Kişilər ağızları sulana-sulana ona baxırdılar... - Hekayə

kisiler-agizlari-sulana-sulana-ona-baxirdilar
Oxunma sayı: 3685

“Qafqazinfo” kultura.az-a istinadən Seymur Baycanın “Pişik olmaq istəməyən qoca kişi” adlı hekayəsini təqdim edir:

Hirslənməyən rəhbərə işçilər hörmət etmirlər. Düşünmək çətindir, hirslənmək bədənə ziyan olsa da, asandır. Hər bir rəhbər ürəyi istədiyi vaxt hirslənə bildiyi halda, başına güc verib düşünə bilərmi? Lap başına güc verib düşünsə, bundan nə kimi bir xeyir hasil ola bilər? Özünü düşünən kimi göstərən rəhbərlər az olmur. Rəhbər özünü qaş-qabaqlı, fikirli göstərir, ancaq baxırsan ki, bir qram da xeyri yoxdur. Hirslənmək tez görünür, ancaq düşünməyi kim görür, görsə də, kim qiymət verir? 
 
Rayon xəstəxanasının baş həkimi Zübeydə xanımın bu gün hirslənmək günü idi. O hirslənib əlini stola çırpıb qışqıranda işçilər özlərini yığışdırır və deyirdilər ki, görün, Zübeydə xanımın işdən ötrü canı necə yanır, işdən ötrü necə tüstülənib alovlanır. Başdan boş, dildən iti Zübeydə xanım otaqdan koridora çıxıb üstünə qışqırmaq üçün münasib adam axtardı. Onun üzünə baxanda hər şeydən əvvəl eybəcər burnu nəzəri cəlb edirdi. Burnu uzun olmaqdan əlavə, qarmaq kimi üst dodağının üstündən içəri qatlanmışdı. Bu da onun sifətinin bütün ahəngini pozur, sifətini qoca qarı sifətinə oxşadırdı. Zübeydə xanımın sifətdən heç bəxti gətirməmişdi. Təbiət bəzən bir tərəfdən küsdürəndə, o biri tərəfdən sevindirir. Zübeydə xanımın sifətdən bəxti gətirməsə də, daldan bəxti gətirmişdi. Onun müstəsna dərəcədə yekə dalı vardı və yaşadığı rayondakı kişilər sifətin gözəlliyindən daha çox dalın yekəliyinə qiymət verirdilər. Demək olar ki, rayonda məmə yeyəndən pəpə yeyənə qədər az qala bütün kişilər Zübeydə xanımdan kəsirdi. O nazlana-nazlana, ayaq basdığı torpağa belə minnət qoya-qoya küçəylə yeriyəndə kişilər ağızları sulana-sulana onun dalına baxırdılar. Zübeydə xanım ərə getməmişdi. Ona görə yox ki, istəyən olmamışdı. Ona görə ki, istədiyi olmamışdı. Özü belə deyirdi. Ona inanmaq olardı. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dalı müstəsna dərəcədə yekə idi. Dalının kişilər arasında necə məşhur olmasından Zübeydə xanımın xəbəri vardı. Küçədə iki kişini söhbət edəndə görəndə ona elə gəlirdi ki, onlar onun dalı haqqında danışırlar. Daha ayrı nə barədə söhbət edə bilərdilər ki? Zübeydə xanım öz dövrəsinə elə bir təhlükəsizlik hasarı çəkmişdi ki, o hasarı heç bir kişi aşa bilməzdi. Hasarın o tayında bir sürü kişi Zübeydə xanımın dalından ötrü mələşirdi. O heç bir kişini öz dalına layiq bilmirdi. Ona elə gəlirdi ki, əgər onun yekə dalı olmasaydı, lap günəşin üzü tutulardı. 

