Kredit yolunda yananlar

kredit-yolunda-yananlar
Oxunma sayı: 4594

Günel Türksoy

Nadir hallarda barmaqlarım klaviaturanın tuşlarına dəyərək fikirlərim köşəyə çevrilir. Bu dəfə sükutumu pozan səbəb isə özünüyandırma hallarının sayının yenidən çoxalması oldu. Sözsüz ki, cəmiyyətimiz həmişə yanğın mövzsuna qarşı həssas olub. Kimsə desə ki, filan yer yanır, o dəqiqə vahimələnirik. Düşünürük ki, bəlkə yanan yerin içərisində insanlar var və onlar gözümüzdən uzaq yanğın alovundan külə dönürlər. Elə səhər-səhər Suraxanıda ər və arvadın yanaraq külə dönməsi xəbərini oxuyan hər kəsin əminəm ki, ürəyi sızlayıb.

Bakıda çoxmərtəbəli bina yananda da, “Günəşli” yatağında baş verən yanğında da çox təsirlənmişdik. Hər dəfə yanğın mövzusu gündəmə gələndə mərhum şairimiz Bəxtiyar Vahabzadənin “yaşamaq yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır” misralarını xatırlayırıq. Bu misra az qala dilimizin əzbərinə çevrilib. Bir sual isə insanları həmişə düşündürür. Yaşamaq üçün yanmaq şərtdirmi? Mənsə sualı belə qoyardım, görəsən, yanmadan yaşamaq mümkün deyilmi? Biz hər gün nələri görüb yanmırıq ki?

Həyatın sevinclərini yaşamadan, onun nemətlərindən dadmadan ölən körpələrin, iqtisadi-siyasi savaşların qurbanına çevrilərək yaşamını itirən günahsız insanların, ananın gözü qarşısında hər gün xəstəlikdən əriyən övladların, ədalətsiz mühakimə edilənlərin, bomba səsini layla səsi kimi qəbul edənlərin halına yanmırıqmı?! Daha cümlələrə sığmayacaq onlarca faktlar ki, belə məqamlar həssas olan hər bir insanın canını yandırır.

Özümüzdən asılı olmayaraq baş verən yanğın hadisələrinə sözüm yoxdur. Sözüm bilərəkdən özlərini atəşə atanlaradır.

Bu cümləm bir qədər sərt, kiməsə ağıl öyrətmək kimi başa düşülməsin.
Amma özünü yandırmaq və ya intihar etmək ətrafımızdakılara pis nümunə olmaqdan başqa heç nəyə yaramır.

Bunu etməzdən əvvəl iki dəfə düşünmək lazımdır. İnanın ki, yanmaq qədər insanın canını ağrıdan ikinci bir fiziki ağrı yoxdur. Adicə bir barmağımız buxardan yananda onun sızıltısından dayana bilmirik . O ki qaldı benzini töküb bədəninin bütün hüceyrələrini yandırasan. Hiss edə bilirsinizmi nə qədər çətin olduğunu? Günlərcə komalarda qalıb o ağrını çəkməyə dəyərmi?

Başa düşürük ki, insanlar dərddən-sərdən çıxılmaz vəziyyətə düşəndə ağıllarına gələn ən son variant özünü öldürmək olur.

İndi ötən gün borca görə özünü yandıraraq öldürən məktəb direktorunun müavini sizcə, o məktəbdə təhsil alan yüzlərcə şagird üçün yaxşı nümunə sayıla bilərmi? Eləcə də hansısa cavan gəncin bankın qarşısında özünü yandırmağı banka borcu olub ödəməyən minlərlə adam üçün örnək hesab edilə bilərmi?

Biz yaxşını yox, pisi tez götürməyə alışıq toplumuq. Özünü atəşin içinə atmaq onsuz da psixologiyası əməlli-başlı pozulmuş cəmiyyətimiz üçün yaxşı ənənə deyil. Üstəgəl, nəzərə almalısınız ki, çoxlarının miqdarından asılı olmayaraq kimlərəsə borcu var. Bəzilərinin borcunu qaytarmağa imkanı olsa da, yerdə qalanlar belə imkana sahib deyil. İndi belə çıxır ki, kimin borcu varsa, özünü yandırmalıdır?! Arxanızda gözüyaşlı atalar, analar, övladlarmı qoymaq istəyirsiniz? Bunu etsəniz, nəinki Allah, heç sevdikləriniz də sizi bağışlamayacaq.

İndiki çətin şəraitdə, manatın hər gün öldüyü bir zamanda bizlərdən tələb olunan yeganə şey belə imkansız ailələrin yaşamlarına duyarsız qalmamaqdır. Biganə qalsaq, hamı son çıxış yolunu özünü yandırmaqda görəcək. Gücü çatan özü, çatmayan isə kömək edə biləcək birinə müraciət edərək öz iradəsini ortaya qoymalıdır. Bu yerdə ən əsas iş isə “devlet baba” nın üzərinə düşür. Xüsusilə də banka borcu olub onu ödəmək qabiliyyətində olmayan ailələrə mütləq güzəştlər edilməlidir ki, kimsə öz atasının və ya qardaşının özünü yandırmasının acılarını həyatı boyu yaşamasın. Bank işçiləri kreditini qaytara bilməyən imkansız ailəni canından bezdirməməlidir. Özünüz də bilirsiniz ki, bezdirməyin sizə də heç bir faydası yoxdur. Fakt ondan ibarətdir ki, özünü yandıranın qalan borcunu sonda bank istəmədən də olsa bağışlamalı olacaq.

P.S. Heç şübhəsiz ki, özünü yandıranlar canlarının yanacağını əvvəlcədən bilir. Amma gəlin yaşamağın yanmaq olduğu qədər həm də mübarizə aparmaq olduğunu yaddan çıxartmayaq. Yanmadan yaşamağın yollarını öyrənək.