Komitə Azərbaycandakı dini vəziyyətlə bağlı bəyanat verdi

komite-azerbaycandaki-dini-veziyyetle-bagli-beyanat-verdi-
Oxunma sayı: 2151


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi son günlər Azərbaycanda müşahidə olunan dini proseslərlə bağlı bəyanatla çıxış edib. Qurumun mətbuat xidmərindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, son günlər özlərini “sələfi” adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı qarşlıqlı ittihamlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə səsləndirilməsi ilə müşahidə edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komtəsi tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən, “fətva” xarakterli ittihamlar və sözügedən qruplaşmaların digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən sözügedən gərginlik hansı zəmində yaranmasından aslı olmayaraq ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərməkdədir. 

Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir. 

Eyni zamanda, sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır.