Köçkünlər Qanlıgölün ətrafından köçmək istəmir- - Fotolar+Video

kockunler-qanligolun-etrafindan-kocmek-istemir-
Oxunma sayı: 2501


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftə 100 ailə köçürülüb. Etirazlara baxmayaraq bu gün də evlərin söküntüsü davam etdirilib.

Məcburi köçkünlərin sözlərinə görə, bu ərazidə 500-dən çox köçkün ailəsi yaşayır. Onlar “Lider” televiziyasının yaxınlığında tikilən çoxmərtəbəli binalara köçürülürlər.

Fizuli rayon sakini Nigar Məmmədova  açıqlamasında dedi ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ötən həftə əraziyə gələrək qaçqınlarla görüşüb: “Əli müəllim dedi ki, məndən nə kompensasiya istəməyin, nə də “köçməyəcəm” deməyin, çünki bu ərazi gələn ilin yayında Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər təmizlənməlidir. Amma Əli müəllim köçürülmə zamanı bizim də istəyimizin nəzərə alınacağına söz verdi. Sonradan isə dedilər ki, sizi çoxmərtəbəli binalara köçürsək də həmin evlərə sənəd verməyəcəyik. Bəhanələri də odur ki, indiki evlərinizin sənədi yoxdur. Burada yaşayan yüzlərlə ailənin sənədi qaydasında deyil. Heç “Sovetski” məhəlləsində yaşayanların da evlərinin sənədləri olmayıb. Yəni yeni verilən evlərdə müvəqqəti yaşayacağıq”.

Məcburi köçkün Arif Əliyev isə 4 nəfərlik ailə üzvünə ikiotaqlı mənzillərin verilməsindən narazıdır: “2011-ci ildə Əli Həsənov gəlib bizi köçürəcəyini demişdi. Biz də demişdik ki, Bakıda işləyirik, uşaqlarımız burada oxuyur. Kəndlərə gedib iş tapmaq çətindir. O da söz verdi ki, yeni evlər tikiləndə sizi evlə təmin edəcəyik, sənəd də verəcəyik. Biz hazır evlərə girməmişik, 22 ildir dişimizlə-dırnağımızla ev tikirik. İndi isə deyirlər ki, 4 nəfər ailə üzvünə 2 otaq veririk. Mənim oğlumun 27 yaşı var, evləndirmək istəyirdik. İkiotaqlı mənzilə necə gəlin gətirim? 120 kvadratmetrlik ev tikmişəm. Mənə ya üçotaqlı mənzil, ya da kompensasiya versinlər, gedib ev tikdirim”.

Qaçqınların szölərinə görə, 2 nəfərə birotaqlı, 3 və 4 nəfərli ailə üzvünə ikiotaqlı, 5 nəfərə 3, 6 və daha çox ailə üzvü olanlara isə dördotaqlı mənzil verilir. Şikayətçilər mərtəbə bölgüsündən də narazıdır: “Mərtəbə bölgüsü zamanı yaşlı insanları nəzərə almırlar. Mənim 70 yaşım var. İşıq olmasa, lift işləməsə, aşağı necə düşüm?”

10 ildən artıqdır bu ərazidə vaqonda yaşayan Yusif Quliyevə isə ümumiyyətlə mənzil verilməyəcək. Ona “vaqonunu da götür, hara istəsən, ora apar” deyiblər.

Şikayətçi söylədi ki, illərdir iki oğlu ilə birgə vaqonda yaşayır: “Üç nəfər bu balaca vaqona sığınmışıq. Oğlanlarım gündəlik çörəkpulunu güclə çatdırırlar. Qışda soyuqdan donmuşuq, yayda da istidən qovrulmuşuq . Bir ay əvvəl “Qaçqınkom”un Yasamal üzrə nümayəndəsi olan Nigar xanım gəlib yaşadığımız yerə baxdı. Məni mənzil növbəsinə götürdü. Bu günlərdə isə dedi ki, səni mənzil növbəsindən çıxarmışıq, ev verməyəcəyik. Nigar xanım heç kimin şikayətini dinləmir. Mən birotaqlı evə də razıyam”.

Y.Quliyev komitə nümayəndəsinin köçkünlərə təhqiramiz münasibət göstərdiyini də bildirdi: “Məni dinləmək istəmədi. Bu qadın gedir, arxasınca da biz gedirik. Dayanıb dinləmir, “ya səhv, ya da düz deyirsiniz” demir. Amma prezident ad gününü qaçqınların arasında keçirir, onların dərdi-səri ilə maraqlanır”.

