“Kor tutduğunu buraxmadığı kimi...”

kor-tutdugunu-buraxmadigi-kimi-
Oxunma sayı: 644

“Qafqazinfo”nun xəbər verir ki, bunu ADP sədrinin birinci müavini Həsrət Rüstəmov “Azadlıq” qəzetinə açıqlamasında deyib. O bildirib ki, İctimai Palataya münasibətdə partiyalarında fikir müxtəlifliyi var. O deyib ki, hazırda İctimai Palatanın transformasiya edərək müxalifətin vahid blokuna çevrilməsi istiqamətində söhbətlər gedir. H. Rüstəmov bu söhbətlərin reallığa çevrilməsində maraqlı olduğunu bildirib.

İctimai Palata (İP) ilə bağlı partiyanın sədri Sərdar Cəlaloğlunun münasibəti isə başqa cürdür. O hesab edir ki, İP müxalifətin vahid platformasına çevrilə bilməz: “Biz vaxtilə təklif etmişdik ki, İctimai Palata siyasi təşkilatların vahid birliyi kimi formalaşsın. Təklifimiz qəbul olunmadı. Ona görə də bu gün İctimai Palata yalnız ictimai qurum kimi fəaliyyət göstərir. Adından da bu görünür. İctimai təşkilatın isə siyasi müxalifətin platforması olması nə hüquqi, nə siyasi baxımdan düzgün olmaz”.

S. Cəlaloğlu İP-in müxalifətin vahid güc mərkəzi ola bilməməsinin orada QHT-lərin olması ilə əlaqələndirib: “Orada çoxlu sayda QHT-lər də var. Bu da İctimai Palatanı siyasi müxalifətin vahid birliyi kimi təqdim etməyə imkan vermir. Hakimiyyətin məqsədi siyasi partiyaları əritmək və onları ictimai təşkilatlarla eyni səviyyəyə qoymaqdır. İctimai Palata da bu işi görür. İki siyasi partiya 10-15 QHT ilə birləşib və bu birləşmənin siyasi struktur olması qanuna da ziddir. Qanun ictimai təşkilatlara siyasi fəaliyyəti qadağan edib. Biz isə deyirik ki, Azərbaycanda sırf siyasi partiyalardan ibarət siyasi gün mərkəzi yaradılmalıdır. Məhz həmin güc mərkəzinin prezidentliyə vahid namizədi olmalıdır. İctimai Palatada olan partiyaların rəhbərliyi isə bizim bu təklifimizi qəbul etmir. Kor tutduğunu buraxmadığı kimi bunlar da ”İctimai Palata müxalifətin güc mərkəzidir" deyib dururlar"”


Fatimə Kərimli