Komitə yanında İctimai Şuranın ilk iclası keçirilib

Komitə yanında İctimai Şuranın ilk iclası keçirilib
Oxunma sayı: 1196

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, komitə sədri Ramiz Həsənov çıxış edərək bildirib ki, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Ramiz Həsənov müasir dövrdə ölkəmizdə qeyri-neft ixrac potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı, ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində Komitə qarşısında ciddi vəziflər durduğunu və yeni iqtisadi modelin tətbiqində Komitənin fəaliyyət sahələrinin aktuallığının günbəgün yüksəldiyini deyib. Onun sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin, akkreditasiya nəticələrinin, həmçinin sertifikatların, sınaq protokollarının xaricdə tanınması ilə bağlı cənab Prezidentin tapşırıqlarının icrası məqsədilə bir sıra mühüm işlər görülüb. Ölkədə keyfiyyət infrastrukturu sahələrinin idarəolunması təkmilləşdirilib, Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatına assosiativ üzv olub, Azərbaycan Standartlaşdırma İnstitutu milli orqan statusunda Beynəlxalq Standartlaşdırma Təşkilatına qoşulub. 

Komitənin fəaliyyətində ictimai iştirakçılığı təmin etmək zərurətinin daha da aktuallaşdığını bildirən sədr bu məqsədlə Komitə yanında İctimai Şura yaradıldığını bildirib. 

Komitənin şöbə müdiri Fazil Talıbov çıxış edərək Komitə yanında İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı görülmüş işlərdən və İctimai Şuranın formalaşması prosesindən danışıb. 

Sonra Komitə sədri Ramiz Həsənov İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatı sədrlərinə üzvlük vəsiqələrini təqdim edib.

Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. 2 il müddətinə fəaliyyət göstərəcək Şuranın sədri üzvlər arasından sadə səs çoxluğu ilə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni seçilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi