Kişi qadın bezini neyləyirdi?

kisi-qadin-bezini-neyleyirdi
Oxunma sayı: 3041

Raminə Eyvazqızı

Allah rəhmət eləsin Manaf Süleymanova. “Eşitdiklərim, gördüklərim, bildiklərim” deyib, kitab yazanda hər üç “qazanc”ını bizimlə paylaşmışdı. İndi isə bizə çox vaxt tək görmək belə bəs edir. Baxmaq yox ha, görmək. Gördüyümüzü yazmaqsa, xəstə vərdişimizə çevrilib.

Ötən gün avtobusda 3 məktəbli uşaq ürəyimi ağzıma gətirdi. 9-10 yaşlarında olan bu çoxbilmişlər avtobusun qapısının içəri tərəfindən sallaşıb dayanmışdılar. Hər an ölüm riski idi, qəribədir ki, avtobusda buna tək reaksiya verən də mən idim. Uşaqların ehtiyyatlı olmağa səsləyirdim, amma onlar həm də “dələduz” idilər. Söhbətlərindən məlum oldu ki, deməli, hər gün avtobusla havayı gedib-gəlmək planı qururlar. Soruşuram ki, bəs valideynləriniz yolpulu vermirlər. Biri dedi, verir, amma həmin pulu başqa şey üçün yığıram. “Başqa şey”in nə qədər təhlükəli olduğunu öyrənə bilmədim. Biri dedi, biz məktəbliyik, niyə pul veririk. Digəri dedi, onlar pul vermir, mən niyə verməliyəm. Baş “dələduz”u o biriləri də təzyiqi altına salmışdı. Nəqliyyatdan havayı istifadəni də hər halda evdə deyiblər. Nə isə. Birincisı dayanacağına çatanda utanmadan, ikincisi isə qızararaq düşdü. Üçüncüsü isə məndən sonra düşdüyündən üçün xəbərim olmadı. Tək təəssüratım o idi ki, gələcəkdə havayıyeyənlərdən təxminən 3 nəfərinin yeri artıq hazır idi.

Bəli, uşaqları balacalıqdan havayı yeməyə öyrədən valideynlər sayca çoxdur. Bir də özgə yeməyi dadlı olur axı. Meyvə alanda uşaq əlini uzatmaq istəyir almaya, satıcı deyir, “götür bala götür”, valideynsə, “götür niyə utanırsan” nəsihətini verir. Valideyn övladını havayı mala öyrədəndə elə bilir ki, qabağa düşüb, xəbəri olmur ki, satıcı “havayı” malın pulunu çoxdan çıxıb. Keçən dəfə bir kişi marketin quru meyvələrinin dadına baxmaq adı ilə bayram elədi. Bu dequstatorluq marketə baha başa gəldi. Deyəsən, arsız kişi doymuşdu, heç nə almadı da.

Bəzən elə olur ki, kimsə kiməsə havayı salamını belə qıymır. 4 il əvvəl köhnə evimizdə bir qonşu vardı. İllərlə qarşısına çıxanda heç salamımızı da almazdı. Bir dəfə su borusu partladığından yardım üçün bizə işə düşmüşdü. Təssəvvür edin, heç vaxt bizim salamımızı almayan, qarşısına çıxan balaca oğluma belə gülümsəməyən bu qadın, o gün salamdan savayı, əhvalımı, hətta ana-atamın vəziyyətini də soruşdu. Heyf ki, belə keyfiyyətsiz insanlarla bir nəfəs aldığımız dünyada yaşayırıq.

***

Heç çox uzağa getmirəm, ötən yazımda imkansızlar üçün “asqıda geyim” kampaniyasını arzulamışdım, bir neçə gün sonra Şüvəlanda belə bir xeyirxah dükan açıldı. Təki bütün niyyətlərimiz bu qədər tez həyata keçə. Çoxumuz sevindik. Amma iki günə mağazanı kasıbdan çox havayı mal həvəskarları boşaltdı. Bu bazar günü mağaza təşkilatçılarına geyim vermək istədiyimizi bildirəndə, dedilər ki, mağaza boşdu, gətirəcəklərinizi başqa yerə təhvil verin. Şüşələrini kimsə qırıb, bir-iki günə bərpa edəcəyik. Matım-mutum qurudu.

***

Ötən yay metro çıxışlarının birində pulsuz qadın bezləri paylayırdılar. Qadınlardan çox kişilər özlərinə əl qatmışdı. Havayı gigiyenik qadın bezi üçün solunu-sağını dümsükləyən kişilərin mübarizəsi və mənzərəzi əsl məzhəkəlik idi. Bəlkə də, belələrinin qazancı həmin gün üçün bundan ibarət də ola bilərdi. Evli olanı həyat yoldaşına”hədiyyə” verəcəkdi, subayı isə uzağı ayaqqabısını siləcəkdi. Havayıdı da, nə olsa da havayı.