Komitə sədri aprel şəhidləri ilə bağlı məsələ qaldırdı

komite-sedri-aprel-sehidleri-ile-bagli-mesele-qaldirdi
Oxunma sayı: 1804

“Qarabağda, aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu işlər elə də böyük bir maliyyə tələb etmir ki, televiziyalar həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır”.

“Qafqazinfo”nun “Modern.az-a istinadən xəbərinə görə, bu sözləri Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, aprel döyüşlərində iştirak etmiş qəhrəman şəxslərin hər birinin həyatı böyük bir filmdir.

“Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalara çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum-Reklam Agentliyi də bu məsələyə öz töhfəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır”.