Kitab oxumayan bank müdiri

kitab-oxumayan-bank-mudiri
Oxunma sayı: 2396

Seymur Verdizadə

Tanınmış bankların birində filial müdiri vəzifəsində çalışan qohumum ötən gün məndən soruşdu: “Müəllim, yazılarınızın birində Markesin adını çəkmisiniz. Markes kimdir?”

Həvəslə izahat verdim: “Markes dünya şöhrətli yazıçıdır. “Patriarxın payızı”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Polkovnikə məktub yoxdur”, “Yüz ilin tənhalığı” və başqa ölməz əsərlərin müəllifidir. Onu ölkəsindən kənarda da çox sevirlər”.

Qohumum halını pozmadı: “Belə bir yazıçının olduğunu ilk dəfədi eşidirəm”.

Bu dəfə mən soruşdum: “Bəs sən hansı yazıçıları tanıyırsan?”

Cavabı belə oldu: “Səməd Vurğunun, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, bir də Çingiz Abdullayevin adını çox eşitmişəm”.

Məndən xeyli gənc olan qohumumu dost-tanış yanında pərt etməmək üçün dilimin ucundakı sözləri çətinliklə geri qaytardım. Amma növbəti sualı vermədən keçə bilmədim: “İndiyə kimi neçə bədii kitab oxumusan?”

Qohumum alnını qaşıdı: “Bəlkə də inanmayacaqsınız, bu 30 ildə bədii kitab oxumağa vaxtım olmayıb”.

Səbəbini mən soruşmadım, özü dedi: “Orta məktəbdə oxuyanda ikinci qrupa hazırlaşırdım. İkinci qrupda ədəbiyyatdan imtahan olmadığı üçün vaxtımın çoxunu riyaziyyat və coğrafiyaya sərf edirdim. Universiteti qurtardıqdan sonra əsgərliyə getdim. Sonra da iş-güc başımı qatdı”.

Qohumum boylu-buxunlu, yaraşıqlı oğlandır. Onun savadsız olduğunu heç kim iddia edə bilməz. Köhnə kişilərin təbirincə desək, ali məktəbə öz başı ilə girib. Üstəlik, karyera qazanmasında valideynlərinin heç bir rolu olmayıb. Tay-tuşlarının çoxu onun bu gənc yaşda əldə etdiyi mövqeyə həsəd aparır. Demək istədiyim odur ki, hazırda tanınmış bankların birində filial müdiri olan bu adam əgər indiyə kimi heç olmasa, bircə bədii kitab oxumayıbsa, bu, təkcə onun günahı deyil...

Vəhşi kapitalizm Azərbaycanı öz caynaqlarına keçirməyə başlayandan sonra elm, təhsil, mədəniyyət arxa plana keçdi. Əvvəllər yazdığım bir fikri yenə təkrarlamaq istəyirəm: oxumaq deyəndə Azərbaycanda insanların ağlına kitabdan əvvəl mikrofon gəlir. Bank müdiri işləyən qohumumun uşaqlıq və gənclik illəri kitabxanaların kababxanalara çevrildiyi dövrə təsadüf etdiyi üçün o, Bəxtiyar Vahabzadənin şair deyil, yazıçı olduğunu düşünür...

Bədii kitab oxumaq insanın mədəni zövqünü formalaşdırır, onda özünə inam hissini artırır. Kitab oxuyan adamın söz ehtiyatı çox, nitqi səlis olur. Adam tanıyıram ki, nəvəsini döyə-döyə kitab oxutdurur. Səbəbini isə belə izah edir: “Kitab oxumasa, sabah bir qıza aşiq olanda sevgisini izhar etməyə söz tapa bilməyəcək”. Həmin adama haqq verirəm. Sevgililər var ki, bir araya gələndə danışmağa söz tapmırlar. Kitab oxumayan, sərgi salonlarının yolunu tanımayan, teatra getməyən, film seyr etməyən adamlar nədən danışa bilərlər ki?..

Kitabı təbliğ etmək ümumxalq işi olmalıdır. Azərbaycanın dövlət himninin sözlərini bilməyən, Qara Qarayevi tanımayan, Mirzə Cəlilin adını eşitməyən şou-biznes əhlinin at oynatdığı mühitdə bu nə qədər çətin olsa da, biz yenə yolumuzdan dönməməliyik. Çünki başqa yol yoxdur.

P.S.Gecə-gündüz kitabı təbliğ etsək də, bəzən öz yaxın adamlarımıza da mütaliə prosesinə cəlb edə bilmirik. Yaşlı oxuculardan üzr istəyirəm, 10-cu sinif şagirdi olan oğlumun indiyə kimi oxuduğu bədii kitabların sayı üçdən artıq deyil. O da bank müdiri olmaq istəyir...