Bu gün o qırmızı güllü sarı bir don geyinmişdi. Addım atanda, tərpənəndə donun gülləri bir-birinə qarışır, onun mütənasib bədəninin cazibədarlığını dözülməz dərəcədə artırırdı. Qara saçları boynu aşağı, çiyinlərinə tökülmüşdü. Tibb bacıları, həkimlər koridorda o yan-bu yana gedib gəlirdilər. Xəstəxanada işləyən bu adamlar üçün başqalarının ölümü, sancıları, dərdləri adiləşmişdi, yaxın adamlarının xəstəliyi üzündən xəstəxanaya gələnlər üçünsə burda olmaq bir hadisə, taleyin sınağı idi. Həkimlər, tibb bacıları belə hesab edirdilər ki, xəstələr üçün nə mümkünsə edilir və xəstəxanaya gələnlərin həyəcanı onlara artıq və usandırıcı görünürdü. Gələnlər isə möhkəm əmin idilər ki, xəstələr üçün mütləq nə isə edilməmişdir, buna görə həkimlərin, tibb bacılarının sakitliyi onları təşvişə  salır, acıqlandırırdı. Baş həkimi koridorda görən həkimlər, tibb bacıları, ümumiyyətlə, bütün xəstəxana heyəti özlərini daha da məşğul göstərdilər. İşçilərinin ondan qorxmağı Zübeydə xanımın xoşuna gəlirdi. O, belə bir gümanla yaşayırdı ki, xəstəxana onsuz fəaliyyət göstərə bilməz, üç günə batar.

Zübeydə xanım koridorda üstünə qışqırmağa münasib adam tapmayıb otağına qayıtdı. Pəncərəni hirslə açıb, başını havaya çıxarıb həyətə boylandı. Özü də elə boylandı ki, sanki pəncərədən aşağı atılmaq istəyirdi. Həyətdə yenə də həmişəki kimi sağalmaqda olan xəstələr ehtiyatla o başa-bu başa gəzişir, miskin həyatlarını heç olmasa bir neçə il uzatmaq barədə fikirləşirdilər. Heç kim geri dönmək, palataya qayıtmaq istəmirdi. Uzun müddət xəstəxana çarpayısında yatmağa məcbur olan bu adamlar təmiz hava üçün darıxmışdılar. Məcburi bekarçılıq xəstələri əsəbləşdirirdi. Onlara elə gəlirdi ki, xəstəxanadan çıxandan sonra həyatlarında bütün problemlər öz-özünə həll olunacaq. Qolları uzun, ayaqları gödək doktor Orxan Zamanov söyüd ağacının altındakı skamyada oturub üç xəstə ilə söhbət edirdi.  O, həyatın mənasız, fani bir şey olduğu barədə farsca bir neçə kəlmə əzbərləmişdi. Doktor Zamanov xəstələrin o dünyaya köçmələrini yüngülləşdirmək üçün zarafatlar edər və onları inandırırdı ki, bu dünyadakı həyat mənasız və heç bir qiyməti olmayan bir şeydir. Bədəndən uçan ruh mübarəkdir. Komediya nə qədər qısa olsa, bir  o qədər yaxşıdır. 

İki arvad yolun o biri üzündəki aptekin pəncərələrini yuyurdu. Arvadlardan biri nərdivana çıxmışdı. Bir küçə iti başını qollarının üstünə qoyub arvadlara baxırdı. 

Xəstəxananın gözətçisi Dəmir bərk qaşınan belini iştahla armud ağacının gövdəsinə sürtürdü. Gözlərini yumub boyunlarını bədənlərinə qısmış sərçələr budaqların üstündə kirimişcə oturmuşdular. Ağacın altında ensiz bir ağac çarpayı vardı. Axşamlar Dəmir burda uzanıb armud ağacının budaqlarına  baxırdı. Dəmirin belini armud ağacının gövdəsinə sürtməsi Zübeydə xanımı əsəbləşdirdi. Zübeydə xanım yuxarıdan aşağı qışqırdı:

-  Yoldaş Dəmir ... Dəmir ...

Dəmir səsin hardan gəldiyini müəyyən edə bilməyib sağına-soluna baxdı.

- A kişi, hara baxırsan? Yuxarı bax! Yuxarıdayam.

Dəmir  başını yuxarı qaldırıb pəncərədən boylanan Zübeydə xanımı gördü.

- Buyurun, Zübeydə xanım, eşidirəm...
- Qalx yuxarı! Gəl mənim otağıma!  İşim var sənlə. 
- Beş dəqiqəyə ordayam. 
- Beş dəqiqəyə yox, iki dəqiqəyə.

