Kredit faciəsi

kredit-faciesi
Oxunma sayı: 5241

Xuraman Hüseynzadə

Tale günəşi qüruba yaxınlaşır nənəmin. Yeddi taxta tumanlı, tirmə şallı, saçları gümüş rəngli, çöhrəsi nurlu nənəm qocalıq adlı zirvədən yıxılıb ölümə doğru yuvarlanır. Təndir çörəyinin ətri gələn əllərindən, üst-başından indi dərman iyi gəlir. Hər gün nəvə-nəticəsi, oğul-uşağı yığışır başına, istəyirlər ölməsin nənəm. Nazı ilə oynayır hamı. 

Gec-gec gedirəm nənəmgilə. Təndir çörəyi qoxulu üzünü, susuzluqdan cadarlanmış torpağa oxşayan əllərini sığallayıram. Gümüşü rəngli ipək saçını darayıram. Başımı sıxır sinəsinə. Közə düşən təndir kimi isti olur nənəmin qoynu.

Bəzən mənə elə gəlir ki, o, heç vaxt cavan olmayıb. Heç uşaq da olmayıb. Başı bəzənib gəlin də köçməyib. Elə beləcə doğulub: dünyanın özü ilə bir yaşda, tirmə şallı, yeddi taxta tumanlı, saçları gümüşü...
Ömür karvanını çəkib getməyə hazırlaşır indi. Üzündəki, əllərindəki qırışların sayı, tellərinə düşən dənlər artsa, həyatı dəyişsə də, bu sözləri dəyişməyib təkcə: “Tanrım, mənə az ağrı, asan ölüm ver!”

Bir neçə gün öncə qəfil yenə halı pisləşdi. Həkim çağırdıq. Gəlib müayinə elədilər, sakitləşdirici iynə vurdular. Gedərkən astadan yenə eyni sözü dedi doktor: “Onu çox incitməyin...”

Ağrıdı, inildədi, ağladı nənəm. Ürəyinə yük olan sözlərini dedi, vəsiyyətini elədi. Hamımızla bir-bir görüşüb halallaşdı. Ürək-dirək verdik ona. “Sənə heç nə olmayacaq. Heç nəyin yoxdu. Şükür, yaxşısan”,-dedik. İnanmadı dediklərimizə. Təsəlli ilə həqiqətin fərqini yaxşı bilir nənəm.

Uzandığı çarpayıdan bir az dikəldi. Başından sürüşüb boynunun ardına düşən çəhrayı çiçəkli qara yaylığını başına çəkdi. Zəhmətin qırışlardan, qabardan naxış vurduğu əllərinin arxası ilə gözlərinin yaşını sildi. Bir az aralıdakı pəncərəyə baxıb xeyli fikrə getdi. Yağış pəncərəni elə döyəcləyirdi ki, elə bil, ağacdələn içi qurdla dolu ağacı dimdikləyirdi.Otağa ölü sükut çökmüşdü. Qəfil əllərini yuxarı açdı nənəm: “Ya allah, mənə 4 ay da möhlət ver. Faiqin dörd aylıq krediti qalıb, onu pensiyamla bağlayım, sonra ölüm.”

Kiçik dayım Faiq həmin gün hamıdan çox ağladı...