Köhnə süjetli yeni fantasmaqoriya

kohne-sujetli-yeni-fantasmaqoriya
Oxunma sayı: 1892


Bu son bir neçə ay dünyada, xüsusilə, Krımda sürətlə cərəyan edən hadisələr yaranmış geopolitik vəziyyətdə fürsəti fövtə verməyən qüvvələrin siyasi amibisiyalarının faş olması baxımından əlamətdardır. Mən bu münaqişədə Qərbin və ya Rusiyanın haqlı və ya haqsız olduğunu müəyyənləşdirmək fikrindən uzağam. Bununla belə, post-sovet məkanında bu cür konfliktlərin eskalasiyasının gələcək üçün heç də xoş günlər vəd etmədiyi heç kimə sirr deyildir.

Münaqişə ərzində digər post-sovet dövlətləri arasında Cənubi Qafqaz ölkələrinin siyasi mülahizələri, məsələyə yanaşmaları koloritli və digərlərinkindən xüsusilə seçildi. Belə ki, Gürcüstanın “Ukrayna hadisələri”nin ta əvvəlindən Qərbə stavka qoyduğu aydın idi. Ermənistanın isə Ukrayna kimi Avropa İttifaqı ilə yaxınlaşma istiqamətindəki 4 illik qarşılıqı fəaliyyətinin apogeyində - keçən ilin noyabrında Vilnüsdə Ermənistan-AB arasında Assosiativ sazişin imzalanması ərəfəsində bu Sazişdən Rusiyanın (Gömrük İttifaqının) xeyrinə geri addım atması dünya ictimaiyyətini təəccübləndirdi . Üstəlik nəzərə almaq lazımdır ki, 2007-2013-cü illər ərzində Avropa İttifaqının yaxınlaşma prosesi çərçivəsində Ermənistana yatırdığı əvəzsiz sərmayənin həcmi 295 milyon Avro  təşkil edir ki, bu da həmin ölkənin 2013-cü il büdcəsinin  10%-dən artığı deməkdir.

Azərbaycana gəldikdə isə, 27 mart 2014-cü il tarixdə BMT-nin Baş Məclisi tərəfindən Ukrayna ərazi bütövlüyü haqqında Qətnamənin qəbulu ilə bağlı səsvermənin nəticəsinə baxmaq kifayətdir. Azərbaycan Qətnamənin lehinə səs verən 100 ölkədən biri idi, bunu nə Şimali Koreya, nə Venesuela, nə Boliviya, nə də ki, Ermənistan haqqında demək olar. Üstəlik, sessiya zamanı çıxış edən Ermənisatnın BMT-dəki səfiri Garen Nazarian dolayı şəkildə və diplomatik məharətlə Qətnamənin lehinə səs verən digər 100 ölkəni müstəmləkəçilik meyllərində ittiham etməyi belə, unutmur . Təəccüblü deyil ki, Ermənistan parlamentinin üzvü Aleksandr Arzumanyan səsvermə ilə bağlı Ermənistanın bu addımını erməni xalqı üçün rüsvayçılıq kimi adlandırmışdır .  Bundan savayı, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ötən günlərdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi fikrini açıq şəkildə səsləndirmişdir . Çünki de-yure Azərbaycanın ərazisi olan Qarabağda vaxtilə orada yaşayan ermənilər tərəfindən qanunsuz referendum təşkil olunmuşdu ki, onun nəticəsində Azərbaycanın ərazisinin 20%-i işğal olunmuş və 1 milyonadək qaçqın və məcburi köçkün o konfliktin acı nəticələrini hələ də çəkməkdədirlər.

Əslində, Krım hadisələrini qlobal qüvvələrə öz tərəfdaşlarının müəyyənləşdirilməsi rakursundan maraqlı tarixi fürsət idi. Bu, həm Soyuq Müharibənin hələ də davam etdiyi faktının əyani sübutu, həm də Qərb üçün öz beynəlxalq siyasi strategiyasında dəyişikliklərə rəvac verməsi üçün imkan oldu. Bu ilin Mart ayının 21-də ABŞ-nin Xarici Siyasət Şurasının nümayəndəsi Ueyn Meri səsləndirdiyi fikirlər bu baxımdan diqqətçəkəndir. O, Cənubi Qafqaz ölkələrinin müxtəlif regional layihələrə cəlb olunacağı ilə bağlı ABŞ-nin vaxtilə olan ümidlərinin puç olduğunu ictimaiyyətin diqqətinə çatdırmağı unutmadı .

