Kriminal dəstə üzvlərinə həbs tələbi - 20 il

kriminal-deste-uzvlerine-hebs-telebi
Oxunma sayı: 3956

Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan tələbəni öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinə cəza istənilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Yunus Camallı, Natiq Babaverdiyev və Ceyhun Talıblının 20 il, Pərvin Əlməmmədovu və Zahid Dünyamalıyevin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Dəstənin digər üzvü, ev dustaqlığında olan Rəşidə Seyidovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını istəyib. 

Rəsmi açıqlamaya görə, 2017-ci il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar. 

Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə  qabaqcadan əlbir olub oktyabrın 11-də  gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. Qeyd edək ki, həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib. 

Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.

Onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P.Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.

R.Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub. 

Murad Əhməd