Kiyev Şəhər Administrasiyasının nümayəndələri “Təmiz Şəhər”də olublar

Kiyev Şəhər Administrasiyasının nümayəndələri “Təmiz Şəhər”də olublar
Oxunma sayı: 926

Kiyev Şəhər Administrasiyasının nümayəndələri Azərbaycanın tullantıların idarəolunması sahəsində təcrübəsini öyrənmək üçün “Təmiz Şəhər” ASC-də olublar. Qonaqlara Səhmdar Cəmiyyətin fəaliyyəti, reallaşdırılan layihələr barədə məlumat verilib.

"Qafqazinfo" xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov bildirib ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ən sərt ekoloji tələblərə cavab verir və 4-cü nəsil texnologiyalarla inşa edilib, il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizə etmək və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olublar. Məlumat verilib ki, poliqon bütün sanitar normalara uyğundur. Poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən 10 mindən artıq ağacın suvarılmasında istifadə olunur. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir. Bu enerji poliqonun daxili ehtiyacları üçün istifadə olunur.

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu ilə tanış olan qonaqlara məlumat verilib ki, Almaniya texnologiyaları ilə inşa edilən zavod il ərzində 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantırar plastik, PET, kağız, sellofan, şüşə və digər növlərə çeşidlənərək preslənib təkrar emal müəssisələrinə yollanır.

Qonaqlara həmçinin, ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış 7 ha sahəni əhatə edən Balaxanı Sənaye Parkı barədə də məlumat verilib. Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var. 

Kiyev Şəhər Administrasiyasının nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyətini, zavodların işini yüksək qiymətləndirib, tullantıların idarəolunması sahəsində Azərbaycan təcrübəsinin Ukraynada tətbiqinin faydalı olacağını vurğulayıblar.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi