Kompensasiya ilə razılaşmayan “Sovetski” sakinləri nə etməlidir?

kompensasiya-ile-razilasmayan-sovetski-sakinleri-ne-etmelidir
Oxunma sayı: 1666


Lakin sakinlər arasında ən pis durumda olanlar sayı heç də az olmayan kiçik ölçülü mənzil sahibləridir. Bu qisim sakinlər tikdiyi artırmalarla daha böyük mənzildə yaşayanlar ki, onların problemi sənəd üzərində mənzillərinin 10-15 kvadrametrdən çox olmamasıdır. 10 kvadratmetrlik mənzili olan şəxsə indiki halda standart qaydada hər kvadratmetri üçün 1500 manat verilirsə, bu, cəmi-cümlətanı 15 min manat edir. Bu vəsaitə isə Bakı şəhərinin nəinki “Sovetski” kimi paytaxtın mərkəzi yerlərində, heç şəhərin kənar yerlərində də mənzil almaq mümkünsüz sayılır.

“Sovetski” sakinlərindən olan Natiq Səlimov yuxarıda qeyd edilən qisimə aiddir. Onun mənzili cəmi 12 kvadratmetrdir. Yəni, dövlət tərəfindən veriləcək kompensasiyanın məblği 18 min manat olacaq. Həmin pula Bakıda mənzil almağın mümkün olmadığını bilən N.Səlimov təbii ki, məbləğin azlığından şikayətlənir.

Yeri gəlmişkən, “Sovetski” adlanan ərazidə yaşayan sakinlərə yaşayış sahəsi üçün 1 kvadratmetrinə 1500 manat ödənilirsə, xidməti ərazi (anbar, sanitary qovşağı və s.) üçün 1 kvadratmetrinə 400-450 manat, talvar üçün 1 kvadratmetrinə 150 manat, qaraj üçün isə 1 kvadratmetrinə 250 manat ödənilir.

Sakinlərin narazılığının haqlı olub-olmamasına qayıdacağıq. Əvvəlcə onu qeyd etmək lazımdır ki, ərazidə söküntü işlərini aparılması şəhərin yenidənqurulması ilə əlaqədardır, dövlət ehtiyacı üçün yox. Amma aparılan işlər sanki dövlət ehtiyacı üçün edilirmiş kimi təqdim olunur. Belə ki, ərazidə yaşıllıq, park salınacağı gözlənilir. Artıq “Sovetski”nin sökülməsindən sonra onun yerində salınacaq parkın fotoları da yayılıb.
Dövlət ehtiyacı olmadan mənzillərin konkret kompensasiya məbləği müəyyənləşdirərək sökülməsi hüquqla hansısa ziddiyyət təşkil edirmi? “Sovetski” sakinlərinin mənzillərinin hər kvadratmetri üçün 1500 manat məbləğin ödənilməsi nə qədər düzgündür?

“Azad iqtisadiyyata yardım” İctimai Birliyinin hüquqşünası Emin Abbasovun fikrincə, “Sovetski”də kompensasiyadan söhbət gedə bilməz: “Bu, qanunsuzdur. “Sovetski”dəki məsələdə mülkiyyətçilər ancaq öz istədikləri qiymətlərə uyğun olaraq öz evlərini sata bilərlər. Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyəti özgəninkiləşdirmə səlahiyyəti yoxdur”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov isə düşünür ki, əgər sakinlərə kompensasiya bazar qiymətləri ilə ödənilərdisə, vətəndaşlar razı qalardılar. O, hətta 12 kvadratmetr mənzili olan şəxsin də razı qala biləcəyi qənaətindədir: “Orda bazar qiyməti ən azı 3500-4000 manadır.  12 x 3500 manat =42 000 manat. Bunun üzərinə köçürmə xərclərini gəlsək, onda ədalətli olar. Həm də bu, dövlət ehtiyacı sayılmır deyə sahibi 12 kvadratmetrə 1 milyon da qiymət qoya bilər. Mən bu rayonda icra başçısı olmuşam və problemi çox dərindən bilirəm. İlk baş plan 70-ci illərdən var idi. Yəni əhali artıq 40 ildən çoxdur bilir ki, oralar söküləcək”.
Vəkil Aqil Layıc deyir ki, bu məsələdə dövlət ehtiyacı olmadığı üçün mülkiyyətə qiymətin qoyulması birbaşa mülkiyyətçinin iradəsindən asılıdır: “Dövlət ehtiyacının ölçülməsi meyarları qanunda müəyyən edilib. Bunun üçün dörd spesifik hal var. Parkın salınması isə dövlət ehtiyacı deyil.

Bu hal birbaşa mülkiyyət hüquqlarına müdaxilədir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələrinə ziddir”.
Bəs “Sovetski” sakinləri indiki halda hansı hüquqi addımlar atmalıdır? Bu iş üzrə məhkəməyə müraciət edən şəxsin Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) qalib gəlmək şansı varmı? Nəzərə alsaq ki, Bakının digər yerlərində də analoji yenidənqurma işləri gözlənilir, bu deyilənləri həmin ərazilərin sakinlərinə də aid etmək olar.

“Azad iqtisadiyyata yardim” İctimai Birliyinin hüquqşünası Emin Abbasov deyir ki, ümumiyyətlə mənzildə təkcə mülkiyyətçinin yox, orada qeydiyyatda olan şəxslərin də haqq və hüquqları var: “Lakin “Vətəndaş indiki halda nə etməlidir?” sualını birmənalı şəkildə cavablandırmaq  çox çətindir. Vətəndaş ilk növbədə ədalətli, yəni, bazar qiymətinə uyğun kompensasiya tələb etməlidir. Həmçinin, vətəndaşın bu işlərin dövlət tərəfindən maliyyə ayrılmasını həyata keçirənm Maliyyə Nazirliyinə şikayət etmək hüququ var ki, bunu da edə bilər. Şikayət kompensasiya məbləği, ölçmələrə görə yaranmış mübahisə və sairlə bağlı ola bilər. Əgər vətəndaş yenə də narazı qalırsa, məhkəməyə müraciət etməlidir. Burada isə bir məsələ var ki, vətəndaş çarəsiz qalaraq kompensasiyanı almaq məcburiyyətində ola bilər. Mülkiyyətçi narazı qaldığı məbləği almazdan öncə alqı-satqı müqaviləsinə qol çəkməlidir. Dolayısı ilə sonradan onun həmin məbləğdən narazı qaldığını sübuta yetirməsi çətinləşir. Ən yaxşı variant vətəndaş pulu götürsə də belə AİHM-də də həmin pulu məcbur olaraq götürdüyünü əsaslandırsın”.

VƏHML-in sədri Sahib Mammadov isə vətəndaşın kompensasiyanı almaq AİHM-də qalib gələcəyinə inanmır: “AİHM praktikasında bir qayda olaraq kompensasiya qəbul olunubsa işi şikayətçinin xeyrinə həll etmirlər…”

Vəkil Aqil Layıc isə fərqli düşünür, o, ümumilikdə nikbindir: “Əslində, AİHM bu işə pilot qaydada baxa bilər.  Bu zaman bir qərar digər məsələlərin həllində identik rolu oynayacaq və həll edilməsi üçün dövlətə öhdəlik qoyulacaq. Amma yenə də inanıram ki, dövlətimiz bu etiraz səslərinə müsbət müsbət reaksiya nümayiş etdirəcək”.

Pərvin Abbasov