Kimlər, hansı hallarda oruc tutmaqdan azaddırlar?

kimler-hansi-hallarda-oruc-tutmaqdan-azaddirlar-
Oxunma sayı: 15287

Oruc tutmaq Allahın razılığını qazanmaq, İlahi əmri yerinə yetirmək üçün sübh azanından axşam azanınadək gündəlik icra edilən bir sıra işlərdən çəkinməkdir. Bu sırada yemək, içmək, qidalandırıcı qəbul etmək, siqaret çəkmək, cinsi yaxınlıq və sair əməllər var. Ancaq eyni zamanda şəriətdə qeyd olunanlarla yanaşı, müasir dövrdə Ramazan ayının “olar-olmazları” ilə bağlı bir xeyli yeni mövzular, suallar ortaya çıxır. 

Həddi-büluğa çatmamış uşaqlar; psixi cəhətdən qeyri-normal şəxslər; qocalıb əldən düşmüş şəxslər; aclıq və susuzluğa tab etməyən daimi xəstələr oruc tutmaqdan azaddırlar. Bundan başqa, hamilə qadınlar (tutmadıqları hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar); süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır) bu mükəlləfiyyətdən azaddırlar. 

Qadınlarda bioloji vəziyyət halında, eləcə də Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər növbəti ilin Ramazan ayınadək sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Ona kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir. 

Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. 

Oruc tutan insanın diş çəkdirməsi (əgər qan və su udmazsa), iynə vurdurması (qidalandırıcı iynə-dərmanlar istisnadır), çimməsi, o cümlədən başını tamam suya batırmadan suya girməsi orucu pozmaz. Bundan əlavə, bilməyərəkdən, unudaraq orucu pozan işlərdən birini edən şəxsin orucu pozulmaz. 

Qeyd edək ki, son illərdə oruc tutmaqla bağlı bir sıra yeni təkliflər səsləndirilib. Zamanla, eyni zamanda dəyişən şərtlərlə əlaqədar olaraq yeni fikirlər də ortaya çıxır. Məsələn, ötən il iranlı islam alimi Ayətullah Bayat Zəncani Ramazan orucu ilə bağlı fətvasında bildirmişdi ki, oruc tutanlar, ancaq susuzluğa tab gətirməyənlər susuzluqlarını yatıracaq qədər su içə bilər. Doğrudur, onun bu açıqlaması islam alimləri tərəfindən rədd edildi və dəlillərinin zəif olduğu iddia olundu. Ancaq buna baxmayaraq mediada bu mövzu hələ də müzakirə olunur. 

Ümumilikdə isə İslam hökmlərinə əsasən, susuzluqdan kəskin əziyyət çəkildiyi və xəstəlik yarandığı halda oruc tutan insan su içə bilər. Ancaq bir şərtlə ki, sonradan bu günün qəza orucunu tutsun. Çünki İslam dinində orucla bağlı istinad olunan rəvayətə görə, susuzluq səbəbindən həlak olmaq həddinə çatan insanların su içməsinə icazə verilir. 

Bundan başqa, oruc şəxsin dişini fırçalaması, yuyunması, dənizdə çimməsi (suya baş vurması istisnadır – K.) qadağan deyil. Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı da qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. 

Orucla bağlı ən son fətvalardan biri də Şimali İraqdakı kürd administrasiyasına bağlı Alimlər Birliyinin İŞİD-ə qarşı savaşan kürd peşmərgələrinin oruc tutmaqdan azad edilməsi ilə bağlıdır. Alimlərin rəyinə əsasən döyüşdə olduqları üçün səfərdə sayılan peşmərgələrin oruc tutmaları vacib deyil.

Musavat.com