Kreditlə dosent olmaq

kreditle-dosent-olmaq
Oxunma sayı: 864

Elvin işlədiyi kredit təşkilatında faizlərin yüksək olmasına məhz bu cür etiraz etmişdi. Mən də tənbəllik etməyib, Qafqazinfo.az saytında Elvin haqda köşə yazmışdım. Yazının sərlövhəsi Elvinin cavabına adekvat idi: “Camaatın dərisini soyan qohumum”. Elvin bu yazını soyuqqanlı qarşılasa da, qohumlarım məndən bərk incimişdilər. Onların hamısı öz etirazlarını bu cür ifadə etmişdilər: “Elvinin nə günahı var? Hakimiyyətin maliyyə-kredit siyasəti iflasa uğrayıb”.

Ötən gün Elvinlə yenə görüşdük. İşlərinin necə getdiyini soruşanda, dərhal çöhrəsinə kədər çökdü. Ağzımı açmağa macal tapmamış belə dedi: “Qohum, özümü zibilə salmışam”. Elvinin dürüst adam olduğunu bildiyim üçün qulaqlarıma inanmadım. “Zibilə” necə düşdüyünü qohumum özü açıqladı: “Bir müəllimimə 5 min manat kredit vermişəm. Gərək bu işə qol qoymayaydım...”

Sanki üstümdən ağır bir yük götürüldü. Gülə-gülə dedim ki, ay qohum, elə sənin işin camaata kredit verməkdir də... Amma bu sözlərim Elvini təsəlli etmək üçün yetərli olmadı. O, dərin bir ah çəkib, belə dedi: “Kişinin vəziyyəti ağırdır. Başına bir iş gəlsə, gərək onun yerinə pulu mən ödəyim”.

Qınayıcı nəzərlərlə Elvini süzüb, soruşdum: “Əgər müəlliminin vəziyyəti belə ağırıydısa, niyə ona kredit verirdin?”

Qohumumun cavabı belə oldu: “Müəllimimin 65 yaşı var. 20 il əvvəl müdafiə etsə də, bu günə kimi dosent ola bilməyib. Məndən xahiş etdi ki, 5 min ver dosent olum, sonra sənin pulunu hissə-hissə qaytararam”.

Özümü saxlaya bilməyib, Elvinin üstünə acıqlandım: “65 yaşda dosent olmaq ona çox vacibdir?”

Qohumum boynunu büküb, belə dedi: “Bu sualı ona mən də verdim. Dedi ki, əgər dosent olmasa, iki ay sonra onu işdən çıxaracaqlar. Amma 5 min rüşvət verib dosent olsa, 70 yaşına kimi universitetdə qalıb, müəllim işləyə biləcək”.

Elvini təsəlli etməyə çalışdım: “Narahat olma, aldığı pulun hamısını hissə-hissə qaytarar”.

Qohumum əllərini göyə tutub, belə dedi: “İnşallah!”

Söhbət əsnasında Elvin onu da dedi ki, müəlliminin tezliklə sağalıb ayağa qalxması üçün gündə ən azı beş dəfə Allaha dua edir. Qohumum ibadət əhli olmasa da, onun bu hərəkəti mənə təəccüblü görünmədi. Axı, dosent olmaq üçün 5 min manat kredit götürən müəlliminə Elvin özü zamin durub...