Zübeydə xanım kresloda oturub səbrsizliklə Dəmiri gözləməyə başladı. Beş dəqiqədən sonra Dəmir alma yeyə-yeyə Zübeydə xanımın otağına girdi.  Başına yöndəmsiz papaq qoymuşdu. Çəkməsinin dabanları əyilmişdi. Üst-üstə geyindiyi köynəklərin  hərəsinin bir tərəfi ordan-burdan pırtlayıb çıxmışdı.  

- Sabahdan harda qalmısan? Sənə demədim iki dəqiqəyə otağımda ol?
- Qoca kişiyəm, qaça-qaça gələ bilməzdim. Mənim qaçan vaxtlarım çoxdan keçib. 
- Yoldaş Dəmir, axı bu nə oyundur, sən mənim başıma açırsan? 
-  Nə olub yenə? 
- Bundan artıq daha nə olmalıdır? Bu gün səhər aşpaz mənə məruzə etdi ki, yenə siçanlar anbara daraşıblar. Xeyli makaron oğurlayıblar. De görək, bu nədir? Niyə dövlətin malını batırırsan?
- Siçanlar yox, siçovullar. 
- Olsun siçovul. İndi sən hər şeyi boynundan atıb danacaqsan? Cavab ver, görüm, dövlətin malını niyə canla-başla qorumursan? Bəyəm mən sənə keçən dəfə demədim anbara pişik burax? Demişdim?
- Demişdin. 
- Bəs niyə buraxmamısan? Deməli, sən məni adam yerinə qoymursan. Deməli, sənin üçün mənim sözlərimin çürük qoz qədər qiyməti yoxdur. Elədirmi? Düz deyirəm? 
- Düz demirsən. Mən anbara pişik buraxdım. Rayonun ən yekə pişiyini tapmışdım. Gücü çatmadı, siçovullardan qorxub qaçdı.  
- Pişik qorxub qaçdı, bunu başa düşdük, bəs sən niyə qorxursan? Sənin kimi qarovolçusu olan anbarı siçovullar da dağıdar, siçanlar da. Başqa kişilər ayıyla güləşir, sən siçovulların əlində aciz qalmısan.  
- Mən bu yaşa çatmışam, həyatım boyu o yekəlikdə siçovullar görməmişəm. Allah eləməmiş, birdən çaşıb quyruğunu basıb eləmiş olsan, qayıdıb adamı qapar vallah.
- Əşi, sən lap ağ elədin. 
- Bağışla məni, Zübeydə xanım, mən bu qoca vaxtımda təzədən dönüb pişik ola bilmərəm.
- Niyə olmursan? İşinin adı nədir?  Pişik olmaq istəmirsən, onda heç olmasa, gecələr yatma. Bu hökümətin yolunda gecələr yuxusuz qalsan, dünya dağılmaz. Qoca kişinin nə yuxusu? Yuxu sənin nəyinə lazımdır? İndiki vaxtda nə yatmaq! Bir saat, yarım saat yatdın, bəsindir! Sən bilirsən ki, mən gecə də işləyirəm, gündüz də. Sən də gecə yatma. Dövlətin malını qoru. Sən mənə tabesən.  Mənim əmrim, hökmüm belədir. 
- Zübeydə xanım, mən bu hökmü yerinə yetirə bilmərəm.
- Yetirərsən.
- Qoca vaxtımda yuxusuz qalmaq mənim işim deyil. Lap Əzrayıl əlində qılınc gəlsə, yenə də bu hökmü yerinə yetirə bilmərəm. Yuxu adamın canına ancaq o vaxt yatır ki, harda tutdu, gərək orda da yatasan. 
Zübeydə əlini  stola çırpdı. Stolun üstündəki bütün əşyalar yerindən oynadı. 
- Onda ərizəni yaz, işdən çıx. 
- Yazaram, niyə yazmıram. Bu yaşda təzədən pişik olub anbarda oturmaqdansa evdə acından ölmək yaxşıdır. Yox, yoox... Mən pişik olmaram! Hər nə olsam da, pişik olmaram. Görən, eşidən adama nə deyər? Kasıb olanda nə olar,  mən də özümə görə bir kişiyəm. Vallah boğuluram, nəfəs ala bilmirəm. Allahın bir ucuz ölümün istəyirəm, o da gəlmir. Belə yaşmaqdansa, ölmək yaxşıdır. Hər il qış girəndə deyirəm, daha yaza çıxmaram, ancaq baxırsan ki, çıxıram. Allah məni yaradanda zülm yeməyə yaradıb. Ölsəydim, canım qurtarardı. Görəsən, harda arxayın uzanmaq, harda arxayın ölmək olar? Dünən ölü aparırdılar basdırmağa. Vallah, baxdım tabuta, içində uzanana  paxıllığım tutdu. Bəxtəvər adamdır, öldü, canı dünyadan qurtardı. Mən bu gözlərimlə nələr görmədim, bu qulaqlarımla nələr eşitmədim? Qırışıb-bürüşüb, meymun kimi balacalaşıb bu dünyadan gora getməyin nə mənası var? Bu xaraba qalmış rayonda bir dəlixana olsaydı, oynaya-oynaya çoxdan özümü ora salmışdım. Mərdi qova-qova namərd edərlərmi? Adamın canın boğazına yığmaq olmaz. Çıxarın işdən, gedim oturum xarabamda. Minnətli çörəyi itə atırsan, it də yemir. Yox, yox... Mən bu yekəlikdə zəhəri uda bilmərəm. Mən təmiz alın saxlamışam. Mənim alnım hələ əyilməyib. Mənim alnım həmişə göyə baxıb, ulduza baxıb. Özü də düz göyün ortasındakı ulduza. Bir kəs deyə bilməz ki, Dəmir dövlətin malından bir ovuc un götürüb. Bəlkə fikirləşirsən anbarı mən özüm dağıdıram? Mən anbar dağıdan olsaydım, indi bu otağa yerləşməzdim. Bütün vücudum üç putdan az olar,  çox olmaz. Qurumuşam, dərim yapışıb sümüyümə. Hanı bəs mənim yediyim? Əgər çox yeyirəmsə, niyə belə quruyub çöpə dönmüşəm? Adamın gördüyü işin qədrini biləndə dağı dağ üstünə aşırır, qədrini bilməyəndə ayağını çomaq kimi uzadıb oturur...

