Kompüter cinayətkarlığı ilə bağlı seminar keçiriləcək

komputer-cinayetkarligi-ile-bagli-seminar-kecirilecek
Oxunma sayı: 670

AHİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, seminarın keçirilməsində məqsəd respublikamızda İKT sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasıdır.

Məruzəçilərin əsas etibarı ilə almaniyalı mütəxəssislərdən (hakim və ekspertlərdən) ibarət olacağı tədbirdə ölkəmizin aidiyyəti qurumlarının - Baş Prokurorluq, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin nümayəndələrinin, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı da planlaşdırılıb.

Seminarın birinci günü Köln Torpaq Məhkəməsi hakimi Jens Şiminovski “Kiber cinayətkarlıq – təzahür formaları, Kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi“, Almaniya Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin Baş Komisarı Tomas Qraupeter “Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti“, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev “Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri” mövzusunda məruzə ilə çıxış edəcəklər. Seminarın ikinci günü almaniyalı ekspertlərin “İnternet piratçılığı ilə mübarizənin metodları. Beynəlxalq təcrübənin müqayisəli təhlili”, “Provayderin məsuliyyəti və informasiya azadlığı”, “Əldə olunmuş gəlirin geri alınması: Məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi” mövzularında məruzələri dinləniləcək. Sonra mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar fevralın 18-i saat 09:30-da başlayacaq.