Koçaryana görə yüksək vəzifəli məmurlar dindirildi

kocaryana-gore-yuksek-vezifeli-memurlar-dindirildi
Oxunma sayı: 647

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryana qarşı 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar başlanılan cinayət işi çərçivəsində bir neçə yüksək vəzifəli məmur dindirilib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə keçmiş prezidentin vəkili Ayk Alumyan bildirib. 

Qeyd edək ki, eks-prezident Serj Sarkisyan da dünən Xüsusi İstintaq Xidmətinə çağırılaraq mart hadisələrinə görə təxminən 5 saat ifadə verib. Vəkil  qeyd edib ki, əgər hətta Sarkisyan mart hadisələri ilə bağlı şahidlik edibsə, onun ifadəsi Koçaryana qarşı açılan cinayət işində sübut kimi təqdim olunmayıb.

Xatırladaq ki, 2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar. 10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarkisyan yox, Levon Ter-Petrosyan qalib gəlib. Konstitusiya Məhkəməsi isə o zaman seçkiləri qanuni olaraq tanıdığını, Sarkisyanın 52,86 faiz səs, Levon Ter-Petrosyanın isə 21,5 faiz səs topladığını açıqlamışdı.

Bundan sonra martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində – Myasnikyan abidəsinin yaxınlığında 10  nümayişçi öldürülüb. Hadisə nəticəsində 200-dən çox insan yaralanıb.