Komandir bizi orduya nə zaman çağıracaq?

komandir-bizi-orduya-ne-zaman-cagiracaq
Oxunma sayı: 4775

Elnur Məmmədli

Müdafiə Nazirliyinin ordumuzun düşməni darmadağın etməsi, bir neçə kəndin azad olunması haqda xəbərini oxuyanda günün ikinci yarısı idi. Səhərin sübhündən içimdə olan narahatlıq, həyəcanın bu açıqlama ilə bitəcəyini düşünürdüm. Amma xəbəri oxuyan zaman həyəcan daha da artdı, ürəyimin necə döyündüyünü eşitdim. Bunu, gözlərimin dolmasını heç kim hiss etməsin deyə özümü stola sıxdım. Xəbəri bir də oxudum, bir də oxudum...

Eyni xəbəri, eyni cümlələri 10-15 saytda oxudum. Sanki cümlələri yeyirdim, hava kimi udurdum. Eyni xəbərə 5-6 telekanalda baxdım. Çünki bu mənim 13 yaşımdan bəri eşitdiyim ən möhtəşəm xəbər idi.

Cəbhədə döyüşlərin başlaması zamanı mən Şərif Ağayarın "Gülüstan" romanını oxuyurdum. Bu roman elə mənim 13 yaşımdan bəhs edir. Məcburi köçkünlərin yaşadığı ağılagəlməz məşəqqətləri hələ indiyə qədər Şərif Ağayar qədər olduğu kimi və sadə təsvir edənlə qarşılaşmamışam. Heyvanlar üçün nəzərdə tutulan yerlərdə yaşamaq, bir ovuc un üçün anaların çəkdiyi zillətlər, gözləri hansısa humanitar təşkilatın verəcəyi yardımlara dikmək, yoluxucu xəstəliklərin sürətlə yayılması, malyariyanın 40 dərəcə qızdırma və titrətməsi...

"Gülüstan"ı oxuduqca müharibə və atəşkəsdən sonra yaşadığım həyat günbəgün gözümün önündən keçirdi.

Ermənilər 93-cü ildə 2 rayonu - Füzuli və Cəbrayılı işğal etmişdilər. Ordumuz elə sürətlə qaçırdı ki, mülki əhali onlara çata bilmirdi. Biz kəndimizi həmin gün tərk etmədik, İranla sərhəddə neytral zonada dayandıq ki, sakitlik olan kimi evə qayıdaq. İki gün sonra bəlli oldu ki, qayıda bilmərik. Düzdür, erməni qoşunları dayanmışdı, irəliləmirdi və bizim kəndə girməmişdi. Amma kəndimiz hərbçilərimizlə dolmuşdu, məktəb, dəmiryol idarəsi, kolxoz binası və bütün ictimai iaşə obyektləri bir hərbi hissəyə çevrilmişdi.

Düz 9 ay sonra, məktəblər tətilə bağlananda kəndimizə qayıtdıq. Artıq Horadiz geri qaytarılmışdı, atəşkəs elan olunmuşdu. Amma kəndimiz yenə də hərbi şəhərciyi xatırladırdı. Bölgədə yerləşən bütün ordunu silahla təmin edən baza kəndimizin düz ortasında idi. Ən azı 200 vaqon vardı və kiçik patronlardan tutmuş böyük raket mərmilərinə qədər bu vaqonlar dolu idi. Əgər orada partlayış olsaydı, bir nəfərin tikəsini belə tapmaq olmazdı. Amma əhalimiz qayıtmışdı. İnsanlar ac olsalar da, öz evlərində idi.

94-cü ildən 97-ci ilə qədər həmin baza bizim kənddə qaldı. O vaqonların keşiyini çəkən 6-7 çağırış əsgər qarşılayıb yola saldıq. Günümüz o əsgərlərin yanında keçərdi, hamısı ilə dostlaşmışdıq. Onlarla çöllüyə gedib müxtəlif silahlardan atəş açmağı öyrənirdik. Bu, bizim üçün əyləncə idi. Həmin əsgərlərin çoxunu indi də xatırlayıram.

Əsgərlərin normal ərzaq təminatı da yox idi. O gecə olmazdı ki, qapımızı əsgər döyüb çörək istəməsin. Anamın bişirdiyi isti təndir çörəyini kənddəki bütün əsgərlər dadmışdı. Əsgərlərin hamısını yola saldıq, hərbi hissələr ön cəbhəyə köçürüldü və tale elə gətirdi ki, bir neçə il sonra biz də kəndimizi tərk edib Bakıya gəldik.

Düz 16 ildir kənddən uzaqdayıq. Amma hər gecə doğulduğum torpağı, böyüdüyüm həyəti, bütün yayı budaqlarında oturub sifətimi qapqara etdiyim qara tut ağacını yuxumda görürəm. Bir neçə ay kəndə getməyəndə enerjimin tükəndiyini hiss edirəm. Nə yaxşı ki, gedəcək yerim var deyə şükür edirəm.

Amma 25 ildir doğulduğu torpaqlara gedə bilməyən insanları düşünəndə dəhşətə gəlirəm. Və onlara bundan artıq əzab verməmək gərək olduğunu düşünürəm.

25 ildir ki, biz bir toplum olaraq acıq. Çox acmışıq. Bu aclığı nə gözəlləşən şəhərlər, nə idmançılarımızın uğurları, nə Eurovision doydura bildi. Heç ən yüksək sosial şərait də bunu edə bilməz. Bizdən əvvəlki nəslin bizim üçün qoyub getdiyi bu utancı bundan artıq daşımaq gücümüz yoxdur.

Ordumuzun, hərbi texnikamızın bu problemi kökündən həll edə biləcəyinə hamı inanır. Bu dəfəki təşkilatçılıq, hərbi taktikalar, informasiya müharibəsi, medianın müharibə qaydalarına uyğun olaraq idarə olunması da mükəmməldir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin operativ işləməsi şayiələrin yayılmasına imkan vermir. Ayrı-ayrı dövlətlərdən Azərbaycana dəstək bəyanatları inamı daha da gücləndirir və Ermənistan küncə sıxılmış köpək durumundadır. Dişi, dırnağı ilə üstümüzə atılır, xaotik hərəkətlər edir. Bu şans bir daha olmaya bilər.

Son 3 gündə hər kəsin ürəyi cəbhə xəbərləri ilə döyünür. Ətrafımda olanlar bu xəbərlərlə yaşayır. Bir udum uğur, bir qarış torpaq aclığımızı ötüşdürür. Amma biz bu dəfə 25 illik aclığımıza son qoymaq istəyirik.

Bəs, komandir bizi orduya nə zaman çağıracaq?