Ümumiyyətlə, hadisələrin razvyaskası məhz Krım krizisində xüsusilə üzə çıxmağa başldı. Bu yazıda daha çox Ermənistanın hadisə ilə bağlı tutduğu mövqeyi ətraflı işıqlandırmağa çalışılacaq. Təsadüfi deyil ki, Ermənistan Respublikasının Prezidenti Serj Sarqsyan Kırımda keçirilmiş referendumla bağlı Prezident Putinlə telefon əlaqəsi yaradaraq ona referendumun nəticəsini dəstəklədiyi barədə öz tələsik təbriklərini çatdırmağı unutmadı . Hətta bu hadisədən əvvəl Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyan Ukrayna XİN-nə çağırılaraq Ermənistandan Krımın anneksiyasını tanımaması barədə mövqe nümayiş etdirməsi tələb olunmuşdur . Bu azmış kimi, Martın 19-da tanınmamış Dağlıq Qarabağ Respublikasının sakinləri tərəfindən jinqoistik ritorika ilə Krım referendumuna – anneksiyaya dəstək verən həmrəylik mintinqi də keçirilmişdir . Mitinqin əsas lozunqu xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı idi. Daha sonra, Ermənistanın sabiq müdafiə naziri Norat Ter-Qriqoryants tanınmamış Dağlıq Qarabağ Respublikasının Rusiyaya birləşdirilməli olduğunu mətbuatda ifadə etdi . Hansı ki, Rusiya indiyə kimi nə Dağlıq Qarabağ Respublikasını tanıyıb, nə də ki, o əraziləri Azərbaycanın ərazi bütövlüyünün xaricində olduğunu rəsmi etiraf edib. Üstləlik, Qarabağ məsələsi ilə bağlı Rusiyanın mövqeyini Maksim Şevçenko (RF Prezidentinin yanında Millətlərarası Münasibətlər üzə Şuranın üzvü) belə ifadə etmişdir: “Krım və Qarabağ hadisələrinin müqayisə edilməsi kökündən yanlışdır. Dağlıq Qarabağ ətrafında yaranmış status-kvo müharibənin nəticəsidir ki, orada minlərlə insan həlak olmuş, yüz minlərlə insan isə əsrlərlə yaşadıqları torpaqları tərk etmək məcburiyyətində qalmışlar. Qarabağdan fərqli olaraq Krımda etnik təmizləmə aparılmamış, Krım dinc ərazidir və Kievdəki hakimiyyət öz legitimliyini itirdikdən sonra Krım öz müqəddəratını təyin etmişdir” . Dolayısilə, Şevçenko Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi üçün Qarabağdan olan 1 milyonadək məcburi köçkünün geri qayıtmasını və onların iştirakı ilə hər hansı referendumun keçirilməsini məqbul hesab edir.

Krım hadisələri təkcə siyasi deyil, həmçinin hüquqi qiymətini almış bir kazus olaraq tarixin yaddaşına həkk olundu. Avropa Şurasının nəzdində məşvərətçi funskiya daşıyan və konstitusiya hüququ sahəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil olunmuş Venesiya Komissiyası Martın 21-də Krımda keçirilmiş referendumun hüquqiliyi ilə bağlı Rəy qəbul etdi. Rəydə deyilir: “”Ərazi bütovlüyü prinsipi” konstitusiya hüququnun ümumqəbulolunmuş prinsipidir. Eyni zamanda, konstitusiya hüququ dövlət ərazilərinin ayrılmasını və ya sərhədlərin dəyişdirilməsini məqbul saymır. Bu hüquq sahəsi dövlət quruculuğunun təməlini təşkil etdiyindən yuxarıda qeyd olunan prinsipin pozulması konstitusiya hüququ sahəsinin əsaslarının sarsıdılması kimi başa düşülməlidir. Lakin elə anlaşılmamalıdır ki, Avropa konstitusiya hüququ elmi “xalqların öz müqəddəratını təyin etmək hüququ”nu tanımır. ...Venesiya Komissiyasının mövqeyinə görə, “xalqların öz müqəddəratını təyin etmək hüququ” ölkənin cari sərhədləri və onun ərazisinin ayrılmaması çərçivəsində başa düşülməlidir. ”

Təbii ki, Ermənistanın Krım hadisələri zamanı göstərdiyi mövqeyə Qərbin siyasi reaksiyası özünü çox gözlətmədi. Avropa İttifaqqının xarici siyasətində söz sahibi olan şəxslərdən biri, İsveçin xarici işlər naziri Karl Bildt Azadlıq radiosuna müsahibəsində bundan sonra Ermənistanın Avropa İttifaqı və Ukrayna ilə eyni siyasi liqada dəyərləndirilməsinin mümkünsüz olduğunu ifadə etdi .

Beləliklə, hadisələri müxtəsər olaraq belə yekunlaşdırmaq olar. Əslində, Ukrayna, başda ABŞ olmaqla Qərb və əsas etibarilə Rusiyanın siyasi mübarizəsinin açıq şəkildə cərəyan etdiyi sınaq meydanıdır. Mübarizədə hansı qütbün qazanclı çıxması barədə fikir bildirmək hələ ki, tez olsa da, qeyd olunmalıdır ki, qlobal siyasi hegemonluğa iddialı olan ABŞ-ın Ukrayna məsələsindəki nümayiş etdiriyi dinc, lakin konstruktiv mövqe təqdirəlayiqdir. Çünki, əslində hüquqi fakt ondan ibarətdir ki, bir ölkənin ərazi bütövlüyü qeyri-konstitutsion yolla pozulmaqdadır. Və bu pozuntuya adekvat münasibət bildirilməli idi. Lakin ABŞ-dan eyni konstruktiv mövqeni nəinki Krım hadisələri zamanı, həmçinin Dağlıq Qarabağ kimi digər regional konfliktlərə münasibətdə də nümayiş etdirməsi umulandır. Bu isə qlobal siyasi-iqtisadi hegemonluğa iddia edən bir dövlətin birinci dərəcədə riayət etməli olduğu ədalətli şərtdir.