Kibercinayətkarlıqla mübarizə necə aparılacaq?

kibercinayetkarliqla-mubarize-nece-aparilacaq
Oxunma sayı: 815


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzaladı. Fərmanla "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə" təsdiq edilib.

Əsasnamədə göstərilir ki, Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların (bundan sonra – istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Mərkəz vəzifələrindən biri ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirməkdir.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə “İntrans” şirkətinin baş direktoru Faiq Fərmanov Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin olunub.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mətbuata açıqlamasında bildirib ki, Elektron Təhlükəsizlik Mərkəzi mart ayında fəaliyyətə başlaya bilər və 10-dan çox əməkdaşı olacaq.

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirib ki, uzun müddətdir ki, belə bir mərkəzin yaradılması gözlənilirdi. “Çünki qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyini təmin etməklə bağlı xeyli problemlər mövcuddur. Nazirin əmri ilə mərkəzə təyin edilmiş direktor Faiq Fərmanov AzNet-də tanınan simalardandır və Azərbaycan İnternet Forumu adından ona bu işdə uğurlar arzulayırıq. Ancaq düşünürük ki, əgər bu qurumun fəaliyyəti də onun rəhbərliyi altında olan “az” domenin qeydiyyatı kimi bərbad olacaqsa indidən buna çox təəssüf deyirik.”

Osman Gündüz açıqlamasında onu da bildirib ki, əsasnamədə xeyli düşündürücü və hətta təhlükəli hesab olunacaq məqamlar var. “ Sənəddən hiss olunur ki RİTN yeni bir dövlət aparatı qurmaq istəyir. Dünya praktikasında bu tip qurumlar ictimai-elmi yönümü olmasına baxmayaq bu Əsasnaməyə görə bu qurum hətta peyk sistemləri, TV yayımına olan elektron təhlükələrin də qarşısını alınmalı, audit aparmalı , monitorinq sistemləri qurmalı, hətta bəzən Milli Təhlükəsizlik Nazirliyinin , Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətlərinə də nüfuz etməlidir. Fikrimcə Elektron Təhlükəsizlik Mərkəzinin AMEA-nın, AZ-CERT qurumunun bazası nəzdində yaradılması daha faydalı və az xərc tələb edən ola bilərdi.

Bu Qurumun yaradılması ilə bağlı Prezidentin 16 sentyabr tarixli Fərmanında nəzərdə tutulan məqsədlərdən əlavə bu Əsasnamədə xeyli digər səlahiyyətlər öz əksini tapıb. Lakin Prezidentin adı çəkilən sənədində yer alan vətəndaş cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı texniki dəstəkdən heç söhbət getmir.

Əsasnaməyə görə bu qurum ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir. Anlaşıqlı desək bu o deməkdir ki, bu qurum DeltaTelekom tərəfindən ölkəyə gətirilən bütöv İnternet trafikini analiz etməlidir. Sual olunur hansı tədbirlər ? Bəlkə məhkəmənin qərarı olmadan bloklama və ya filtrasiya? Əsasnaməyə görə DeltaTelekom bununla bağlı yalnız Nazirliyə hesabat verməlidir ki, bu da anlaşılmazdır.

Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə onlar barədə məlumatları toplamaq və saxlamaq səlahiyyətindədir. Bu lap anlaşılmaz və hətta təhlükəlidir. Belə çıxır ki, qurum artıq təhqiqat və əməliyyat axtarış tədbirləri həyata keçirməlidir. Məlumatlar necə toplanacaq? Kompüterləri götürüb aparacaqlar yoxsa necə olacaq ? Hansı məlumatlara giriş olacaq. Kim ixtiyar verib ki vətəndaşlara və ya digər qurumlara malik informasiyalar adi qaydada – heç bir tənzimləyici bir sənədlər olmadan əldə edəsən.

Əsasnamədə bu yuxarıda qeyd olunan məlumatların mühafizəsi də yer alıb. Amma zəmanət , tənzimləmələr yoxdur ki, bu informasiyalar üçüncü tərəfə veriləcək yoxsa yox.

Qeyri-dövlət sektoruna yönəlik bu sənəddin heç bir yerində rast gəlmədim ki, bu qurum Vətəndaş Cəmiyyəti ilə, özəl sektorla əməkdaşlıq səviyyəsində fəaliyyət göstərəcək. Sanki bunu hazırlayanların ya Açıq Hökumət təşəbbüslərindən , ölkə rəhbərin son çıxışlarından, digər mərkəzi orqanların bu istiqamətdə olan müsbət təcrübələrindən heç xəbəri yoxmuş. Bu günlərdə AİF rəhbəri olaraq ATƏT məni Avropa Birliyinin kibercinayətkarlıqla bağlı ölkəyə səfər edən eksperti ilə görüşə dəvət etmişdi. İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıqla bağlı ölkədəki mövcud vəziyyət müzakirə olundu. Onlar kibercinayətkarlıqla bağlı ölkə üçün təklif və tövsiyyəlır hazırlayırlar. Fikrimcə bu Əsasnamənin bəzi müddəaları onlar üçün də sürpriz olacaq.”