Kimin qarnındakı ‘‘körpə’’ abort edilməlidir?..

kimin-qarnindaki-korpe-abort-edilmelidir
Oxunma sayı: 7273

Elbrus Ərud 

Deputat Fazil Mustafanın 1200 məktəblinin abort etdirməsi ilə bağlı statusunu gördüm. Sonra bu status xəbərə çevrildi, ətrafında müzakirələr açıldı. Mənim də rəhbərlik etdiyim, bu cəmiyyətin bir parçası olan Qafqazinfoda da deputatın fikirləri dərc olundu, burası o qədər də əsas deyil. Məsələ bu ki, daha çox islami dəyərlərin mühafizəçisi kimi tanıdığımız görkəmli deputat məktəbli qızların abort etdirməsini mənəviyyatın xarab olması, nəzarətsizlik, həkim bandalarının fəaliyyəti kimi qiymətləndirib. Çıxış yolu kimi oğlanlarla qızların ayrı təhsil almasının aktuallaşmasına diqqət çəkib.

Ölkədə növbədə duran bütün əxlaq keşikçiləri, “namuslu” yaşayan adamların da hamısı daraşıb bu ortalığa atılan mənasız mövzunun üstünə ki, bəs təhsil yoxdu, səhiyyə sıfırdı, hər şey əldən gedib, gələcək nəsil pozğunlardan ibarət olacaq… 

Məsələni çox uzatmadan və istedadlı, publisistik cümlələr qurmadan Fazil Mustafanın və digər narahat adamların diqqətinə bəzi düşüncələri çatdırmaq istəyirəm. Əvvəlcə, soruşmaq istəyirəm, bu faktlar dünyanın hansı ölkəsində yoxdur? Hansı islami və qeyri-islami cəmiyyətlərdə məktəbli qızlar abort elətdirmir, Fazil Mustafa? Bəlkə, sizin qaçılmaz saydığınız oğlanlarla qızların ayrı təhsil aldığı bir çox islam cəmiyyətlərində belə hallar olmur? Əslində, abort problemi, ancaq o halda baş verir ki, o cəmiyyətlərdə daha çox prezervativ mədəniyyəti yoxdur. Başqa səhiyyəsi öndə olan, dünyanın inkişaf etmiş elə bir cəmiyyətini göstərin ki, orada məktəbli qızlar cinsi həyata ancaq ali təhsildən, 20 yaşını ötəndən sonra başlayırlar? Əksinə, araşdırsaz yəqin ortaya çıxar ki, bu gün dünyada ən çox bakirə qalan qızlar elə bizimkilərdir. Hələ bu dünyadan qız kimi gedənləri demirəm. 

Hörmətli deputat, cəmiyyətin mənəvi aşınması qızların seksə erkən yaşda başlaması ilə ölçülmür. Bir ölkədə tutaq ki, 100 mindən artıq 16 yaşlı məktəbli varsa, əlbəttə, bunların min nəfəri cinsi həyata erkən başlaya bilər. Bu təbii haldır. Qeyd etdiyim kimi bu hadisə bizdə də, başqa ən aşağı və ya yuxarı səviyyədə inkişaf etmiş istənilən cəmiyyətlərdə də hər zaman olub, bundan sonra da olması məntiqəuyğundur. Nə əxlaqsızlıq var ki, burada? Nə cəmiyyət aşınması var? Bu arada, hələ bir müddət əvvəl orta məktəbdə sevişən iki yeniyətmənin görüntüləri yayıldı, yenə də deyirəm, içi mənim rəhbərlik etdiyim media qarışıq bütün cəmiyyət töküldü onların üstünə ki, bəs namus əldən getdi. Bəyəm bütün dövlətə və cəmiyyətlərə xas olan bu hal bizim əxlaqsızlığımız, cinsi tərbiyəsizliyimizdirmi? Dünyada 13-14 yaşında doğan, hamilə qalan minlərlə şagirdlər yoxdurmu?

Belə çıxmasın ki, mən məktəblinin doğmasına haqq qazandırıram. Məsələni o yerə gətirirəm ki, belə faktları, on minlərlə məktəbli içərisindən bir qrupunun cinsi həyata başlamasını iyrənclik kimi qiymətləndirməyin. Köhnə bir misal deyim. Hələ Aristotel deyib ki, indiki gəncliklə bəşəriyyətin gələcəyi yoxdur. Aristoteldən sonra gələcək yetişməyibmi? Məsələ bu deyil, mövzudan yayınmayaq. Bu gün mən, siz və ya başqaları daha əxlaqlı, namusluyuqmu? Biz o məktəblilərdən dahamı çox bakir və bakirəyik? Məsələn, siz məktəbliləri bakirəliyini qorumamaqda ittiham edirsiz, bəs siz necə öz deputat bakirliyinizi qorumusuzmu? Ya mən jurnalist kimi?.. Hətta müqayisə etsək, onlar bizlərdən daha saf və təmizdirlər. Misalları o qədər uzada bilərm ki, ancaq siz söz adamısız, ona görə siz də, sizin düşüncəni paylaşanlar da məni başa düşür.  