Prezident İlham Əliyevə müraciət edən Yusif Quliyev ondan kömək istədiyini dedi: “Mən prezidentə müraciət etmişəm, 3 nəfərlik ailəyə heç olmasa birotaqlı ev versinlər. Heç olmasa ömrümün qalan hissəsini insan kimi yaşayım”.

Qeyd edək ki, Y.Quliyev kimi illərdir vaqonlarda yaşayan ailələr var.

Məcburi köçkün ailələri ilə yanaşı yerli sakinlər də narahatlıq içindədir. Yerli sakin olan Mahir Hüseynovun sözlərinə görə, heç kim problemləri ilə maraqlanmayıb, söküləcək evlərin müqabilində nə kompensasiya, nə də ev təklifi almayıb: “İki ay bundan əvvəl gəlib evlərin sahəsini hesabladılar. Bizə dedilər ki, hələ söküntü aparılmayacaq”.

Maraqlıdır ki, mənzillərin sahəsini hesablayandan sonra məhəllənin işıq xətləri yenilənib, elektrik dirəkləri quraşdırılıb. Bundan bir neçə gün sonra isə söküntüyə başlanılıb.

M.Hüseynov deyir ki, ərazidə yaşayan 60-dək ailənin dərdini  eşidəcək qurum yoxdur: “Yasamal Rayon İcra Hakimiyyətinə getmişik. Bizə dedilər ki, sizi küçəyə atmayacaqlar, ya ev, ya da kompensasiya veriləcək. Amma indi sökürlər, heç kim də hara köçəcəyimizi demir”.

Yerli sakinlər onu da deyirlər ki, köçkünlərin evləri söküləndən sonra işıq, qaz və su kəsiləcək: “60-a yaxın yerli ailənin evləri köçkünlərin evlərinin arasında yerləşir. Bizim vəziyyətimiz necə olacaq - bilmirik. İşıq, qaz, su olmadan necə yaşayacağıq, uşaqları hara aparaq?”

Onu da qeyd edək ki, biz ərazidə olarkən Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, “Qaçqınkom”un Füzuli, Ağdam, Laçın nümayəndəliyi və polislər də orada idi. Siyahı əsasında söküntü aparılırdı. Lakin komitənin nümayəndələri köçkünlərin şikayətinə münasibət bildirmədilər, hətta jurnalistləri ələ salmağa başladılar. Bu isə mətbuat nümayəndələrinin ciddi etirazına səbəb oldu.

“Qaçqınkom” nümayəndələri ilə jurnalistlər arasında belə bir dialoq oldu:

-Yeni qanuna görə, bura gəlmək, bizimlə danışmaq üçün icazə almalısınız.

-Kimdən?

-“Qaçqınkom”un mətbuat xidmətinin icazəsi olmadan nə ixtiyarla sökülən evləri çəkirsiniz? Siz komitənin icazəsi olmadan köçürülmə prosesinə baxa bilməzsiniz.

Jurnalistlərin etirazından sonra nümayəndələr gülərək onları ələ salmağa başladılar.

Qeyd edək ki, Binəqədi ərazisindən köçürülmə zamanı komitənin sədr müavini Gəray Fəhradov da jurnalistə “mən sizi aşağılamaq istəmirəm, işiniz budur, jurnalistsiniz də, amma yazmaqla guya nəyi dəyişəcəksiniz” - deyə azad mətbuata rişxənd etmişdi.

Görünür, komitənin xırda məmurları sədr müavininin yolu ilə addımlayırlar. Onlara uğurlu yol. Sadəcə onu xatırladaq ki, özündənrazı xırda məmurların mətbuatla bu dildə danışmağa cürət etməzdən əvvəl arada açıb qanunlara da nəzər salması, ölkədə gedən ictimai-siyasi proseslərdən, dövlət başçısının tövsiyələrindən düzgün nəticə çıxarmağı bacarması da pis olmazdı. Əks halda “göbələy”i “göstəbək” kimi başa düşməkdə davam edəcəklər...

Məcburi köçkünlər isə bu günlərdə Prezident Administrasiyasının qarşısına toplaşaraq şikayətlərinin dinlənilməsini tələb edəcəklərini dedilər.