Köhnə nazirin qeybəti

kohne-nazirin-qeybeti
Oxunma sayı: 2915

Raminə Eyvazqızı

Yağ bal içində üzən, maaş gözləməyən, "maaş" adlı bir məfhumu anlamayan, "ata pul ver" deyəndə "yoxdu" kəlməsini eşitməyən biri üçün o tərifi yazmaq çox normal idi. Atasıdı da. Niyə qınayırsız? Frans Kafka deyil ki, səbrlə oturub  "Atama məktub" adlı yüz səhifəlik əlyazma yazsın və  atasını yaxşısı, pisi ilə tənqid etsin. Atasına demədiyi qalmasın, kişinin nöqsanlarını qorxmadan sadalasın. 

Atanın qeybətini el-oba arasında qıracaqsansa, götür-qoy etməlisən. Yaxşı mənada qeybətini  qıranda da bir az ağıllı başla düşünməlisən. Yeridirmi, zamanıdırmı, bu lazımdırmı? Düşünmək də bir "vergi"dir. Allah vergisi. Amma bu vergi olmayanda, ətraf tərəfdən yaxşı xal qazanmaq da mümkün deyil. 

Eks nazir Fazil Məmmədovun işindən uzaqlaşdırılmasına qızının yazdığı motivasiya "məktub"u bir jest ola bilər. Türkiyə türkcəsində şeir, ingilis və azərbaycancada atanın mədhiyyəsi. Bu günədək ölkə haqqında heç bir kəlmə söyləməyən, atanın işinə qarışmayan övladın, birdən dillənib ata müdafiəsinə qalxması üçün səbəb nə ola bilər? Eks nazir haqqında eşidilməyən xoş sözlərmi? Onun sabiqləşməsinə heç kəs dilxor olmadı, heç kəs təəssüflənmədi? Övlad dilə gəldi. Artıq ata bizdən biri olub, qızı da nazir qızı deyil. Sadə insan olmaq bu qədərmi ağır gəlir? Ola bilər. Amma qızının sosial şəbəkədəki  jestı yalnız ata-bala münasibətlərində səmimi qalmağa yetərlidir. Çünki heç cəmiyyəti təsirləndirmədi. 

Bir məmurun işdən ayrılması, istefası və ya qovulması kimi normal heç nə ola bilməz. Amma uzun müddət vəzifə başında olmağın da dadının damaqda qalan vərdişləri olur. Görünür, bu vərdişlərdən qurtulmaq üçün hər eks məmurun psixoloji dəstəyə də ehtiyacı var. Hörmətli Milli Məclisimiz bu barədə də nələrsə düşünməlidir. Xalqına xidmət və ya "xidmət" edən insanların işindən ayrıldıqdan sonra mütləq tibbi müayinəsi və psixoloji dəstəyi gərəkdir. Çünki ola bilər ki, vaxtiylə istənilən vəzifə başında həmin insan etdiklərinin fərqində olmaya və işini itirdikdən sonra fikirləşməkdən başı çatlaya, ürəyi tab gətirməyə. Beləcə vəzifə arzulamağın da öhdəlikləri var. Arzuların zibilinə düşməyin! Arzular azdırmasın, arzuları özbaşına qoymayın!

Sabah kimin hansı məqamda, vəzifədə olacağını bilmək olmaz. Birisi gün kiminsə xidmət maşını əlindən alınıb, qarşısında baş əyənləri artıq belini dikəldə bilər. Amma bütün hallarda övlada "qürur", "ləyaqət", "vicdan" sözlərinin mənalarını öyrətmək lazımdır. Lüğətdən əzbər yox, açmasını. Vicdan ayaqqabı deyil ki, geyinib təkrar soyunasan. Baxmayaraq ki, çoxunun vicdanı evinin kandarına qədər susur, çöldə həmin hissi boğub axşama da dirildirlər. Ya da vəzifədə olanda vicdanı itirib, vəzifədən düşəndə vicdanı qaytarmırsan ki. Vicdan əyinə geyilmiş dəri kimidir. Varsa var, vəssəlam. Qoy, danışanda vicdanlı danışsın, fəhlə balası da, məmur balası da. Ya da heç danışmasın.