Kredit zaminləri, ehtiyatlı olun!

kredit-zaminleri-ehtiyatli-olun-
Oxunma sayı: 2807

Azər Qismət


Bu günlərdə Rauf Ağayev adlı iki uşaq atası mənə bankların birindən narazılıq etdi. Rauf müəllim həmin bank vasitəsilə kreditə avtomobil götürüb. 3 il həmin maşının kreditini ödəyib. Dolların məzənnəsinin qalxmasından sonra bankdan ona zəng edilib ki, “sizin kreditin həcmi artdığına görə bundan sonra 700 manat ödəyəcəksiniz”. Müştəri and-aman edib ki, onun həmin məbləği verməyə imkanı yoxdur. Bu sözdən sonra maşın onun əlindən alınıb. Müştəri dəfələrlə banka zəng edib gileylənib ki, “bəs, 3 il ödədiyim pullar necə olsun?”. Ona deyiblər ki, “pul əldən getdi”. İndi Rauf Ağayev bilmir ki, başına hansı daşı töksün. Onun sözlərinə görə bank böyük ədalətsizliyə yol verib. Maşını əlindən alınan insan daha taksi fəaliyyəti ilə məşğul olmur və tamamilə borc içindədir.

Məzənnə artımından sonra adamları ən çox yandıran bankların ədalətsizliyi oldu. Dəfələrlə onlara tövsiyyə edildi ki, ədalətli olsunlar, müştərilərlə dil tapsınlar, imkansızlara qarşı güzəşt tətbiq etsinlər. Amma çifayda. Əksər banklar qəddar addım atdılar. Lakin yaxın gələcəyi düşünmədilər. Həmin yaxın gələcək ondan ibarət idi ki, adamların gözündən nəsə düşdüsə əvvəlki hörməti bərpa etmək çətin olur. Devalvasiya vaxtı xeyli ədalətsizliyə yol verən banklardan az sonra mobil telefonlara ad günü, yaxud, güzəştli qaydalarla sms-lər gəlməsi vəziyyəti heç də düzəltmədi, əksinə acı gülüşə və qıcığa səbəb oldu.

Bəzi banklardan növbəti kampaniya, daha doğrusu növbəti zərbə zaminlərə dəydi. Artıq iş o həddə gəlib çatıb ki, bəzi banklar zaminləri həbs etdirməyə qədər bütün vasitələrə əl atırlar. “Rabitəbank” tərəfindən kreditə görə zamin durmuş 28 yaşlı Vahid Kərimovun həbs edilməsi əksər adamları narazı saldı. Bu həm də zamin duranlarda narahatlıq yaratdı. Halbuki, qanuna əsasən vətəndaş krediti ödəyə bilmirsə, o, məhkəməyə verilməlidir. Məhkəmə daha onun həbsinə qərar verməli deyil, yaxud ona zamin durmuş şəxsə. Qanunda daha sonra belə yazılıb:
Bank kredit borcunu ödəməyən müştəriyə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir.

Məhkəmədə qəbul edilən qətnamə 1 ay müddətində icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır. Əgər şəxs ımkanı olduğu halda borcu ödəmirsə, onda borc əməkhaqqı, pensiya, təqaüd və digər rəsmi gəlirlərdən çıxılır. "İcra haqqında" qanuna əsasən, hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir. Əgər borcun ödənilməsi üçün şəxsin rəsmi gəliri və ya əmlakı yoxdursa, onda icra məmuru borcalanın məhz üzrsüz səbəbdən borcu ödəmədiyini sübuta yetirməlidir. Şəxs haqqında inzibati həbsin tətbiq edilməsi, onu borcu qaytarmaqdan azad etmir. Əgər borc yenidən ödənilmirsə, onda daha sərt cəzalar nəzərdə tutulur. Üzürsüz səbəbdən borc qaytarılmırsa onda onun əmlakı müsadirə edilə bilər. Amma burada Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun istisnalar var. Araşdırmalar zamanı şəxsin borcu ödəməyə həqiqətən imkanı olmadığı sübut edilsə, onda məhkəmənin qətnaməsi geri qaytarılır. Amma həmin işə xitam verilmir. Bank həmin şəxsin iş fəaliyyətini nəzarətdə saxlayır.

Bəzi bankların əməkdaşları müştəriyə zəng edib təhqirə yol verəndə, kreditin faizini tələb edəndə nəyə görəsə işlətdikləri hiyləgərlikdən söz açmırlar. Yəqin, hamınız bank işçilərinin müştərilərlə psixoloji davranışlarını müşahidə etmisiniz. Bütün detallara varmağa ehtiyac olmasa da, bircə müqavilənin neçə xırda şriftlərlə yazılışına fikir verin. Müştərilər və ya onların zaminləri müqavilədəki şərtləri sonacan oxuya bilmirlər. Oxumaq istəyəndə də “bir az tez oxuyun, başqaları da gözləyir” deyə tələsdirirlər. Yazıq müştəri və zamin şərtləri sonacan oxumaq iqtidarında olmurlar. Həmin müqavilə onlara yalnız qol çəkiləndən sonra verilir: “Gedin evdə nə qədər istəyirsiniz oxuyun”.

Bəzi ekspertlər zaminlərin məhkəməyə verilib həbs edilməsini cəmiyyətə mesaj kimi xarakterizə edirlər. Əgər banklar və məhkəmələr adamların reaksiyasını belə öyrənmək istəyirlərsə, onda bilsinlər ki, adamlar bundan narazıdır. Bir nəfərin həbsi banklara qarşı etimadı azaldır. İnanın ki, əksər adamlar daha banklardan kredit götürməyəcəklərinə and içiblər. Sizin bu addımınız ölkənin bank-maliyyə sisteminə zərbə vurur. Zaminlər isə ən ağır dərddə olanlara zamin durmayacaqlarına söz veriblər. Hətta bəzi zaminlərlə kredit götürənlər arasında münasibətlər gərginləşib. Əksər bankların ədalətsizliyi sonda cəmiyyətdə adamlar arasında münasibətlərin korlanmasına, ümumilikdə yadlaşma prosesinin sürətlənməsinə gətirib çıxarıb.

Yeri gəlmişkən, sürücü Rauf Ağayev hələ də ümid edir ki, bank onun problemini həll edəcək. Həll etməsə ümüdsizliyə qapılıb daha heç bir banka inanmayacaq. İnamın itməsi isə yaxşı hal deyil.