Cəmiyyətin əxlaqı 1200 qızın erkən sekslə məşğul olması ilə ölçülmür, yerdə qalan 10 milyonun nə ilə məşğul olması ilə ölçülür. 

Bu mövzunu bir müddət əvvəl yaşadığım hadisəni təsvir etməklə yekunlaşdırmaq istəyirəm. Bu yaxınlarda həmkarlarımdan biri ilə Ukraynaya səyahət etmişdik. Səhər yuxudan oyanıb kafelərdən birinə yemək üçün düşdük. Ağzına kimi dolu olan kafedə bizdən bir neçə stol aralı, 15-16 yaşlarında 3 qız, bir oğlan oturmuşdu. Bu yeniyetmə oğlan qızlardan biri ilə heç kimə məhəl qoymadan öpüşürdü. Dostum, ayə, bu nə əxlaqsızlıqdır deyib bayıra çıxdı. Onun ardınca gedəndə siqaret yandırdığını, ”gör oğlumu gələcəkdə oxumağa hara göndərəcəm?”-deyə mızıldandığını eşitdim.  Aramızda çox səmimi dialoq yaşandı. Ona dedim ki, 40 yaşımız var, hələ də cinsi aclığımız bitməyib, içi bizimqarışıq hər gün 3 təyyarə azərbaycanlı gəlir bu ölkəyə. Bəyəm bizim bura gəlməyimizin şüur altında içimizdəki boşluğu doldurmaq dayanmır? Biz hələ 40 yaşında yeniyetmə ehtiyacını ödəyib qurtarmamışıq, ancaq bu uşaqların cəmiyyətinin 40 yaşlı insanları az qala siyasi kariyeralarını başa vurmaq üzrədilər. Bu uşaqlar 25-30 yaşında artıq cinsi qidalanmanı dayandırıb cəmiyyət qurmaq, dövlət idarə etməklə məşğul olurlar. Təsadüfü deyil ki, onların parlamentlərində, dövlətin yüsksək etalonunda yüzlərlə bizim kimi gənclər var. Bəs biz hardayıq? Bu yaşda olsa-olsa hansısa QHT-yə üzv seçiləndə xoşbəxt oluruq. Bax, məsələ budur.

Əxlaqı, cəmiyyətin inkişafını, demokratik dəyərləri, insan azadlığını, burada axtarmaq lazımdır. Bu yerdə bir neçə il əvvəl yazıçı Əli Əkbərlə müsahibə zamanı ondan eşitdiyim bir fikri də əlavə etməyi özümə borc bilirəm. Əgər bir xadimə hər gün universitet həyətindən prezervativ süpürmürsə, demək o cəmiyyətdə gənclik yetişmir. 

Bizlərin bir az radikal, bir az loyal, bir az müstəqil, bir az hökumətyönlü, bir az imanlı, bir az ateist olması ilə cəmiyyət qurulmur. Lap bu gün siz əlinizə silah alıb hansısa siyasi prosesə qarşı etiraz edib qanınızı meydanda töksəniz də, inkişaf əldə edə bilməyəcəksiz. Yol cinsi həyata erkən başlayan o məktəbliləri işıqfordan keçməyi öyrətməkdən, yediyi konfetin kağızını yerə atmağı tərgitməkdən, yeraltı keçiddən keçməyi öyrətməkdən, növbəyə durmaq tərbiyəsi aşılamaqdan, öz yerini başqasına verə bilmək nümunəsi göstərməkdən keçir. Məktəblinin başını bağlayıb dəstamaz aldırmaqla bakirəliyi qorumaq olmur, hörmətli Fazil Mustafa bəy…

Yaxşı olardı ki, biz hamımız, sizli-mənli, içimizdə böyütdüyümüz qeyri-səmimiliyi abort elətdirək. Bizim hər gün doğduğumuz qeyri-səmimilik, o məktəblilərin doğacağı körpələrdən daha çox alçaqlıq edəcək bu ölkəyə…