Kişi özünü öldürürsə...

kisi-ozunu-oldururse
Oxunma sayı: 2233

Dünya Sakit

Deyirlər, insanlar o zaman canına qıyır ki, intiharı son çarə kimi görürlər. Yəni düşdüyü vəziyyəti ölümdən daha çıxılmaz hesab edərək addım atırlar.

Son zamanlar intiharlar xeyli azalmış görünür – söhbət son bir neçə həftədən gedir. Hər halda, ölkə mətbuatında intihar xəbərləri bir neçə həftə əvvəlkindən daha azdır. Son günlərin faciəvi xəbərləri daha çox suda boğulmalarla bağlı olur ki, bu da çox təəssüf doğurur...

Psixoloqların dediyinə görə, yazın sonu, yay aylarında insanların psixoloji durumu daha dayanıqlı, daha sabit olur. Bunun iqlim şəraiti ilə bağlı olduğu deyilir. Nevroloji xəstələr üçün bu dövr çox əlverişli sayılır: qışın boz-bulanıq, qaramat yağan havasından fərqli olaraq günəşli günlərin, açıq səmanın bol olduğu yay dövründə ruhdan düşmə, bədbinləşmə, pessimizmə qapılma kimi hallar minimuma enir. Buna görə də nevroloji, psixoloji durumu sabit olmayan insanlar arasında bu dövrdə intihara meyllilik də azalır.

Amma məsələ burasındadır ki, intihar edənlərin heç də hamısı psixoloji, yaxud nervoloji problemi olanlar deyil. Onların arasında ətrafdakıların möhkəm iradəli, sağlam düşüncəli adam kimi tanıdıqları o qədərdir ki... 

Dünyada açıqlanan müxtəlif statistikalardan aydın olur ki, intihar yolunu seçənlər arasında qadınlar üstünlük təşkil edir. Bu da qadınların iradəcə və psixoloji baxımdan kişilərdən daha zəif olmaları ilə izah olunur. Təsadüfi deyil ki, psixoloji və nevroloji xəstələr arasında qadınlar kişilərdən bir neçə dəfə çoxdur.

Lakin son vaxtlar Azərbaycanda qeydə alınan intihar faktlarına diqqət yetirdikdə, özünü öldürənlər arasında kişilərin daha çox olduğu görünür – 10 intihar faktının təxminən 8-i kişilərlə bağlıdır.  Diqqəti çəkən digər fakt intihar edənlərin yaş strukturudur: əksəriyyəti 40 yaşdan yuxarıdır.

Məsələn, 25 iyundan 15 iyuladək Saatlıda 52 yaşlı, Balakəndə 51 yaşlı, Şabranda 68 yaşlı, Goranboyda 72 yaşlı, 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi intihar edib. Qalanların yaşı isə 28-36 arasında dəyişir. Birində intihar səbəbi olaraq həyat yoldaşından ayrılması, birində qızının sağalmaz xəstəliyə düçar olması, başqa birisində evdəkilərlə dava etməsi və sair göstərilir. 

Səbəblərindən asılı olmayaraq, kişilərin intihar etməsi digər bütün intiharlar kimi faciədir.

Bəzən gənc oğlanların intiharı barədə yazanlar onları böyüdən anaları, qadınları suçlayırlar: guya son vaxtlar qadınlar oğlan övladlarını ərkəsöyün, özlərindən çox asılı böyüdürlər-filan. Halbuki intihar edənlər arasında orta və ahıl yaşlılar xeyli üstünlük təşkil edir. Demək ki, məsələ anaların tərbiyəsində deyil. 

Düşünürəm ki, məsələ ətrafdakıların laqeydliyində, bir-birinin problemlərinə biganəliyindədir.

Vaxt vardı bizim kəndimizdə dara düşənə bütün kənd camaatı dəstək olurdu – birinin övladı ağır xəstələnirdisə, müalicəsinə bütün kənd yardım edirdi. Birinin işi dolaşıb, imkanları əlindən çıxırdısa, hamı ona əl tuturdu. Kasıb övladını evləndirəndə cehizini qonum-qonşu yığıb verirdi. Yəni insanlarda yardımlaşmaq, bir-birinə əl tutmaq adəti vardı. İndi o adətlər unudulub getmək üzrədir. Kiminsə acından ölməsi, yaxud borcların əlində aciz qalması heç kəsi qayğılandırmır – hətta ən yaxınlarını belə. 

Düzünü deyim, insanlarımızın niyə belə laqeydləşdiyinin səbəbləri barədə heç bir fikrim yoxdur. Bəlkə dünyada baş verən, kütləvi insan qırğını yaradan müharibələr çoxalıb – hər gün yüzlərlə, minlərlə insanın ölməsindən xəbər tuta-tuta insanlarımız üçün adiləşib ölüm halları? Bəlkə sosial problemlər qatıb hamının başını, hərə öz dərd-azarında ilişib qalıb, kiməsə diqqət yetirməyə gücü qalmayıb? 

Bəlkələr o qədərdir ki... 

Bildiyim odur ki, dəqiq səbəblər müəyyənləşməsə belə, kişilərin intihara meyllənməsi yaxşı heç nə vəd etmir. Mentalitetimizdən irəli gələrək, hər kişinin bir ailənin başçısı olduğunu nəzərə alsaq, biz heç də yaxşı olmayan bir nöqtəyə gəlib çıxmışıq...