“Kredit götürüb ehsan verənlər var”

kredit-goturub-ehsan-verenler-var
Oxunma sayı: 1668



“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübaiz Qurbanlı deyib. O, bildirib ki, ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib: “Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni israfçılıq həm də dini savadsızlıqdan irəli gəlir.  Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar”.

Mübariz Qurbanlının müsahibəsindən digər sitatları təqdim edirik: 

“İslama görə vəfat etmiş insan üçün yalnız dəfn mərasimi keçirilir və müəyyən dini ayinlər icra olunaraq son mənzilə yola salınır. Burada vacib olan bir neçə əməl var: qüsl vermək, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etmək.” 

“Dinimizdə yas və yaxud təziyə saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: “Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır””.

““Ehsan” sözünün lüğətdəki mənası "yaxşılıq etmək" deməkdir. "Həsanat" sözünün mənası isə yaxşılıq etmək üçün nəyi isə verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu sözlə heç də ancaq yemək nəzərdə tutulmur”. 

“Azərbaycanın bir tərəfindən o biri tərəfinə ən uzağı 5 saata getmək olur. Bəziləri deyir ki, qonağım gəlib, bəs ona nə verməliyəm? Qonaq 3 saat yol gəlib. Vacibdir ki, 3 saatdan sonra yemək yesin? Əgər onun mərasimə getməyi vacib idisə, bir parça halva ilə bir stəkan çay içib geri dönsə, onun orada yemək yeyərək zaman itirməyinə ehtiyac qalarmı?”.

“Qəbir daşları məsələsi olduqca acınacaqlıdır. Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür. Bu ənənə də son 50-60 ildə meydana gəlib. Günümüzdə istənilən qəbiristana gedib bunun şahidi olmaq mümkündür. İlahiyyatçılarımız da yəqin bu fikri təsdiq edərlər ki, İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir. Amma bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlar isə özü-özlüyündə panteona çevriləcək.

İstənilən sivil ölkədə qəbiristanlarla bağlı məsələlər konkret müəyyən edilmiş qaydalarla tənzimlənir. Məsələn, qəbirlərin düzülüşü, onların ölçüləri konkret qaydalar əsasında aparılır. Bu qaydalara əsasən, qəbirlər bir-birindən kəskin fərqlənməməlidir.
Hazırda bizdə də belə layihə üzərində iş gedir. Qəbiristanların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qaydalarla tənzimlənməlidir”. 

“Nə vaxta qədər biz ehsanı yalnız "yemək" kimi başa düşəcəyik?!
Adətən dindən xəbərsiz insanlar belə düşünür ki, əgər yemək vermirsə, demək ölüsünə hörmət qoymur. Belələri ehsan vermək istəyirsə, daha xeyirxah iş görsün. Yüzlərlə insanın toplaşdığı o məclislərdə nə qədər yemək artıq qalır. Əgər bu ehsan sayılırsa, yeyilməyən yeməklərin axırının nə olduğunu düşünmək lazımdır. Ehsan atıla bilərmi? O, axıra qədər yeyilməli idi. Deməli, o qədər olmalı idi ki, yeyilib qurtarsın”.