Dəmir danışa-danışa kürəyi saralmış pencəyinin ciblərini yoxlayırdı. Qoltuq cibindən dörd qatlanmış kağız, ucu çox pis yonulmuş  çeçələ boyda karandaş çıxardı. Sinəsini stola dirəyib ərizə yazmağa başladı. O, ovcunda itmiş karandaşın  ucunu kağızda gəzdirir, əyri-üyrü hərflər bir-birinə qarışırdı. 
Dəmir nəhayət ərizəni yazıb qurtardı. Vərəqin aşağısına dolaşıq imza atıb Zübeydə xanıma uzatdı. Zübeydə xanım ərizəni götürüb əyri-üyrü, bir-birinə qarışmış hərflərə xeyli baxdı. Nə qədər diqqətlə baxsa da, bir cümlə də oxuya bilmədi.         
- Bura nə yazmısan, qoca? Heç nə oxumaq olmur.
- Bağışlayın, yoldaş baş doktor, mən çox savadlı deyiləm. Təqsir məndə olmayıb. Sizin kimi xoşbəxt vaxtda anadan olmamışam ki, əməlli-başlı savad alım. Evdə yeddi uşaq idik. Çörək tapmırdıq yeməyə. Paltar tapmırdıq geyinməyə. Ayağımız yalın, başımız açıq. Kənddə uşaqlardan çox olsa cəmisi iki-üçünün çarığı vardı. Qalanları ayaqyalın gəzirdi. Mən oxumağı-yazmağı şura hökuməti qurulandan sonra axşam məktəbində öyrənmişəm. Müəllimimiz də balaca bir qız idi. Boyu bir metr olardı, ya olmazdı. Gündüz eşşək kimi işləyirdik, axşam da savad öyrənirdik. Məktəbin qapısı ağzında əli tüfəngli soldat dayanırdı. Dərsdə səs salanı soldat qabağına qatıb aparıb salırdı qoduqluğa. 
-  Soruşuram, burda nə yazmısan? 
- Yazmışam ki, qoca vaxtımda gecələr yatmamaq mənim işim deyil. Mən siçovullarla bacara bilmirəm. Yazmışam ki, saqqalımın bu ağ vaxtında məni el içində rüsvay eləmək istəyirlər. Yazmışam ki, qoca vaxtımda pişik olub anbarda oturmaqdansa, gedib xaraba qalmış evimdə oturmağım yaxşıdır. Yazıb xahiş eləmişəm ki, məni vəzifəmdən azad edin. 

