Kim yalan danışır? - Nazpəri, yoxsa Komissiya...

kim-yalan-danisir
Oxunma sayı: 9242

Dünən xalq artisti Nazpəri Dostəliyevanın İnstaqramda fəlsəfə doktoru elmi adını alması barədə paylaşımı ölkə gündəmini zəbt edib. Müğənni əvvəlcə elmi dərəcəyə sahib olmasını sübuta yetirən sənəd paylaşsa da, tənqidlərdən sonra onu silib. 

“Qafqazinfo” xəbər verir ki, müzakirələrə səbəb olan mövzu ilə bağlı Ali Attestasiya Komissiyası da açıqlama yayıb. Aparat rəhbəri Arif Quliyev bildirib ki, Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. 

Müğənninin yaydığı sənədin fotosürətindən görünür ki,o, yalan danışmır. Bu məqamda bildirək ki, paylaşımda sənədin nömrəsi, tarix, imza da qeyd olunub. Burada belə bir sual ortaya çıxır- Xalq artisti belə saxta sənəd yaya bilərmi və ya onu belə addım atmağa vadar edən nədir? Onun “Gülümsərovluq” etmək nəyinə lazımdır? 

Ali Attestasiya Komissiyasının verdiyi açıqlama isə bir çox sullar doğurur. Belə güman etmək olar ki, Komissiya mətbuatın verdiyi təpkidən sonra məsələni ört-basdır etməyə çalışıb. Əslində xalq artistinın bu qədər detallı saxtakarlıq etməsi inandırıcı deyil. O, hətta elmi işin adını bu qədər məntiqlə uyduracaq qədər “istedadlı” deyil.

Sual yaranır: Belə saxta xəbər yaymaq Nazpərinin nəyinə lazım idi?  Əslində Azərbaycanda intellekti N. Dostəliyevadan heç də yuxarı səviyyədə olmayan onlarla, yüzlərlə “alim” və “professor” var. Görünür ki, məsələnin belə rezonans verməsi xalq artisti olmağına baxmayaraq N. Dostəliyevanın indiyə qədər ciddi imic yarada bilməməsi və yaddaşlarda bayağı sənətçi obrazında qalması ilə əlaqədardır.

Bu fakt digər tərəfdən həm də Azərbaycanda alim adının əldə edilməsini göstərən yollardan biridir.

Ali Attestasiya Komissiyası bu məsələni dəqiq araşdırmağa və daha ciddi bir açıqlama yaymağa, xalq artisti isə detallı olaraq mövzudan danışmağa məcburdur. 

Maraqlıdır, əgər xalq artisti yalan danışıbsa, onu qanunvericiliyə uyğun olaraq hansı cəza gözləyir?

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlamasında saxta yolla elmi dərəcə alan şəxsləri sərt bir şəkildə qınayıb:

“Yalan informasiya yayanları heç bir cəza gözləmir. İnformasiyadır, ötürür, yüzlərlə insan məlumatı qəbul edir. Heç kim heç nəyin məsuliyyətini daşımır. Saxta din, akademik, professor, hacı, kərbalayi, xalq-əməkdar artistləri olanlara nə olur ki, fəlsəfə doktoruna da nəsə olsun?! Dəryada bir damladır. Bütün cəmiyyəti bürüyən bir məsələdir. Bunun ümumi alışqanlığını ortadan qaldırmaq lazımdır. Anlamalıdırlar ki, kimsə saxta metodlarla özünə uduş qazandıra bilməz. Hər kəs təbii, özünə aid olan, layiq olduğu atı götürməlidir. Məsələn, xalq artistindən böyük bir ad yoxdur. Amma gedib professor olmaq istəyir. Başa düşürük, Üzeyir Hacıbəyov, Bülbül professor ola bilər. Onlar savadlı insanlar idi. İki-üç kəlmə danışa bilməyən insan deyir ki, mütləq elmi adım olmalıdır. Elmi dərəcə diplomunu evində gəzdirən minlərlə insan var ki, auditoriya qarşısında 3 cümlə qoşub danışa bilmir. Ona görə də, saxtakarlığı Azərbaycan cəmiyyətində ortadan qaldırmaq lazımdır. Elmi, dini adların ən çox istismar olduğu yer Azərbaycandır. Layiq olmayan, cümlə yaza bilməyən adamlar professor olursa, sonu hara gedib çıxacaq? 

İkinci diplomlu şəxslər Azərbaycanı bürüyüb. Ortaya çıxacaq alimlərimiz 2-3 nəfərdir. Elə mühit yaratmalıyıq ki, kimsə özünü bu adlarla təqdim edəndə utansın. Amma Azərbaycanda utanan yoxdur. Təbii ki, öz savadı, haqqı ilə alanları nəzərdə tutmuram. Düşünüblər ki, 5 nəfər elmi ad alıbsa, mən də alım, cəmiyyətdə nə əksiləcək?!”.  

Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti Mənsum İbrahimov bildirib ki, Nazpəri Dostəliyeva bu mövzuda yalan danışmaz:

“Bu, dövlətin insanlara verdiyi bir haqqdır. Əvvəlcə, dosent, daha sonra professor olmuşam. Bunların hər ikisi də Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunub və mənə diplom verilib. Mənim həm dosent, həm də professor diplomum var. Təkcə mənim yox, Alim Qasımov, Arif Babayev, Səkinə İsmayılova kimi sənətkarların elmi vəzifələri var. Halal qazandığımız, yaradıcı insanların qarşısında gördüyümüz məsələlərdir. Biz saxta üsulla elmi ad almamışıq. Nazpəri Dostəliyeva isə Azərbaycanın görkəmli, fəxri adı olan bir sənətkardır. İnanmıram ki, o, yalan məlumat yaysın! Nazpəri Dostəliyevanın buna ehtiyacı var? Onun hər şeyi var, belə addım atmağına inanmıram”. 

Professor, xalq artisti Arif Babayev isə saxta diplom mövzusunda danışmaqdan imtina edib.

Görkəmli muğam ustası Mənsum İbrahimovun da dediyi kimi Nazpərinin burada yalan danışması o qədər də inandırıcı görünmür. Bu məsələdə zərbə altına düşən əslində Ali Attestasiya Komissiyasıdır. Məhz cidanı çuvalda gizlədən də bu qurumdur. Görünür bu Komissiyanın özü belə məsələ ictimailəşəndən sonra Nazpəri Dostəliyevaya fəlsəfə doktoru adının verilməsinə inana bilmir...

Elvin Elxan