Körpəsini satışa çıxaran atadırmı?

korpesini-satisa-cixaran-atadirmi
Oxunma sayı: 2074

Dünya Sakit

Övlad böyütmək hər yerdə, hər zaman çətindir. Bizim kimi xalqlarda isə çətinlik daha böyükdür - ta körpəlikdən 25-30 yaşınadək övladın qayğısını, yükünü çəkmək lazım gəlir. 

Körpə olanda xəstəliyi ilə xəstə olursan, saysız-hesabsız yuxusuz gecələr keçirirsən, yeriyəndə bir başqa çətinliyin çıxır, bağçaya gedən bir, məktəbə gedəndə bir... Ali təhsil aldığı dövrdə, işləyəndə, hətta ailə quranda belə övlad yükü çəkir valideynlərimiz...

Kasıbsansa, işsizsənsə yükün qat-qat ağırdır – uşağın yeməyini, geyməyini çatdırmaq üçün dəridən-qabıqdan çıxmalı olursan. Uşaq böyüyüb məktəbə gedirsə, vəziyyətin daha ağırdır. Bu ağırlığa, çətinliyə tab gətirməyi də bacarır valideynlər. Özləri ac qalıb, balalarını yedirdirlər. Amma bunu etməyib, daha rahat yol seçənlər də olur: saxlamağa çətinlik çəkdiyi övladını dövlətin himayəsinə buraxır – ya birdəfəlik, ya da çətinlikdən çıxanadək. Bunu da haradasa başa düşmək olur, çətinliyə tab gətirmək hər adamın hünəri deyil axı.

Bədənini satmaqla pul qazanan qadınlar da var – təsadüfi cinsi əlaqədən dünyaya uşaq gətirir, sonra da onu ya xəstəxanada, ya da sonra uşaq evinə verir. Bunu da başa düşmək yeri var cüzi də olsa.

Amma qanından-canından olan balasını büküb harasa atanları heç vaxt bağışlamaq olmaz. Ən azı ona görə ki, alternativ var – rahatlıqla aparıb uşaq evinə vermək mümkündürsə, məsum körpəni harasa niyə atasan ki.

Nəhayət, ən dəhşətli cinayəti törətməyə qadir valideyn də üzə çıxdı bu günlərdə. Adı ata olan bu vəhşi nəinki övladından imtina edir, hətta onu sataraq qazanc əldə etməyə çalışır. Əslən Tovuz rayonundan olduğunu deyir və çox soyuqqanlı şəkildə uşağın tam sağlam olduğunu söyləyir. Uşaq satmağın cinayət olduğu deyiləndə isə daha dəhşətli arqument gətirir. Sən demə, kimlərsə donorluq edəndə pul alırlar, amma adını bağışlamaq qoyurlarmış. Bəlkə də bununla satlığa çıxartdığı övladından rahatlıqla donor kimi istifadə edilə biləcəyini də başa salmağa çalışır...

Bir dəfə məşhur coğrafiya kanalında bir meymun sürüsündə başçı dəyişikliyindən bəhs edən çəkilişə baxmışdım. Yeni gələn dəstə başçısı özündən əvvəlkinin bütün balalarını öldürür ki, yeni nəsil özündən olsun. Bir ana meymun onun öldürmüş olduğu balasını günlərlə bağrına basıb gəzdirir. Balanın bədəni çürüməyə başlayanda belə onu qucağından buraxmaq istəmirdi. İllər boyudur o ana meymunun balası üçün axıtdığı göz yaşları gözlərim önündən getmir.

Balasını satlığa çıxaran bədbəxtdə o heyvan qədər övlad istəyi, sevgisi yoxmuş demək. 

Uşağa pampers almağa pulu yoxmuş. Olmasın pampers, olsun adi köhnə paltar-palaz cırıqları. Bəyəm analarımız bizi, anan səni pamperslə böyüdüb?

Düzü, ilk əvvəl düşündüm ki, bəlkə də qəsdən elə elan verib, diqqəti işsizliyinə, kasıblığına yönəldib bir iş tapmaqdır məqsədi. Amma adam danışdıqca özünü quyunun dibinə atmış oldu. Satmaq istədiyinin qırxı təzə çıxıb, bu deyir ki, tezliklə 2-ci uşaq da olacaq. Ən azından fiziki baxımdan mümkün deyil axı bu. Demək ki, adam yalan danışır. Yalan danışırsa, demək ki, həqiqətən də övladını satıb qazanc əldə etmək niyyətindəymiş. Bəlkə də sayta elan verməyib, başqa yollarla cəhd etsəydi, istəyinə nail də olacaqdı. Hər halda, belə faktlar az deyil Azərbaycanda. Axtarsaq, hər birimizin çevrəsində azı bir fakt olacaq ki, uşaq doğulan gündən başqasına övladlığa verilir. Rəsmi sənədləşmə də yeni ailəyə aparılır. Düzdür, əksər hallarda bu, qohumlar arasında, özü də təmənnasız baş verir. Amma əgər təmənnasız da olsa, müvafiq dövlət qurumlarının qeydiyyatından kənar baş verə bilirsə, demək ki, bu işi təmənna ilə də həyata keçirmək mümkündür...

Ümid edirəm ki, müvafiq dövlət qurumları vicdanını itirmiş adamın cəzasını verəcəklər. Çox istərdim ki, qanundakı ən ağır cəzadan yayına bilməsin. Ən azı, ətrafındakılara görk olsun, bir daha kimsə övladını satmaq kimi vəhşiliyə meyl etməsin...