Kredit ödəməyin yolu

kredit-odemeyin-yolu-
Oxunma sayı: 3228

Rövşən Naziroğlu


Banklara olan borclarını ödəmək üçün şirin yuxunu gözlərinə haram eləyib, sübhün qırmızı şəfəqləri dan yerinə çat salan məqama qədər ürəklərini yun kimi didərək, ehtiyacın torundan xilas olmağın yollarını arayan insanlardan biri də Ağaverdidi. Yaşı əllini adlayıb. 4 qızı, 3 oğlu var. Ətrafda elə bir dükan yoxdu ki, nisyə dəftərində adı yazılmamış olsun. Uşaqları böyüdükcə güzaranı daha da ağırlaşır. Neçə ildi ki, üz-gözundə qarnına qəfil dolan sancıdan qıvrılan adamın əzabı möhürlənib. Arvad- uşağı Ağaverdinin ağrının qələm gəzdirdiyi sifətində nə vaxt təbəssüm gördüklərini çoxdan unudublar. Bankdan götürdüyü pulla böyük qızına toy eləyib gəlin köçürən gündən qaş-qabağı açılmır. Əslində pis adam deyil Ağaverdi. Sadəcə, abır-həyası ehtiyacın ölumcül virusuna muqavimət göstərə bilsəydi bir ildə eyni uşağa iki dəfə kiçik toy eləyib qohum-əqrəbanı, dost- tanışı zəhmətə salmaqdan çəkinərdi. Tez- tez rastlaşsaq da dayanıb kəlmə kəsdiyimiz çox az olub. Ağaverdinin dilinin ve qaşının düyünü kiməsə işi düşəndə açılır ancaq.

Darvazamız bərkdən- bərkdən döyüləndə axşam təzəcə düşürdu. Darvazanın bala qapısını açıb gördüm Ağaverdi dayanıb bir qıraqda. Salamını alıb evə buyur eləsəm də təklifimdən boyun qaçırıb əlini atdı pencəyinin döş cibinə. Əlindəki bir dəstə dəvətnamənin arasında xeyli qurdalanandan sonra adımın yazıldığı dəvətnaməni tapıb uzatdı mənə. Mən “Allah mübarək eləsin” deyib sağollaşmaq istəyəndə Ağaverdi bizim əslində qohum olduğumuzu və elə buna görə də xeyirdə-şərdə bir-birimizin yanında olmağımızın savabı barədə beş-altı mənalı cümlə qurdu. Sən demə, mənim ulu babamla Ağaverdinin ənkə babası xalauşağı olublar. Ürəyimdə bir ucu iki əsr əvvələ bağlanmış doğmalıq bağını qırılmağa qoymayan Ağaverdiyə “əhsən” deyib qayıtdım evə. Banklar tərs damarına salıb Ağaverdini təbiətin şıltaq vaxtı toyxana qurmağa məcbur eləmişdilər.

Hava bərk soyumuşdu. Səhərdən yağan yağış kəsmək bilmirdi. Ağaverdinin xeyir-şər barədə dediyi mənalı sözləri xatırlayanda anladım ki, qar yağıb tufan qopsa belə, mən bu məclisdə mütləq iştirak eləməliyəm. Evlərinin yerini tapmam bir az uzun çəkdi. Məndən qabaqda toy evinin yolunu tutan bir dəstə adam yağış suyuyla dolmuş çalaların üstündən dağ keçisi kimi atılırdılar. Yemək mağarında otuza yaxın adam var idi. Oturub başladım ətrafa tamaşa eləməyə. Əmim oğlu məni görüb gəlib oturdu bərabərimdə. Xörəkpaylayan iki kasa küftəni masanın üstünə qoyub getdi çörək gətirməyə. Əlimi araq şüşəsinə uzadanda əmim oğlu ancaq ikimizin eşidə biləcəyi səslə dedi ki, qonşu kənddə toyda bu araqdan içən iki nəfər kor olub, indi dövlətdən təqaüd alırlar. Kasanın içinə yağış yağdığını görüb küftənin dadına baxmaqdan da vaz keçib qalxdım ayağa. Toy mağarının üstünə çəkilmiş brezent bir neçe yerdən cırılmışdı. Oynayanlar sanki oynayıb qurdlarını tökməkçün deyil, soyuqdan qorunmaqçün palçığın içində atılıb-düşürdülər.

Ağaverdi banka olan borcunu bağlasın deyə qohum-əqrəbasını soyuğa qurban demişdi sanki. Toydan çıxanda bundan sonra ulu babamın xalası uşaqlarının nə xeyirinə, nə də şərinə gedəcəyim barədə özümə söz verdim.
Bu yaxında eşitdim ki, Ağaverdinin ortancıl qızı da nişanlanıb...