Konsul “Azərsu” rəhbəri ilə görüşdü

konsul-azersu-rehberi-ile-gorusdu
Oxunma sayı: 644

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun fəxri konsulla görüşündə su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun idarə olunması, hidrotexniki qurğuların tikintisi, içməli su və çirkab suların laborator analizlərinin ən son texnologiyaya uyğun aparılması üçün yerli mütəxəssislərin Almaniyada təcrübə mübadiləsi əsas müzakirə mövzusu olub. “Azərsu”nun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və regionlarda reallaşdırılan içməli su və kanalizasiya layihələrində ən son texnologiyaların tətbiq olunduğunu qonağın diqqətinə çatdıran Səhmdar Cəmiyyətin sədri Qorxmaz Hüseynov kadr potensialının gücləndirilməsi istiqamətində də işlərin görüldüyünü bildirib: ““Azərsu” ASC-nin Təlim Tədris Mərkəzi yaradılıb. Mərkəz tərəfindən təşkil olunan treninqlərdə xarici mütəxəssislər təlim keçir. Kadr potensialının gücləndirilməsi üçün gənc mütəxəssislərin xarici ölkələrə, o cümlədən Türkiyə və Almaniyaya ezam olunmasını planlaşdırırıq. Bu gün Gəncə və Şəki şəhərlərində içməli su və kanalizasiya layihələri Almaniyanın KfW Bankının krediti hesabına reallaşdırılır. Üstəlik bu şəhərlərdəki, eləcə də digər layihələrimizdə Almaniya şirkətlərinin avadanlıqlarından istifadə olunur. Bunları nəzərə alsaq, mütəxəssislərimizin Almaniyada təcrübə keçməsi olduqca faydalıdır”.
Fəxri konsul Otto Hauser azərbaycanlı mütəxəssislərin Almaniyanın Ştutqart şəhərində RBC Wave Gmbh şirkətində təlim keçmələri ilə bağlı ilkin danışıqlar apardığını və sentyabr-oktyabr aylarında 10 nəfərlik ilk qrupun təlimlərə başlaya biləcəyini bildirib: “50 ildən artıqdır su təchizatı və kanalizasiya xidmətləri sahəsində ixtisaslaşmış RBC Wave Gmbh şirkəti tərəfindən Azərbaycanlı mütəxəssislərə emal və istismar prosesində ən son texnoloji avadanlıqlarla təlimlər keçiriləcək. Növbəti mərhələdə almaniyalı mütəxəssislər təlim keçmək üçün Bakıya gələcək və bu zaman ilk qrupda təmsil olunan mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq”.
Sonda Otto Hauser su təchizatı və kanalizasiya sahəsində Almaniya təcrübəsinin öyrənilməsində Azərbaycana hərtərəfli kömək edəcəyini bildirib.


Nigar Məmmədli