KİV-in idman problemi araşdırılacaq

kiv-in-idman-problemi-arasdirilacaq
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, ZMM sədri Rəhim Hüseynzadə KİV-lər üçün açıqlanmasında bildirib ki, son aylar aparılan monitorinqlər, özünü biruzə verən tendensiyalar və digər amillər bunun zəruriliyini, media və jurnalistlərimizlə yanaşı geniş oxucu, izləyici auditoriyasının mənafeləri ilə uzlaşdığını aşkarlayıb. Ona görə də sentyabrdan layihəyə start verilib.

O əlavə edib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lərimiz yer ayırır. İlk baxışda mövzunun işıqlandırılması vəziyyəti qənaətbəxş təsiri bağışlayır. Doğrudur, məsələyə yanaşmada ixtisaslaşmış idman KİV-lərinin də problemləri mövcuddur. Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb. Bunlar hansılardır? Futbol və bəzi olimpiya oyunları istisna edilməklə əksər idman növləri medianın demək olar ki, diqqətindən kənarda qalır. Qəzetlərdə gedən materialların böyük qismi xəbər portallarından götürülür. Mövzular əsasən xarici ölkələrin idman həyatı ilə bağlı olur. Təbliğedici, təşviqedici məqalələrə nadir hallarda rast gəlinir. Problemlərə və onların həlli yollarına demək olar ki, toxunulmur. Arzulanan təşəbbüskarlığın, yaradıcı mühitin nəzərə çarpmamasını, termin, dil, üslub xətalarını da bura daxil etmək mümkündür.

R.Hüseynzadə bildirib ki, layihə sadalanan problemlərin həllinə dəstək məqsədi daşıyır. Bunun üçün aşağıdakı tədbirlərin reallaşdırılması nəzərdə tutulur: monitorinqlərin keçirilməsi; sahədən yazan jurnalistərin treninqlərə cəlb olunması; “dəyirmi masa”ların təşkili; müsabiqələr vasitəsilə idman mövzusunun fəal və peşəkarlıqla işıqlandıran KİV-lərin, jurnalistlərin mükafatlandırılması.

ZMM sədri bu il sentyabrın 1-dən başlayan layihənin iki mərhələli olacağını deyib. Birinci mərhələ dörd ayı əhatə edəcək və idman ilinə həsr olunacaq. Digərinə mayın 10-dək yekun vurulacaq. Bu mərhələ ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr ediləcək. Layihə, müsabiqələr və onların şərtləri barədə oktyabrın əvvəllərində keçiriləcək “dəyirmi masa”da daha ətraflı məlumat veriləcək, KİV-lərdə elanlar gedəcək.