“Kislota”nı onun boğazına tökmək lazımdır

kislotani-onun-bogazina-tokmek-lazimdir
Oxunma sayı: 3364

Raminə Eyvazqızı

Qarabağı və işğal olunmuş rayonları ona görə geri arzulayırıq ki, orada qiyməti bilinməyən meşələr qoymuşuq.  Oraların təbiətini gözəl edən, iqlimini formalaşdıran, insan üçün səmərəli edən həmin meşələr , ağaclardır.  Özünü hələ də məcburi köçkün hesab edənin xatirələrində və arzularında daim canlanan səhnə var: kəndində, rayonunda hansısa ağacın altında oturmaq. Və bu insanlar bir gün doğma torpağına qayıtsa, həmin ağacla görüşməyi arzulayırlar. 

Hətta bir yaxınım var, 25 ildir Bakıda, səfər etdiyi  yerlərdə  vaxtiylə bağçasında olan armud ağacından axtarır, tapmır. Hamı evini –eşiyini hələ də ağacları ilə xatırlayır, axı ağaclar insanla böyüyən,  ailə üzvünə çevrilən canlılardır.

Xatırladım, ağac düşmənləri qoy bilsinlər ki, ermənilər tərəfindən işğal olunmuş  torpaqlarımızda, ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, yaşı 120-dən çox olan ağac növlərini vardı. “Vardı” ona görə deyirəm ki, o ağaclardan, meşələrdən nə qədəri sağdır, dəqiq  bilmirik. İndi bu meşələdəki qiymətli ağacların  hansı erməni, rusun, əcnəbinin mebelinə, ya evinə  istifadə olunduğunu da Allah bilir. Axı onların nəyinə lazım azərbaycanlının əkdiyi ağaclar, onlar intiqamlarını təbiətimizdən  aldıqları qədər alıblar. 

Bir də axı, paytaxtda ağacları gözümüzün qabağında kəsib doğrayan məxluqlar olduğu müddətcə erməniin ekoloji terrorundan ağızdolusu danışmaq bizi gülməli vəziyyətə gətirməzmi?

Ağacın qiymətini onu əkən, sulayan bilər. Dibinə bir gecədə kislota töküb, onu qəsdlə məhv edən qanmaz. Belələrinin kislotanı əlindən alıb boğazına tökmək lazımdır ki, sabah başqalarına dərs olsun. Tikdiyiniz o ticarət mərkəzləri bir gün başınıza uçacaq “kislota”sevərlər.

Siz bizim düşmənimizsiz, erməni adlı yağı tərəfindənsiz. Ağacların məhvi üçün çalışan, şəhəri ağacdan kəm etməyə can atanlar, bu şəhərdə sizin də övladlarınız böyüyür. Şəhərin çirkli havasının səbəbkarları qırılmış ağacların yerində betonlama işi aparan vəzifəsindən sui istifadə edənlərdir. Bir gün onların ölüm səbəbi elə ağciyər xəstəliyi olacaq. Havasız qalacaqsız, boğulacaqsız, sizi meşəsi gözəl olan, haram pulla tikdiyiniz bağ evinə aparacaqlar, kar olmayacaq, boğulub öləcəksiz. 

Pul yemək üçün Bakının yarıtmaz torpaqlarında kütləvi ağac əkmə kampaniyasında şəkil çəkdirənlər, əlindəki bellə poz verənlər sizin ürəyinizə, beyninizə biz bələdik, nəyi gizlədirsiz? 

Deyirəm bəlkə, bu ağaca qənim  kəsilənlər uşaq vaxtı ağaca dırmaşa bilməyənlər,  ağaca açılan yelləncəkdən, ya elə ağacdan yerə yıxılıb travma alanlardır. Yoxsa, bu ağac qətlləri niyə baş versin ki?

Deyilənə görə, hər ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edir. Ağac ona lazım olan qidanı 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. Bəs bu ağac qənimləri niyə qanmır ki, ağaclar tapdalağımız torpaqdan çox hava ilə dolanırlar? Yəni ağaclar üçün hava elə bizim qədər lazımdır. 

Ağacların dibinin “kislota” ilə quruldulmasına Yasamal rayonunun icra başçısının reaksiyası, həmin ağaclarla görüşməsi də maraq doğurur. İcra başçısı söz verib ki, məsələ  nazirliklə birgə araşdırılacaq.  Amma araşdırma üçün vaxt sərv etməyə dəyməz axı. Ona görə ki, həmin faktlı-sübutlu videonu çəkən  vətəndaşların dialoqunda   məlum ərazidə kimlərinsə gözü olduğu vurğulanır. Gözünü pul tutmuş kor insanların “kislota” ilə məsələni həll etməsi də bəsit addımlardan biridir.

Qısası, uzatmadan, qarğışlara keçmədən  kimin  ağac düşmənləri olduğunun açıqlanmasını gözləyək.  İndi deyirsiz, çox gözləmərik…