Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 648

Fevralın 11-də naməlum şəxslər O.Əliyev küçəsində əvvəllər məhkum olunmuş Nurəddin Səmədova bıçaqla hədə-qorxu gələrək 320 manatını alıblar. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Flora Hüseynova, Tamilla Məmmədova və Masallı rayon sakini Ofelya Musayeva fevralın 12-də yaxalanıblar.

Fevralın 10-da Şərifzadə küçəsində yerləşən, Ülfət İsgəndərova məxsus mağazadan bir ədəd perferator oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev fevralın 12-də yaxalanıb.

Fevralın 11-nə keçən gecə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən, Tanrıverdi Quliyevə məxsus mağazadan pəncərəni sındırma yolu ilə 3000 manat, noutbuk və danışıq kartları oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Hilal Ağazadə və Bakı şəhər sakini Şamil Sadıqov fevralın 12-də yaxalanıblar.

Fevralın 9-u saat 19 radələrində Bakıxanov qəsəbəsi A.Pəri küçəsində qəsəbə sakini Qurban Ələkbərov mübahisə zəminində Qaraçuxur qəsəbə sakini Yusif Əliyevə ov tüfəngindən iki dəfə atəş açmaqla qətlə yetirərək hadisə yerindən qaçıb. Onun barəsində AR CM-in 120-ci maddəsi ilə cinayət işi açılaraq barəsində axtarış elan olunub. Sabunçu RPİ CAŞ və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qurban Ələkbərov fevralın 12-də yaxalanıb.

Fevralın 6-da M.X.Şərifli küçəsində yerləşən «Start» idman kompleksinin geyinmə otağında Bakı şəhər sakini Aydın İsmayılovun pulu və mobil telefonu oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Rəhimov tutulub və ondan 0,255 qram heroin aşkar edilib. Z.Rəhimovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı narkotik vasitəni ona satan əvvəllər məhkum olunmuş Əhəd Əliyev tutulmuş və ondan 0,240 qram heroin, 3 ədəd mobil telefon aşkar edilib. Daha sonra müəyyən edilib ki, Z.Rəhimov «Start» idman kompleksində Araz Babayevin də mobil telefonunu oğurlayıb. Bu istiqamət aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, o, fevralın 2-də Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən İdman-Sağlamlıq Mərkəzinin geyinmə otağından Şamil İsazadənin pulunu, Cavidan Mustafayevin, Hüseyn Qiyasovun, Əbdüləziz Aslanovun və Nihad Vəliyevin pulunu və mobil telefonunu oğurlayıb. Bundan başqa o, yanvarın 27-də Nərimanov rayonunda yerləşən «Gənclik ASC»nin futbol meydançasının geyinmə otağından Zaur Zamanovun və Əmrah Məmmədzadənin mobil telefonunu, Cəmşid Rzaquliyevin, Mirəfqan Sultanovun, Adnan Hacıyevin, Emil Əsgərovun, Orxan Əliyevin pulunu, Nicat Xəlilovun isə mobil telefonu və pulunu oğurlayıb.

Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Səfərəliyevdən Naqan tipli tapança aşkar edilib.