Kişinin yanında qadına nömrə verənlər

kisinin-yaninda-qadina-nomre-verenler
Oxunma sayı: 4818

Azər Qismət

Lut peyğəmbər öz xanidanı ilə gecə şəhərdən çıxdılar. Şəhərin günahkar camaatı çox ağır gecə keçirdi. Səhər olduqda Allahın əzabı gəlib yetişdi. İlahi mələklər o şəhəri alt-üst etdilər, sonra kiçik daşlar yağmağa başladı. Gündüz olduqda Sədum şəhəri, o camaatın vilayəti bir təpə və yaxud düzənlik bir səhraya çevrildi. Dörd min nəfərlik şəhərdən əsər-əlamət qalmadı. Sədum şəhəri qudurğanlıq ucbatından batıb getdi. 

Bu hadisə 2 həftə əvvəl baş verib. Oğlanla qız kafedə ilk görüşlərini keçiriblər. Xoş ovqatla söhbətləşiblər. İki saatlıq görüşdə mərhəm sözlər pıçıldanıb, gözlər mübhəm hisslə toqquşub. Ayrılanda oğlan qızı ötürüb. Taksiyə əyləşiblər. Şütüdükdə arxadan kimsə faralarını yandırıb-söndürüb. Taksi sürücüsü avtomobili kənara verib. Galenvagendən çıxan oğlan sürücünü çağırıb. Əlindəki salfeti həmin qıza verməyi istəyib. Sürücü qədimi kişilərdən olduğundan əvvəlcə imtina edib. Galenvagenin boynuyoğun idarəçisi bildirib ki, “narahat olma, qız qohumdur, evdən çıxıb, anası narahatdır, elə onun məktubunu gətirmişəm” deyərək siqnal verə-verə uzaqlaşıb. 

Taksi sürücüsü salfeti qıza uzadıb ki, ananız məktub verib. Qız təəccüblənib ki, anası onun nömrəsini bilir və istədiyi vaxt zəng edə bilər. Salfeti açanda oxuyub: “Qəşəng qız, mənə bu nömrəyə zəng et”. Qızın həyəcan keçirməsini, əsəbiliyini görən sürücü həmin adamın arxasınca sürməyə cəhd göstərib. Qız onu sakitləşdirib. Bu yerdə yaşlı taksi sürücüsü pıçıldayıb ki, “çox pis zəmanəyə gəlib çıxdıq”. 

Cəmiyyətdə mənəvi aşınmanın tüğyan etdiyini hər gün görürük. Deməyək ki, bu gələcəkdə pis nəticə verəcək. Elə nəticəsini verir. Hər gün, hər saat...Ötən ilin 11 ayında 11 min boşanma hadisəsi, uşaqların evdən qaçması, yaxud valideynləri döymə və öldürmə, qadınların 4-5 uşağını qoyub kiməsə qoşulması və nəhayət, kişinin yanında xanıma nömrə vermə.

Dəyərlər ona görə itir ki, ona uyğun insanlar formalaşır. Mənəviyyat ona görə sustalır ki, onu alçaldanların müdafiəçiləri, dəstəkçiləri artır. Axı, o Galenvagen sürən oğlan hardan bilsin ki, kişinin yanında qadına gözünün ucu ilə də baxmazlar. Hardan bilsin ki, kişi evdə olmayanda mənzilə daxil olmazlar, kişinin işdən gəlməsini gözləyərlər. Hardan bilsin ki, hamilə qadına baxmaq günahdır. 

İndi kişilər gəlib görür ki, iş yoldaşı evdə oturub gözləyir, hələ çay da içir. Əlbəttə, burda ayıb heç nə yoxdur. Amma yazılmayan qanunlar itib gedir, oğru dünyasının, elə kişilik dünyasının qaydaları ilə danışsaq, evə girib oturmazlar, əsl sahibi gözləyərlər. İndi satıcılar əri qoyub qadından “nə lazımdır” soruşurlar. Ofisiantlar hesabın ödənməsi qəbzini qadınlara uzadırlar, bu yerdə kişilər özünü fındıq hesab edirlər. Əlbəttə, qadın kişidən qabaqda irəliləyə də bilər (halbuki, arxada gəlmək daha mədəni və kişiyə hörmət anlayışıdır), yaxud ticarət mərkəzində “bunu neçəyə verirsiz” deyib özünü qabağa da atar, çantasından pul da çıxarıb uzadar.

Halbuki, indi də qadınlar var ki, pulu ərinə gizlin ötürür ki, heç kim görməsin, qoy, pulu əri versin, qoy, özünü cəmiyyətdə daha fəxarətlə aparsın. Bu heç nəyə əsas vermir ki, kişini qoyub qadınla alver edəsən. Indiyə qədər də satıcılar, taksi sürücüləri, ofisantlar var ki, qadının hərəkətlərinə baxmayaraq üzlərini kişiyə tutub danışırlar. Buna kişi həmrəyliyi deyərlər. Bu həmrəyliyi qoruyanlar hələ də qalıb. Nə yaxşı ki qalıb. 

O Galenvagen sürən oğlanın ailəsində matriarxat dövrünün olması gün kimi aydındır. Evdə kişi olsaydı oğlunu kişi kimi böyüdüb bəzi məsələləri, yazılmayan qanunları anladardı. O oğlan o qədər qızları sındırıb ki, ya da puluna görə su kimi axanları görüb ki, onun üçün qürurlu qadın anlayışı yoxdur. Ona elə gəlir ki, oğlan yanında qıza nömrə vermək də olar, hələ yaxınlaşıb onun əlindən almaq da. 

O taksi sürücüsü bu sözləri də pıçıldayıb: “Deyəsən, Lut peyğəmbərin dövründəki kimi göydən başımıza daş yağacaq”.