Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 640


İyunun 25-də Bakı şəhər sakini Vəfa Ələkbərova Nizami RPİ 24-cü PB-yə ərizə ilə müraciət edərək, həmin gün saat 18:30 radələrində, inzibatçı işlədiyi Vilayət İsmayılova məxsus Q.Qarayev prospektində yerləşən mağazadan 10 min manatın naməlum şəraitdə oğurlandığını bildirmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tovuz rayon sakini Zaur Cəfərov iyunun 26-da yaxalanmışdır.

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Ağamalıyev iyunun 26-da saxlanılmışdır. Məlum olmuşdur ki, o, «Binə» ticarət mərkəzində Bakı şəhər sakinləri Leyla Səfərovanın, Ruslan Səfərəliyevin, Emilə Məmmədovanın və 234 saylı xətt avtobusunda Asif Abdullayevin cibindən və əl çantasından pul, mobil telefon və sənədlər oğurlamışdır.

İyunun 26-sı saat 02:30 radələrində, Ş.Kamilov küçəsində, Bakı şəhər sakini Asəf Ağayev qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Arif İsgəndərov iyunun 26-da yaxalanmışdır.

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Tural Əlimov iyunun 26-da tutulmuşdur.

İyunun 25-də Z.Bünyadov prospektində Gürcüstan Respublikasının vətəndaşı Aftandil İsgəndərova məxsus «VAZ-2107» markalı avtomobildən şüşəni sındırma yolu ilə 2100 manat və 900 ABŞ dolları oğurlanmışdır. Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Tərlan Umudov, Mahir Abbasov və Rahib Sadıqov iyunun 26-da yaxalanmışdır.

Mayın 22-dən iyunun 6-dək olan müddətdə, A.Əlizadə küçəsində yaşayan Xeyransa Şahverdiyevanın mənzilindən 500 manat və qızıl-zinət əşyaları oğurlanmışdır. Nəsimi RPİ 20-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Məmmədov iyunun 26-da yaxalanmışdır.

İyunun 16-sı saat 00:20 radələrində, Vidadi küçəsində kirayədə yaşayan ABŞ vətəndaşı Amada Erikson və Böyük Britaniya vətəndaşı Celia Dakesi naməlum şəxslər tərəfindən döyülmüşlər. DİN BCAİ, Bakı şəhər BPİ CAİ, Yasamal RPİ CAŞ və 26-cı PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Adil Tağızadə və Roman Həsənov iyunun 25-də, Xırdalan şəhər sakini Vüsal Qurbanov iyunun 26-da yaxalanmışdır.

Nizami RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini Eldəniz Mirzəyevdən 12 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

İyunun 25-də 24 saylı xətt avtobusunda Bakı şəhər sakini Xuraman Mehdiyevanın əl çantasından pul və mobil telefon oğurladığına görə Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zöhrab Kəlfəliyev Nizami RPİ PPXB-nin əməkdaşarı tərəfindən yaxalanaraq 25-ci PB-yə təhvil verilmişdir.

İyunun 24-ü saat 21 radələrində, Gürgan qəsəbəsində Pirallahı qəsəbə sakini Azər Umarov idarə etdiyi «Mersedes» markalı avtomobili yolun kənarındakı beton dirəyə vurmuş, nəticədə sərnişini Bakı şəhər sakini Famil Məmmədov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilmiş və iyunun 25-də orada ölmüşdür.