Kimi uşağının, kimi də sevdiyi kişinin anasıdır...

kimi-usaginin-kimi-de-sevdiyi-kisinin-anasidir
Oxunma sayı: 765

Nərmin Dadaşova

Bu gün Ümundünya Analar Günüdür. Və artıq 14 gündür ki, qızlarımdan uzaqdayam. Darıxmaq yeganə hissdir ki, onun haqqında yazmağa, onu ifadə etməyə bir dənə də olsun söz bilmirəm. Bircə onu bilirəm ki, onlar yadıma düşəndə qucağım ağrıyır...  

Mənim balacamın əlinə keçən kiçik əşyaları soyuducunun gözlərinə yığmaq kimi pis vərdişi var. Televizorun pultundan tutmuş, saçlarını yığmaq üçün aldığım bəzək əşyalarına, “kinder”dən çıxan balaca oyuncaqlara qədər, nə axtarsan, soyuducunun yumurta qoyulan cibindən tapa bilərsən. Dünən soyuducunun həmin yerində saç aksesuarımı görəndə qəribə bir sızıltı keçdi içimdən ildırım sürətilə. Necə düşmüşdü ora, bilmirəm. Bəlkə də Günəş üçün darıxdığım, darıxmaqdan sərxoş olduğum vaxtlardan birində özüm öz əlimlə qoymuşdum onu soyuducuya.

Mən ana olanda 20 yaşıma yenicə girmişdim. Gecə -gündüz ağlayan, üç saatdan bir acan, məni yatmağa, yeməyə qoymayan o balaca adamı qəbullanıb, onu sevməyim düz 18 gün çəkmişdi. Doğumundan on səkkiz gün sonra ağlamaqdan pərişan olmuş qızımın qulaq ağrısını kəsən dərman şüşəsini qeyri-ixtiyari öpəndə anlamışdım. Anlamışdım ki, bundan sonra belə olacaq, onu sakitləşdirən hər şey, iştahla yediyi yemək, on dəqiqə artıq yatdığı yuxu, gülə-gülə üstümə atdığı top məni mutlu edəcək. İlk dişlərini çıxardıqları günü unuda bilmirəm məsələn, indi həmin dişlərini bir-bir çıxarıb ovcuma qoyan qızımın sevinci ilə eyni idi mənimki də. O, hər düşən dişinin əvəzinə siçanın ona gətirəcəyi hədiyyəyə, mən isə hər düşən dişlə onun bir arpa boyu böyüməsinə sevinirəm. Həm də qorxuram. Qarşısına çıxacaq insanlardan, başına gələcək hadisələrdən, yaşayacağı sevgilərdən, ayrılıqlardan, dost itkilərindən- böyüməsindən qorxuram. 

Səhər feysbukun məşhur qadın səhifələrindən birində doqquz aylıq körpəsi olan bir ananın əri tərəfindən vəhşicəsinə döyülməsi haqqında yazılmış xəbəri oxudum. Sübut üçün qanamış burnunun, dağılmış sir-sifətinin şəklini çəkmişdi qadın. Ağırdır döyüldüyünü, işgəncəyə məruz qaldığını sübut etmək zərurəti. Bu sübutlar olmasa, ona yaşamaq çətin olacaq. Ayrılmaq üçün, həyatına yenidən başlaya bilmək üçün, ata-anasının, qohum-əqrabasının üzünə baxa bilmək üçün bu sübuta, üz-gözünün qana boyandığı şəkillərə ehtiyacı olacaq. Bir də, onun böyütdüyü uşağı düşünürəm. O stress, o travma, o qorxu ilə böyüyən uşağı... 

Bizim üçün bayram hesab olunan bu gündə belə, qanımızı qaraldacaq onlarla belə xəbər var mətbuatda. Döyülən, öldürülən, təhqir olunan, diqqətsiz, sevgisiz qalan onlarla qadın, yüzlərlə ana var yan-yörəmizdə. Qadın olmaq çətindir, oxucu dost. Bütün qadınlar anadır. Kimisi uşağının, kimisi isə sevdiyi kişinin anası. Və ananız var olduqca siz uşaq olaraq qalacaqsınız. İsti çayınız, bir qab isti yeməyiniz olacaq, üşüməyəcəksiniz yəni...

Analı, gözəl günlərə, oxucu dost. Gözəl günlərə...