Korrupsiya faktları açıqlanacaq

korrupsiya-faktlari-aciqlanacaq
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, hesabatda bölgədəki acınacaqlı durum, görülən işlər, vəsaitlərin xərclənməsində mənimsəmə və korrupsiya faktları yer alıb.

2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş verən zəlzələ ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan hesabat yekunlaşıb. Sabah hesabatın ictimaiyyət üçün təqdimat mərasimi keçiriləcək. Hesabatın hazırlanma dövründə “Kür” Vətəndaş Cəmiyyətinin nümayəndələri Qax- Zaqatala bölgəsində monitorinq aparıblar. Eyni zamanda aparılan araşdırmalarla yanaşı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənmə təsnifatı araşdırılıb. Hesabatda yerli sakinlərdən, fəlakət bölgəsində fəaliyyət göstərən podratçı şirkətlərdən, orda çalışan işçilərdən, adının çəkilməsini istəməyən FHN- ə yaxın mənbələrdən, eyni zamanda FHN- nin təqdim etdiyi rəsmi məlumatlardan, həmçinin monitorinqin nəticələrindəm istifadə olunub.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən ərsəyə gələn hesabatda bölgədəki qanunsuzluq, yol verilən yarıtmaz fəaliyyət və korrupsiya faktları ciddi şəkildə tənqid olunub və konkret faktlarla qeyd edilib. Sənəddə Qax- Zaqatala zəlzələsi ilə bağlı ayrılan vəsaitlərin fəlakət üçün deyil, zəlzələnin epsientrindən kənarda, ölkənin müxtəlif bölgələrində daha çox şəxsi və siyasi, tamam başqa məqsədlər üçün istifadə olunması ilə bağlı məlumatlar yer alıb. Araşdırma zamanı zəlzələ bölgəsinə FHN- nin tendersiz cəlb etdiyi şirkətlər, onların əvvəlki fəaliyyətləri, internet resursları, saytları, o cümlədən nazirlik tərəfindən daha geniş imtiyazlar və səlahiyyət verilmiş şirkətlərin fəaliyyəti, idarəçilik prinsipləri, zəlzələ ilə bağlı ayrılan vəsaitlərin fəlakət bölgəsindən kənarda həyata keçirdiyi, təyinata aid olmayan xərcləmələri və s. aşkar olunub və hesabata daxil edilib.

Hesabatda tikinti üçün alınan materialların mənbəyi, real və şişirdilmiş qiymətləri, keyfiyyəti və s. tədqiq olunub. Sənəddə həmçinin Qax- Zaqatala zəlzələ bölgəsinə ayrılan dövlət vəsaitinin təyinatdan kənar olaraq Bakıda, Zirə qəsəbəsində, Göygöldə, Zodda, Ağdaşda, Xızıda, Lənkəranda, İsmayıllının Basqal kəndində və s. yerlərdə Heydər Əliyev Fondu adına, eləcə də FHN, Prezident Administrasiyasında çalışan yüksək vəzifəli şəxslər üçün sosial obyektlər, ofis- binalar, iqamətgahların tikilməsi ilə bağlı araşdırmalar aparılıb və konkret siyahılar daxil edilib. Araşdırmalar zamanı dövlət büdcəsindən zəlzələ ilə bağlı ayrılan vəsaitlərin təyinatından kənar şəkildə istifadə olunması, vəsaitlərin mənimsənilməsi konkret faktlarla qeyd olunub. Hesabatda eyni zamanda evlərin tikintisi zamanı hər evdən nə qədər vəsaitin oğurlanaraq mənimsənilməsi podratçı təşkilatların təqdim etdiyi cədvəl üzrə qeyd olunub və sözü gedən cədvəl hesabata əlavə olunub.