Zübeydə xanım Dəmiri papağından başlamış çəkmələrinin ucuna qədər mənalı-mənalı süzdü və onu gülmək tutdu. Nə qədər özünü sıxsa da, gülməyini saxlaya bilmədi. Gülə-gülə Dəmirin ərizəsini cırıb stolun üstünə atdı. 

- İşçinin ərizəsini cırmaq olmaz, yoldaş baş doktor. Ayrı adam olsaydı, bu ərizənin cırılmağını birbaşa Moskvaya, Kremlə yazardı. Ancaq mən yazmaram, əlim gəlməz. Mən mərdimazar adam deyiləm. 

- Sənin ərizənə orda baxmazdılar.
- Niyə baxmazdılar, lap yaxşı baxardılar. Ancaq mən yazmaram. 
- Mənə diqqətlə qulaq as, qoca!  Hökumətin  malı  bizim hamımızın malıdır. Biz onu göz bəbəyi kimi qorumalıyıq. Yoxsa hər siçan gündə anbardan əlli qram makaron oğurlasa, hesabla gör, il başında neçə kilo makaron edir? Yaxud hərəmiz gündə bircə qəpik qənaət etsək, onda varımız nə qədər artar? Bizə möhkəm xəzinə lazımdır ki, maşın alaq, dövlətimizi daha da bərkidək. Biz dövlətin malının qədrini öz malımızın qədrindən daha yaxşı bilməliyik. Sənin cibin boşalar, dövlətin xəzinəsi doldurar. Ancaq dövlətin xəzinəsi boşalsa, sənin cibin hardan dolar? Xəzinənin doluluğu maşındır, kombayndır, traktordur... Xəzinənin doluluğu xəstəxanadır, məktəbdir, müəllimdir, həkimdir, mühəndisdir. Dövlət işində israfçılıq etmək, dövlətin malını qorumamaq, dövlətin malını dağıtmaq vətən qarşısında xəyanət etmək deməkdir! Dövlətin malını dağıtmaq alnıləkəli torpağa getməkdir. Alnıləkəli torpağa getməkdənsə, murdar olub çölün düzündə qarğa-quzğuna, qurd-quşa yem olmaq min dəfə yaxşıdır. Biz hamımız vətən üçün yaşayırıq. Vətəni sevmək, xalqı sevmək xırda şeylərdə sınanır. Dövlətin malının qiymətini bilməyən adam hardan xəstəxana, məktəb arzu edə bilər? 

Dəmir başındakı papağını əlinə alıb, papağı birinci dəfədir görürmüş kimi o yanına bu yanına baxdı. Sonra papağı başına qoyub dedi: 

- Düzdür.  
- Əlbəttə düzdür, – Zübeydə xanım nəsihətamiz tərzdə sözünə davam etdi, - bəs mən düz olmayan sözü deyərəmmi? İnsanların qayğısına qalmaq lazımdır. Ürək yanmasa, gözdən yaş çıxmaz. Ürək istəsə, hər şey olar, istəməsə, heç nə olmaz. İnsan gərək hər şeydən qabaq insan ola. Bu dünyada adamdan sonra nə qalacaq? İnsanlıq! İnsanlığı olmayan adam çölün ayısı, canavarı kimi bir şeydir.

Əgər Zübeydə xanımın sol budu qaşınmasaydı bu çıxış çox uzanacaqdı. Qaşınma o qədər şiddətləndi ki, daha Zübeydə xanım heç cürə çıxışını davam etdirə bilmədi. 

-Xahiş edirəm mənim bayaq danışdıqlarım, əsəbləşməyim səni kədərləndirməsin. Görünür ki, mən bir az yersiz danışdım. Get, indi işdən çıxmaq vaxtı deyil. Sən hələ bizə lazımsan. 

Dəmir otağı tərk edən kimi Zübeydə xanım qapını arxadan bağladı. Pəncərələrin pərdələrini çəkdi. Qırmızı güllü sarı donunun ətəklərin qaldırıb sol budunu şirin-şirin qaşıdı.