Kompensasiya: ədalət göstəricisi

kompensasiya-edalet-gostericisi
Oxunma sayı: 1130

Azər Qismət

Neçə gün bundan əvvəl telefonuma sms gəldi. Bankların birindən yazılmışdı ki, “kompensasiyanızı almaq üçün növbəlilik prinsipi tətbiq edilib. Bu barədə məlumat veriləcək”. Fikir vermədim. Sms-in səhv göndərildiyini düşündüm. Həm də son vaxtlar mobil operatorlar vətəndaşlara müxtəlif kampaniyalar təklif etdiyindən, bunu da onlardan biri bildim. Ertəsi gün yenidən sms aldım ki, “kompensasiyanızı almaq üçün müvafiq bankın Əhmədli filialına yaxınlaşın”. Bu sms-ə də fikir vermədim. Çünki müvafiq bankdan krediti manatla götürmüşdüm. Yaxınlar dedi ki, “yolunun üstündədir, ordan keçəndə dəyərsən”.

Birinci gün banka yaxınlaşıb növbə tutdum. Onsuz da əvvəldən gümün edirdim ki, bank əməkdaşı bunun səhv olduğunu deyəcək və işə yollanacağam. Növbəm çatdı. Əməkdaş bunun səhv olmadığını dedi. Kağızlara qol çəkdirib bildirdi ki, “gedin kassadan pulunuzu alın”. Məbləği də söylədi. Sual verdim ki, “axı, bu necə ola bilər? Mən sizdən krediti manatla götürmüşəm”. Cavab verdi ki, “bundan əvvəlki keditinizi dollarla almısız, ona görə də bu məsələ unudulmayıb”. Kassadan pulumu aldım və xərcləmədim. Düşündüm ki, burada nəsə anlaşılmazlıq var. Düz 1 gün pula əlimi də vurmadım ki, bankdan zəng gələcək ki, “sizə kompensasiya düşmür, pulu qaytarın”. Zəng gəlmədi.

Bunun sevincini ifadə etmək, sizdə hansısa təəssürat formalaşdırmaq istəmirəm. Bircə onu deyim ki, o məbləğ əlimdən tutdu. Həlli vacib məsələlərə ayırdım. Halbuki o problemləri arxa plana atmışdım. Lakin bir sürprizlə planlaşdırmanı tezləşdirdim.

Bilirsiz, burda söhbət nədən gedir? Mənim özümün unutduğum məsələni dövlət yadıma saldı. Xatırlatdı ki, “sən bunu unuda bilərsən, əgər sərəncam verilibsə, bu ədalətli qaydada həllini tapacaq”. Öz timsalımda gördüm ki, hələ ədalət ölməyib. Əlbəttə, müəyyən mənada mənim də nədənsə incidiyim, narahat qaldığım məsələlər olub. Ancaq indi cəmiyyətdə hər şeyin işığa doğru getdiyini müşahidə etmək mümkündür. Söhbət puldan getmir. O pul problemlərimin həllinə vəsilə oldu. Söhbət mən vətəndaşın xatırlanmasından, ədalətli yanaşmadan gedir. Cəmiyyətdə vacib şərt ədalət prinsipidir. Adamlar hər şeyə dözər. Bir gün az yeyər, az xərcləyər, bununla ölüm-itim olmaz. Yalnız ədalətsizlik vətəndaşı üzə bilər.

Ədalət bir məfhum olaraq insan həyatının bütün tərəflərini əhatə edir. O mənəvi-əxlaqi kateqoriya olmaqla yanaşı, həm də siyasət və hüquq kateqoriyasıdır. Prezident İlham Əliyev məhz bu nöqteyi-nəzərdən cəmiyyətdə ədalətin olmasına yönəli addımlar atır. Sosial ədalət cəmiyyətin hər bir üzvü üçün müəyyən hüquq və öhdəliklərin, xidmətlərə görə qiymətləndirmə, cinayətə görə cəzalandırma, əməyə görə mükafatlandırma kimi faktorların mövcudluğunu nəzərdə tutur. Eləcə də burada cəmiyyətin istənilən təbəqəsindən olan vətəndaşların Qanun qarşısında bərabərliyi mütləqdir.

Dövlət başçısı ədalət anlayışının daha əhatəli tətbiqinə çalışır. Çünki ədalət- ictimai məfhum olaraq hər bir insan üçün müəyyən azadlıqların mövcudluğunu, o cümlədən, yaşamaq hüququnu, dini, fikir və söz azadlığını, eləcə də ilkin imkanların fərqinə rəğmən  uğur qazanmaq üçün verilən azadlığı nəzərdə tutur.

Prezident İlham Əiyev ədalətin daha da möhkəmlənməsinin tərəfdarı qismində çıxış edir. Çünki ədalət həm də vətəndaşın uğuruna hesablanır, fəaliyyətinin düzgün təşkil edilməsinə yardımçı olur.

Beləliklə, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələrək artıq neçə gündür start verilən məsələ adamları sevindirdi. Vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanıldı. Artıq minlərlə müştəri kompensasiyanı alıb. Bir daha sübut olundu ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.Məhz ədalət amili bu yazını yazmağa vadar etdi məni. Dövlət vətəndaşı yada salanda, onunla ədalətli davrananda vətəndaşın da məsuliyyəti artır. Özünü lazımlı bilir.

İndi cəmiyyətdə işığa doğru yol gedilir. İnam daha da artır. Deməli, bütün problemlərin öhdəsindən gələcəyik.