Kinoteatr satışa çıxarıldı

kinoteatr-satisa-cixarildi
Oxunma sayı: 674

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. 

“Qafqazinfo” xəbər verir ki, hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. 

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən Yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın topaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Ümumi faydalı sahəsi isə 533,3 kv.m dir. Bundan başqa Gəncə şəhərində yerləşən Xronika kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139 min 500 manatdır.

Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən Xronika kinoteatrı əlverişli biznes obyektidir. Nəzərə alsaq ki, ölkəmizdə çəkilən kinoların və izləyicilərin sayı artmaqdadır investor həmin obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə edə bilər.