Konstitusiya Məhkəməsindən dollar krediti ilə bağlı - Vacib qərar

konstitusiya-mehkemesinden-dollar-krediti-ile-bagli
Oxunma sayı: 7588

Ötən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycanın  pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Konstitusiya Məhkəməsinin qərarını iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkədə şərh edib. 

O qeyd edib ki, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi: “Mahiyyət etibarı ilə yenə eyni qərarı verdi. Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı. Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi.

Digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.

2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə “örtülü bazar” idi. 
Nəhayət, 2015-ci ildə Məhkəmə qərarını daha çox əsaslandırmağa cəhd etmişdi. Düzdür, bu əsaslandırmanın elmi-hüquqi səviyyəsi çox aşağı idi. Hətta belə bir qərarı da daha inandırıcı əsaslandırmaq olardı. Yeni qərar isə çox səthi əsaslandırılıb. Söhbət qərarın qanuniliyindən getmir. Əlbəttə, hər kəsə aydındır ki, kəskin devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Lakin bəzi hüquq nəzəriyyələrinə söykənərək bunun əksini də əsaslandırmağa daha ciddi şəkildə cəhd etmək olardı. Halbuki, kəskin devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olması haqda xarici təcrübə var, o cümlədən Azərbaycanın aid olduğu roman-alman hüquq sistemi ölkələrində. Axı söhbət adi deyil, məhz kəskin devalvasiyadan gedir. Bunu heç kəs qabaqcadan görə bilməz”.

Günel Türksoy