Komitə yoxlamalara başlayır

komite-yoxlamalara-baslayir
Oxunma sayı: 1303


DQİDK-nın mətbuat xidmətindən agentliyə verilən məlumata görə, “Dini etiqad azadlığı haqqında” Qanunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin müvafiq tələblərinə uyğun olaraq, ölkədə dini durumun tənzimlənməsi, həmçinin dini qurumların fəaliyyətinə nəzarət funksiyasının həyata keçirilməsi məqsədilə Dövlət Komitəsində “Dini qurumlarda nəzarət tədbirlərinin həyata keçirilməsi qaydaları” hazırlanıb. Qaydalar dini qurumlarda 2 növ nəzarət tədbirinin - yoxlama və baxışların həyata keçirilməsini daha dəqiq tənzimləyəcək.

Yeni qaydalara uyğun aparılacaq yoxlamalarda dini icmaların fəaliyyətinin qanunvericiliyə və öz nizamnamələrinə uyğun həyata keçirilməsi, qeyri-qanuni nəşr olunmuş və ya zərərli dini ədəbiyyatdan istifadə edilməsi, dini qurumda aparılan təbliğatda dini nifrət və ya ayrı-seçkilik hallarına yol verilib-verilməməsi əsas diqqət mərkəzində olacaq. Yoxlamaların nəticələrinə əsasən dini qurumlara hüquqi yardım qaydasında fəaliyyətlərinin qanunauyğun formaya salınması ilə bağlı tövsiyələr veriləcək. 

DQİDK-nın bir qrup işçisinin hal-hazırda yeni yoxlama qaydalarının tətbiqi ilə bağlı müvafiq hazırlıq-treninq keçdikləri də qeyd edilir. Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, bu əlavə addımlar dövlət-din münasibətlərinin möhkəmləndirilməsinə, dini etiqad azadlığının və dini tolerantlığın daha yüksək səviyyədə təmin edilməsinə və dini zəmində mənfi təzahürlərin qarşısının alınmasına xidmət edəcək.