“Klubdan da danışmağa icazə vermirlər” - Ruslan Abışov

klubdan-da-danismaga-icaze-vermirler
Oxunma sayı: 1393

“İlin ilk oyunudur. İstəyirik ki, qələbə ilə başlayaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ruslan Abışov sabah Moldova ilə keçiriləcək matçdan öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli futbolçu qələbə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:

“Qələbə qazanmaq üçün hər şey edəcəyik. Qələbə üçün sonadək yaxşı oynamalıyıq”.

- “Neftçi” yoldaşlıq matçında 1:8 hesabı ilə məğlub oldu. Psixoloji cəhətdən özünü necə hiss edirsən?

- Düzdür, klubla yığmanı qarışdırmaq istəməzdim. “Neftçi”nin böyükhesablı məğlubiyyəti təsadüfi nəticə idi. Sabahkı matçda ən yaxşı oyunumu sərgiləməyə çalışacağam.

- Qurban müəllim “Neftçi”nin futbolçuları ilə xüsusi söhbət edib?

- Yox, sadəcə, fiziki durumumuz barədə soruşdu. Bilirsiniz ki, ayın 27-si iki yoxlama oyunu oynamışdıq. Sırf sabahkı oyuna hazırlaşırıq.

- Moldova haqda hansı məlumatlara sahibsiniz?

- Rəqibi analiz etmişik. İnanıram ki, yaxşı çıxış edəcəyik.

- Sənin hansı mövqedə oynamağın ən çox müzakirə edilən mövzulardan biridir. Maraqlıdır, harda oynamaq sənə rahatdır?

- Əlbəttə, öz mövqeyimdə - müdafiənin mərkəzində oynayacam.

- “İnter”də oynadığın zaman çox məhsuldar idin, qollar vururdun. Yenidən bunu etmək fikrin varmı?

- Bir müddət millidə çıxış etmədim, səbəbini də hər kəs bilir. Bundan sonra millidə daim əsas heyətdə oynamaq istəyirəm. İmkan daxilində fərqlənməyə çalışacam.

- “Neftçi”də nələr baş verir?

- “Neftçi” barədə danışmaq istəmirəm. Klubdan da danışmağa icazə vermirlər.

- “Neftçi”nin indiki vəziyyəti çempionata start verməyə hazırdımı?

- Hər şeyi zaman göstərəcək.