Kimə salam verirsən, sənə dəvətnamə verir...

kime-salam-verirsen-sene-devetname-verir
Oxunma sayı: 5509

Seymur Verdizadə

Bir tanışım taksi sürücüsü işləyir. Dədə-baba peşələri dülgərlik olsa da, oğlanın əli bu işə yatmadığı üçün dolanışığını köhnə “07”-nin hesabına təmin etməyə çalışır. Allah-Təala öz bəndəsini ac qoymur. Onun da bir tikə çörəyi var, qohum-qardaşa möhtac deyil.

Atası üç-dörd il əvvəl Bakıdakı adlı-sanlı şadlıq saraylarının birində oğluna toy elədi. Ailəvi get-gəlimiz, xüsusi münasibətimiz olmasa da, təzə bəy mənə də dəvətnamə vermişdi. Dostlarımın birindən borc alıb toya getdiyim üçün bu hadisəni təfərrüatı ilə xatırlayıram. Şadlıq sarayına daxil olanda ünvanı səhv saldığımı zənn etmişdim. Axşam saat 7 olsa da, qonaqlar üçün nəzərdə tutulmuş yerlərin təxminən yarısı boş idi. Məndən sonra daha beş-altı adam gəlsə də, 8 masa tamamilə boş qalmışdı. Yaranmış bu vəziyyət təkcə toy sahiblərini deyil, qonaqları da narahat etməyə başlamışdı. Yanımda əyləşmiş adamların apardıqları “kəşfiyyat” nəticəsində məlum oldu ki, belə acınacaqlı vəziyyətin yaranmasının səbəbkarı bəyin özüdür. Sən demə, taksi sürücüsü işləyən təzə bəy maşınına mindirdiyi adamların hamısına dəvətnamə veribmiş...

Uşaq vaxtı xalının üstündə gəzməyən adamlar da həmin gün oğlan evinin sifətindəki kədəri aşkar görə bilirdilər. Eşitdiyimə görə, bəyin atası toydan sonra oğluna belə deyib: “Yaxşı ki, sən avtobus sürücüsü işləmirsən. Yoxsa, ömrümün axırına kimi şadlıq sarayına borc ödəməli olardım”.

İki gəncin ömür yolunu birləşdirməsi gözəl hadisə olmaqla yanaşı, həm də vacib aksiyadır. Beş il ATV və ANS-in studiyalarında yanaşı əyləşdiyim əziz dostum Rəşid həkimin təbirincə desək, hər bir insan öz oxşarını yaradandan sonra bu dünyadan köçməlidir. Təəssüf ki, son illər bu gözəl adətimizə kölgə salan, toylarımızı gəlir mənbəyinə çevirən adamların sayı getdikcə artır. Adam var ki, pul yığmaq üçün 14 yaşlı oğluna ikinci dəfə sünnət edir. Adam tanıyıram ki, aldığı maşının kreditini qaytarmaq, ya da banka olan borcunu ödəmək üçün oğlunu vaxtından əvvəl evləndirir, qızını hələ sümükləri bərkiməmiş ərə verir. Dost-tanış sarıdan korluq çəkən, xeyirə-şərə bir o qədər də maraq göstərməyən ən yazıq adamın da cibində azı iki-üç dəvətnamə olur. Bir az tanınan, az-çox üzdə olan adamlar isə axşamlar, adətən, şadlıq saraylarında şam edirlər. Milli Məclisin üzvü Hadı Rəcəbli iki il əvvəl demişdi ki, ona bir ayda 21 dəvətnamə veriblər. Yaxından tanıdığım, ünsiyyətdə olduğum millət vəkillərinin hamısı toylara tez-tez dəvət olunmalarından şikayətçidirlər. Görünür, bəzi gənclərimiz hesab edirlər ki, onların toyunda deputatlar iştirak etsə, birinci uşaqları oğlan olacaq...

Toy təkcə nikaha girən gənclərin deyil, həm də onların valideynlərinin həyatında ən sevincli gündür. İnsan öz sevincini qohum-qardaşı, dostları, yaxşı münasibətdə olduğu iş yoldaşları ilə bölüşə bilər. İldə bir dəfə üzünü görmədiyi adamı toyuna çağırmaq üçün insanda gərək üz olsun. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində adamlar qaynının xalası qızının əmisi oğlunu övladının toyuna çağırmır. Qəribə vəziyyət yaranıb: kimə salam verirsən, sənə dəvətnamə verir. Dəvətnamələrin sayının çoxluğu insanlarda əsəb və gərginlik yaradır. İmkansızlıqdan toya gedə bilməyən, yaxud borc alıb gedən insanların sırası sürətlə genişlənir. Adam tanıyıram ki, balasının boğazından kəsib hansısa toya pul yazdırır. Məqamı gəldiyi üçün bu qənaətimi bölüşmədən keçə bilməyəcəyəm: bəzi adamlar toya gedəndə o qədər deyinirlər ki, yeni ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir...

Ötən il tanımadığım bir nömrədən telefonuma zəng gəldi. Kişi hal-əhval tutub, uşaqların kefini soruşandan sonra mətləbə keçdi: “Qardaş, gələn həftə oğlumun toyudur. Səni də dəvət edirəm”.

Yeni yuva quran gənclərə Allah-Təaladan xoşbəxtlik diləyəndən sonra bəyin atasının kimliyi ilə maraqlandım. Zəng edən adam özü haqda ətraflı məlumat versə də, onun kim olduğunu xatırlaya bilmədim. Kişinin reaksiyası belə oldu: “Narahat olma, mən də səni unutmuşdum. Dünən televiziyada görməsəydim, yadıma düşməyəcəkdin”.

Bax, belə! Qohumlarınızın, dostlarınızın, yaxşı münasibətdə olduğunuz iş yoldaşlarınızın məclislərinə gedib, onların sevincini bölüşün. Amma sizi toydan-toya yada salan adamların məclislərinə getməyin. Əmin olun ki, bununla heç nə itirməyəcəksiniz. Üstəlik, pulunuz cibinizdə qalacaq...