Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 650

Martın 14-də Pirşağı qəsəbəsi 2 nömrəli sovxozda orada yaşayanlar Fuad Məmmədov İlqar Ellazovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq Sabunçu RPİ 15-ci PB-yə gələrək təslim olub.

Fevralın 20-nə keçən gecə Bakı şəhər sakini Zahir Mirzəyevə məxsus B.Nuriyev küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 320 manat və ərzaq məhsulları oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Zamiq Məmmədov martın 14-də tutulub.

Yanvarın 13-dən martın 9-dək olan müddətdə Bakı şəhər sakini Eduard Şamarayevə məxsus Zirə qəsəbəsində olan bağ evindən pəncərədən daxil olma yolu ilə simkart, elektrik və tikinti malları, yanvarın 26-da isə Zirə qəsəbə sakini Rəhim Kərimovun evinin zirzəmisindən açıq qapıdan keçmə yolu ilə 30 metr elektrik naqili və 2 ədəd su mühərriki oğurlanıb. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lerik rayon sakini Rəhim Həsənov martın 14-də saxlanılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Cənnət Məcidovdan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Martın 5-də 3-cü Alatavada yaşayan Zenfira Abdullayevanın mənzilindən qızıl-zinət əşyaları oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, zərərçəkmişin evində kirayədə yaşamış Könül Şirəliyeva martın 14-də tutulub.

Martın 14-ü saat 04:40 radələrində, Bakıxanov qəsəbəsində, Gürcüstan vətəndaşı Vüqar Vəliyev Bakı şəhər sakini Elşən Qəşəmzadənin idarə etdiyi «VAZ-2106» markalı avtomobilə əyləşib Sabunçu körpüsünün altında bıçaqla hədələyərək pul tələb edərkən, sürücü onu zərərsizləşdirib Sabunçu RPİ 12-ci PB-yə təhvil verib.
Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Vəliyev fevralın 26-da, Bakıxanov qəsəbəsində, Bakı şəhər sakini Məzahir Qəhrəmanovun idarə etdiyi «VAZ-2107» markalı avtomobilə əyləşib Aydəmirov küçəsində bıçaqla hədələyərək pul tələb edib, lakin M.Qəhrəmanov müqavimət göstərərək qaçıbdır. Martın 2-də Bakı şəhər sakini Səbuhi Cəfərovun taksi kimi idarə etdiyi «Şhevrolet» markalı avtomobilə əyləşib Sabunçu qəsəbəsi İ.Əfəndiyev küçəsinə sürdürmüş və orada bıçaqla hədə-qorxu gələrək 20 manatını alıb. Martın 13-də isə Bakı şəhər sakini Cavanşir Əliyevin taksi kimi idarə etdiyi «Mersedes» markalı avtomobilə əyləşərək Bakıxanov qəsəbəsi Sülh küçəsinə gəlmiş və orada ona məxsus olan mobil telefonu əlindən alaraq qaçıb.