Kredit kompensasiyaları ilə bağlı sualınız var?

kredit-kompensasiyalari-ile-bagli-sualiniz-var
Oxunma sayı: 1273

“Problemli kreditlər üzrə kompensasiyaların verilməsində bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. İqtisadçı əvvəlcə adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanların nə etməli olduğunu soruşub: “Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. 

Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. 

Bu hal ilə rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan apelyasiya komissiyasına müraciət etməlidirlər. 

Müraciət palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraciətə baxıb cavablandırmalıdır.

Kompensasiya almaq hüququ olduğunu iddia edən amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər? Belə vətəndaşlarımız da eyni ilə apellyasiya komisiyasına müraciət etməlidirlər.

Əgər apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə, o zaman növbəti addım nə ola bilər? Bu halda, Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımızın məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimələr nəzərə alınacaqmı? 

Qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təsəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır. Bu, o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə alınmır. Bu baxımdan da bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənzimlənməsi məqsədəuyğundur.

10 min dollardan artıq olan kreditlərə kompensasiya veriləcəkmi? Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır, amma borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək? Bizə olan müraciətlər göstərir ki, belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədəyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər.

Kompensasiyaların verilməsi nə zamanadək davam edəcək? Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar”.

Günel Türksoy