Klassikləri necə söyməli?

klassikleri-nece-soymeli
Oxunma sayı: 1862

Qan Turalı 

Klassikləri söymək ya da öymək milli idman növümüzdür.

Hər iki hal üçün də böyük intellekt filan tələb edilmir.

Bərbəzəkli sözlər, təntənəli ifadələr...

Ya da təhqir, rəncidə, həqarət.

Və hər iki tərəfin də əlində çürüyən arqumentlər...

Hardan başlayasan, bilmirsən.

Elə öyməkdən başlayaq o zaman.

Məsələ odur ki, biz klassiklərimizi doğru-dürüst təhlil edə bilmirik.

Eləcə bəy tərifi deyirik.

"Ölməz Cəfər Cabbarlının parlaq pyesi Sevildə"  ilə başlayan cümlələr qururuq.

Klassiklərimizin bizə miras qalan ədəbi əsərləri var.

Onları bu günün ruhu ilə oxumaq var, anlamaq var.

Onun niyə klassik olduğunu anlamaq və anlatmaq var.

Onlar haqqında dünya ədəbiyyatşünaslığının ölçü və meyarları əsasında monoqrafiyalar yazmaq var.

Bunlar bizdə yoxdur.

Nizami ilə fəxr edirik, amma Nizaminin adına layiq, dünyada bütün universitetlərin dərs kitabları səviyyəsinə qalxmış tədqiqatlar yazmırıq.

Yaza bilmirik.

Və beləcə də klassiklərimizi sxematik bir şeyə çeviririk.

Çünki Nizami bizimdir həm də buna görə də nizamişünaslığın mərkəzi də Azərbaycan olmalıdır.

Bu məsələnin bir tərəfi...

Qaldı söyənlər...

Bu son dövrün tendensiyadır.

Və açıq etiraf edək ki, qorxulu tendensiyadır.

Bir insan ağzını açıb klassik şair ya da yazıçılar haqqında hər şeyi deyə bilir.

Kimdən ya da nədən qorxacaq ki?

Məmur deyil, vəzifədə deyil klassik. 

Ən pisi də odur ki, cəmiyyət bu cür tənqidlərə sərt reaksiya verir.

Bəli, pis cəhət də bundadır.

Bu sərt reaksiyalar insanları həvəsləndirir.

Gələn dəfə başqa bir klassik haqqında başqa axmaq arqumentləri  oxuyuruq.

Bir az sonra növbətisi gəlir.

Hər dəfə də daha ucuz arqumentlər eşidirik, oxuyuruq.

“Səməd Vurğun xain imiş” sən demə.

Bir şeyi açıq danışmaq və demək lazımdır.

Klassik dediyimiz insanların ölümündən yüz ildən çox zaman keçir.

Onlar bu günə qədər ədəbiyyatda qalıblarsa deməli onları ədəbiyyat olimpində saxlayan bir qüvvə var.

Bu qüvvə də onların unudulmaz əsərləridir, əyarını hələ itirməmiş yazılarıdır.

Klassiklərin məqamı buna görə ucadır, onlar zamanın cari küləklərindən, fırtınalarından sıyrılıb bu günlərə qədər gəlib çıxıblar.

Sabiri, Mirzə Cəlili eləcə də Nizamini, Nəsimini heç kim ədəbiyyat tarixindən çıxarda bilməz.

Hə, kimsə onları sevməyə bilər.

Bundan Nizamiyə nə dəxli?

Bu o adamın bisavadlığıdır, nadanlığıdır.

Və o adam nadan cürəti ilə ayağa qalxıb hansısa bir klassiki başa düşmədiyini ya da nə bilim, onunla bağlı hansısa bir neqativ fikir deyirsə bu elə o adamın özünün bisavadlığına dəlalət edir.

Bu birmənalıdır.

Baxırsan, mediada belə “arqument”lər səslənir.

Tolstoy da Şekspiri sevmirmiş.

Axundov Füzulini inkar edirmiş.

Qardaş, onlar özləri bilərlər, kimi sevərlər, kimi sevməzlər.

Bundan bizə nə?

Axundov Füzulini bəyənmirsə özü bilər.

Çünki Axundov bizim nəsrimizin ustadırı, dramaturgiyamızın atasıdır.

O Füzulini inkar edirsə bundan sənə nə?

Və Axundov Füzulini inkar etməyi ilə Füzuli yoxluğa yuvarlandımı?

Füzuli unuduldumu?

Əlbəttə ki, yox!

Ona görə də Şekspiri inkar etmək üçün Tolstoy olmaq gərək.

Tolstoy deyilsənsə kənarda dur.

Şekspiri heç olmasa Tolstoy qədər oxu və anla.

Vəssalam!!!