Kreditlə ehsan vermək

kreditle-ehsan-vermek
Oxunma sayı: 2711

Rövşən Naziroğlu

İllər illər öncəsiydi... Ölümündən bir neçə gün əvvəl Göyərçin xala həyətin ortasında göylərdən naümid qayıdan əllərini açmışdı yana. Üzünü oğlanlarına tutub səsi boğazında ilişib qırılana qədər bağırmışdı: “Allah sizi öldürsün, bir aydı dilimə ət dəymir!”

Göyərçin xalanın böyük oğlu coğrafiyadan dərs deyirdi orta məktəbdə. Yuxusunda belə görmədiyi ölkələrin dağını-dərəsini, enişini-yoxuşunu bələdləyən Bəşir müəllim quruyub qalmışdı yerində. Anasının səsindəki ağrı dünyanın ən çıxılmaz labirinti, ən dərin bataqlığıydı. Günün günorta vaxtı bu ağrıda azıb qaldığını, yerin dibinə girdiyini ruhuyla, qanıyla hiss eləyirdi Bəşir müəllim. Qəfil qopan tamaşanın mərəkəsinə yığılmış adamların arasından bir-iki ağbirçək irəli durub güc-bəla ilə sakitləşdirdilər Göyərçin xalanı. Həmin günün axşamı qarşılaşdığım Bəşir müəllimin əlindəki sellofan torbada qəzetə bükülmüş bağlama vardı və bu bağlamadan görünən ləkələr müvəqqəti olsa da aclığın önünü kəsmək üçün yandırılmış qırmızı işıq idi sanki.
Sonralar da bir neçə dəfə də səsini başına atıb oğlanlarını söyüb yamanlamışdı Göyərçin xala. Mən o günlərdə bəzi ağrıkəsicilərin apteklərdə deyil, dükan-bazarda satıldığını anlamışdım.

Sonra Göyərçin xala ölmüşdü. Oğlanları bankdan kredit götürüb böyük yas mağarı qurdurmuşdular həyətin tən ortasında. Sorağa soraq ərəbcə qələtsiz oxuya bilən başına qarnı boyda papaq qoymuş bir molla tapıb oturtmuşdular yuxarı başda. Doşabla çalınmış halvanın iyi qarışmışdı böyük-böyük qazanlarda dəm alan plovun qoxusuna. Hərdən-hərdən qapıda görünən gəlinlərin üzündəki təkqat kədərin altında gizlənən sevinci sezmək çətin deyildi. Göyərçin xalanın şəkilini böyüdüb asmışdılar mollanın kürək söykədiyi xalçanın başına. Başında qara kəlağayı vardı rəhmətliyin. Molla qıl körpüsündən keçməyin, məşhərdə haqq-hesab məqamının nə qədər məşəqqətli olacağı barədə xəbərdar eləmişdi məclis əhlini. Boynu qalstuklu müəllimlər, professorlar mollanın dediklərini başları ilə təsdiqləmişdi. Əza sahibləri “Son qəminiz olsun” deyib mağardan çıxanların qabağını kəsərək onlardan ehsana qalmalarını xahiş etmişdi. Ehsan süfrəsi çox zəngin idi. Süfrəyə mövsümü olanda belə qiyməti əl yandıran meyvələr düzülmüşdü. Bu boyda israfçılıq bəndənin xoşuna gəlib canına sinsə də Allah qatında o qədər də dəyərli olmayacaqdı yəqin ki. Mələklər avara qalıb bilməyəcəkdilər, nə yazsınlar bu məclis barəsində. İndi xərc çəkib şahlara, sultanlara layiq ehsan verməkdənsə zamanında heç olmasa, ayda bir dəfə evlərinə ət alsaydılar anaları ölməyəcəkdi bəlkə də. Ən azından, tox öləcəkdi.

Nimçələrə toxunan qaşıqların səsini eşidəndə Göyərçin xalanın ağrıyan səsini xatırlamışdım. Başımı qaldırıb diqqətlə baxmışdım rəhmətliyin şəkilinə.Mənə elə gəlmişdi ki, şəkildən süfrəyə boylanan Göyərçin xalanın ağzı sulanıb...

Bu yaxında Bəşir müəllimlə qarşılaşdıq. Böyük oğlu hansısa bazarda qəssab işləyir...