Kompüter oğrusu həbs olundu

komputer-ogrusu-hebs-olundu
Oxunma sayı: 644

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Buzovna qəsəbə sakini Samir Əliyev yaxalanıb və üzərindən 0,168 qram heroin aşkar edilib. Məlum olub ki, o, mayın 13-də A.Mirzəyev küçəsində yaşayan Sevda Bürcəliyevanın evinə açıq qapıdan daxil olub əlindəki bıçaqla ona hədə-qorxu gələrək pul tələb edib. Həmin vaxt qadının səs-küy saldığını görən S.Əliyev qorxaraq hadisə yerindən qaçıb.

Mayın 13-ü saat 13 radələrində M.Müşfiq küçəsində Bakı şəhər sakini Əlibaba Həsənov idarə etdiyi «Tayota» markalı avtomobillə Hüseyn Qurbanovu və Almaz Hüseynovanı vurub, nəticədə hər ikisi KTM-ə yerləşdirilib. H.Qurbanov aldığı xəsarətdən orada ölüb.

Mayın 14-ü saat 03:50 radələrində Neftçilər prospektində Elşən Əhmədturun idarə etdiyi «Tayota-Prado» markalı avtomobil və Ruslan Yusifovun idarə etdiyi «Man» markalı, 124 saylı xətt avtobusu toqquşub. Nəticədə, E.Əhmədtur və sərnişini Samirə Niftalıyeva aldığı xəsarətdən hadisə yerində ölüb, R.Yusifov isə sınıq xəsarəti ilə Travmatalogiya institutuna yerləşdirilib.

Mayın 13-ü saat 15:50 radələrində Zığ yolu küçəsində Bakı şəhər sakini Bəhruz Hacıyev idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Vüsalə Bağırovanı vurub və nəticədə piyada xəstəxanada ölüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Mahir İsmayılov, Elnur Vəliyev və Samir Həsənzadə mayın 13-də tutulublar. Müəyyən edilib ki, onlar aprelin 28-nə keçən gecə Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən, Elvin Rəhimova məxsus mağazadan 100 manat, 2 ədəd danışıq kartı və siqaretlər, Cabir Qasımova məxsus mağazadan isə ərzaq malları oğurlayıblar.

Mayın 8-də Naximov küçəsində yaşayan Fərman Məmmədovun evindən noutbuk, qızıl əşyaları və təqaüd kartı oğurlanıb. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlkin Məmmədov mayın 13-də tutulub.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Nizaməddin Cabbarov mayın 13-də tutulub. Məlum olub ki, o, 2012-ci il dekabrın 6-da Ehtimad Abbasovun kompyuterini, bu il yanvarın 2-də Sadiq Bayramovun netbokunu və yanvarın 18-də Taleh Babayevin etimadını qazanmaqla noutbukunu alıb qaytarmayıb.