“Keşlə” tarixində belə hal olmamışdı

kesle-tarixinde-bele-hal-olmamisdi
Oxunma sayı: 2031

“Keşlə” tarixinin antirekorduna imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, paytaxt klubu bunu Topaz Premyer Liqasının 4-cü turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin yetirmələri startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.

Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan “Keşlə” həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədi. 1999/2000 və 2013/14 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.

Qeyd edək ki, “Keşlə” cari mövsümdə “Sabah”a 0:1, “Səbail”ə 1:2, “Neftçi”yə 0:2 hesabı ilə uduzub, “Zirə” ilə heç-heçə edib – 2:2.