Konsulun ölümündə prezidentin adı hallanır

konsulun-olumunde-prezidentin-adi-hallanir
Oxunma sayı: 644

İki gün öncə Ankarada öldürülən Çeçenistanın Türkiyədəki fəxri konsulu Mədət Ünlünün qətlində prezident Ramzan Kadırovun adı hallanır.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ankaradakı iş ofisində naməlum şəxslər tərəfindən qətlə yetirilən 53 yaşlı M. Ünlünün Çeçenistan prezidentinə qarşı çıxdığı məlum olub.

İddiaya görə, Ramzan Kadırov qətldən 6 ay öncə Ünlüyə “Türkiyədə müharibə şüarları səsləndirməsin. Gəlib Çeçenistanın necə bir ölkə olduğunu görsün. Bu ölkədə binalar tikilir, inşaat işləri sürətlə davam edir” mesajını göndərib. Ünlü isə bu mesaja qarşılıq olaraq “O itə söyləyin ki, Çeçenistan onun üçün binalardan, daşlardan, tikintilərdən ibarət ola bilər. Çeçenistan ondan fərqli olaraq bizim üçün şəhidlərimizin məzarlarının olduğu ölkədir. Ancaq şəhidlərimiiz məzarı başında onlara dua etmək üçün Çeçenistana gələ bilərəm” cavabını verib.

Bu hadisədən sonra konsula dəfələlə ölüm təhdidləri edilib. Polisin onu qorumaq istəyinə baxmayaraq o “ Müstəqil Çeçenistan üçün ölməyə, şəhid olmağa hazıram. Gəlib canımı alsınlar. Qoruma istəmirəm” deyərək, bu təklifi rədd edib.

Qeyd edək ki, qətli törədənin Çeçenistanda yaşayan Rusiya vətəndaşı Ruslan Kamalın olduğu bildirilir.

Konsulun öldürülməsi bir çox qeyri-hökumət təşkilatlarını ayağa qaldırıb. Dünən “Qafqaz Forumu” və “Ankara Çərkəz Dərnəyi”nin 30-dan artıq üzvü Rusiyanın İstanbuldakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Ağlamayacağıq, diz çökməyəcəyik, unutmayacağıq”, “Putinin kuklası Kadırov”, “Qatil Rusiya Qafqazdan rədd ol”, “Qatil Putin, kukla Kadırov”, “Çeçenlər ölür, hökumət susur” şüarlarını səsləndiriblər.