkli hava küknarı kökündən çıxarıb. Yenə fikrə getdilər. Qərara aldılar ki, yenidən toplaşsınlar. 

Yeri gəlmişkən, televiziyada göstərdilər ki, bu gecə yağış və külək paytaxtda xeyli ağacı kökündən çıxarıb. Amma həmin ağacın onların içində olub-olmadığını bilmirəm. Kaş olmayayadı. Kaş, o ağac qara məramlı adamların badına getməyəydi. Savab qazanmaq üçün onu nə vaxtsa əkən adam da qəbrində rahat uyuyardı.